Ekskluziv
8915
24 Nov 2022 | 16:44

"Bu gün dünyanın heç bir ölkəsinə İlham Əliyev kimi uzaqgörən dövlət xadimi rəhbərlik etmir"

Sabah Azərbaycanımızın, bəlkə də dünyanın ən bənzərsiz məkanlarından olan Kəlbəcərin azadlığa qovuşmasının 2 ili tamam olur.
 
Moderator.az bununla əlaqədar əslən Kəlbəcərdən olan Cavid Qurbanovdan münasibət öyrənib:
"Ötən iki ildə itirdiklərimizin miqyasını, qazandıqlarımızın qiymətini saf-çürük etmək fürsətimiz oldu. Bir daha əmin olduq ki, Ulu Tanrı bu məmləkətə təkcə misilsiz gözəllikləri özündə əks etdirən müqəddəs yurd yerləri deyil, həm də bu torpaqları düşmənin qanlı caynağından məharətlə almağı bacaran qüdrətli dövlət başçısı, parlaq düha sahibi olan komandan, eyni zamanda bu komandanın sərəncamında olan minlərlə şir ürəkli igidləri də ərməğan edib. Mübaliğəsiz demək olar ki, bu gün dünyanın irili-xırdalı heç bir ölkəsinə İlham Əliyev kimi mahir, uzaqgörən dövlət xadimi rəhbərlik etmir. İlham Əliyevin bu dünyada tayı-bərabəri olmadığını təkcə 44 günlük Vətən Müharibəsi deyil, ötən 2 ildəki saysız-hesabsız görüşləri, apardığı yorucu və çətin danışıqlarda Azərbaycanımızın haqqını qorumaq üçün necə mücadilə aparması da bütün çalarları ilə ortaya qoydu.
Kəlbəcər kimi alınmaz qalanın, təbii səngərin savaşsız geri alınması isə dünyanın səkkizinci möcüzəsi hesab oluna bilər. O, təkbaşına savaşaraq 10 minlərlə soydaşımızı ölümün pəncəsindən almış oldu, bəlkə də Kəlbəcər uğrunda savaş aylarla, illərlə davam edə bilərdi və əməliyyatların aparılmasına milyardlarla vəsait xərclənərdi. Amma Ali Baş Komandan bu məsələdə də xilaskar obrazını təsdiqləmiş oldu, Kəlbəcərlə bərabər Laçın və Ağdamın da vəhşi qəbilənin əlindən xilas etdi.
Bu gün işğaldan azad olunmuş torpaqlarımzda irimiqyaslı abadlıq-quruculuq işləri aparılır. Hamımızda belə bir əminlik var ki, viran qoyulmuş yurd yerlərimiz tezliklə öz sakinlərinin geri dönüşünə şahidlik edəcək və qüdrətli Azərbaycanımız Ulu Öndərin dediyi kimi yenidən bölgəyə, yerləşdiyimiz coğrafiyaya bir günəş kimi doğacaq. Kəlbəcərlilər cənab prezidentin misilsiz xidmətlərini hər zaman sonsuz minnətdarlıqla xatırlayır və neçə ki, müstəqil Azərbaycan dövləti var, hamımız Ali Baş Komandanın bu millətsevərliyini unutmayacağıq. Yaşasın müzəffər Ali baş Komandan! Yaşasın müstəqil və qüdrətli Azərbaycan! Qarabağ və Zəngəzur Azərbaycandır!"
Link kopyalandı!
Son xəbərlər