“Amaliya Pənahova rəhmətə gedəndən sonra qızı məni çağırdı ki...”
3586
24 Nov 2022 | 09:38

“Amaliya Pənahova rəhmətə gedəndən sonra qızı məni çağırdı ki...”

“Ağasadıq Gəraybəyli hazırladığım tamaşada 90 yaşında səhnəyə çıxırdı”
 
“Amaliya Pənahova Akademik Milli Dram Teatrının aktrisası olub. Teatrdan Sofiya Bəsirzadə, Məhluqə Sadıqova, Muxtar Avşarov və s. böyük sənətkarları uzaqlaşdıranda Amaliya xanım böyük mərhəmət göstərərək onları Bakı Bələdiyyə Teatrına dəvət etdi. Həmin sənətkarlar bu teatrda uzun müddət gözəl obrazlar yaratdılar”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Bakı Bələdiyyə Teatrının baş rejissoru Mərahim Fərzəlibəyov deyib. O daha sonra əlavə edib.
 
“Aktyoru teatrdan kənarlaşdırmaq olmaz. Yaşlı aktyorlar teatrlara lazımdır, cavanlara örnəkdir. Moskva teatrlarında 80 yaşlı aktyorlar tam ştatda çalışır. Eşidə bilməzsiniz ki, 80 yaşlı sənətkarı yaş həddinə görə orada teatrdan uzaqlaşdırıblar. Hətta əlil arabasında aktyoru gətirib səhnəyə qoyub gediblər. Aktyorun yeri səhnədir və o 90 yaşında da rol oynaya bilər, 100 yaşında da. Elə peşələr var ki, orada 65 yaşında pensiyaya çıxarmaq olar ki, yerinə yeniləri gəlsin. Amma incəsənətdə elədir ki, aktyor son dəqiqəsinə qədər səhnədə olmalıdır, yaşına görə deyil. Həmin aktyorlar öz gənclik illərini o teatrda keçirib, onu niyə səhnəyə həsrət qoymalısan ki? Əlbəttə ki, söhbət sağlam aktyorlardan gedir. Əgər aktyorun yaddaşı yerindədirsə, o qoca yaşlarında da işləyə bilər. Mənim hazırladığım “Xurşudbanu Natəvan” tamaşasında 90 yaşlı qoca Knyaz rolunu Ağasadıq Gəraybəyli oynayırdı. Gözləri az faiz görürdü. Mərhum aktyorumuz Telman Adıgözəlov qolundan tutub onu səhnəyə çıxarırdı, gedəndə də onu maşınla yola salırdılar. Aktyorun taleyi o öləndən sonra başlayır. O aktyorlar talelərini səhnə ilə bağlayıblar” deyə xalq artisti bildirib.
 
Xalq artisti Bakı Bələdiyyə Teatrının 30 illik yubileyindən də danışıb.
 
“Bakı Bələdiyyə Teatrı 1992-ci ildə yaradılıb. O vaxt bu teatrda 100-ə yaxın tamaşaya quruluş verilmişdi. Teatrda həm klassik, həm də müasir əsərlərə üstünlük verilib. Bu teatra 4 ildir ki, gəlmişəm. İlk dəfə teatrda Cumhuriyyətin 100 illiyi ilə əlaqədar olaraq “Şanlı vətən” adlı bir əsər üzərində işlədim. Amaliya xanım bu əsərə gözəl münasibət bəsləyirdi. Çox təəssüf ki, Amaliya xanım erkən dünyasını dəyişdi. Amaliya xanımın qızı anasının ölümündən sonra məni teatra işə dəvət etdi. Mən də sevərək qəbul etdim. Teatrın 30 illik yubileyi sanki mənim yubileyim idi. Çünki mən Amaliya xanımı 40 ildir ki, tanıyırdım. Bakı Bələdiyyə Teatrı hər zaman döyüşən teatr rolunu oynayıb. Çünki bu teatr cəbhə bölgələrində konsert proqramları ilə çıxış edib. Yubiley gecəmiz “Ürəyim Şuşada qaldı” tamaşası ilə baş tutdu. Biz bu yubileyə adi yubiley kimi yanaşmadıq. İstəmədik ki, digər teatrlar bizi təbrik etsin. Ona görə də xüsusi tamaşa hazırladıq” deyə xalq artisti bildirib.
Link kopyalandı!
Son xəbərlər