3659
22 Nov 2022 | 09:25

"Traktor hərbi posta yolverilməz dərəcədə yaxın məsafəyə yanaşırsa, o, hədəfə çevrilir...”

"Əsgər traktorda kimin; doğrudan da erməni kəndlinin,  yoxsa  maskalanmış hərbçinin olduğunu bilə bilməz..."
 
Son həftələr erməni mənbələri guya Qarabağda kənd təsərrüfatıyla məşğul olan ermənilərin təmas xəttindəki Azərbaycan hərbçiləri tərəfindən atəşə tutulması haqda informasiyalar yayır. Hər dəfə Azərbaycan Müdafiə Nazirliyi bunu təkzib edir.  Separatçı rejim nümayəndələri isə qeyd ediblər ki, guya atəş altında olmalarına baxmayaraq, Qarabağ kəndlərinin erməni sakinləri  "kənd təsərrüfatı işlərini davam etdirirlər, çünki onların ailələrinin rifahı bundan asılıdır". 
 
Moderator.az xəbər verir ki,  mövzu ilə bağlı "Azərbaycan tərəfi daim təxribatlar gözləyir və təmas xəttində istənilən hərəkəti diqqətlə izləyir", -deyən “Hərbi zabitlər” QHT-nin rəhbəri Telman Əbilov "Kavkazski uzel" müxbirinin diqqətini son vaxtlar Qarabağda atışmaların artmasına, erməni silahlıları tərəfindən atəşkəsin pozulmasına yönəldib.
 
“Azərbaycanın Müdafiə Nazirliyi Qarabağda kənd təsərrüfatı texnikasının atəşə tutulması ilə bağlı xəbərləri təsdiqləmir. Ancaq hərbi idarənin hesabatlarına diqqət yetirsəniz, son vaxtlar Qarabağda Azərbaycan mövqelərinin atəşə tutulması tez-tez baş verir, ermənilər hərbi mövqelərini gücləndiriblər. Üstəlik, bu, müxtəlif istiqamətlərdə - Ağdamda, Xocalıda, Xocavənddə, Füzulidə baş verir. Adamda belə bir təəssürat yaranır ki, erməni tərəfi burada vəziyyəti gərginləşdirməyə çalışır. Bu, İrəvanın “Qarabağ məsələsi”ni yenidən canlandırmaq üçün diplomatik səyləri ilə üst-üstə düşür. 2020-ci il müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması beynəlxalq danışıqların predmetinə çevrildi və Qarabağ ermənilərinin gələcəyi Azərbaycanın daxili məsələsinə döndü. İndi Ermənistan Qərbdəki və ilk növbədə Fransadakı havadarlarının köməyi ilə Qarabağ erməniləri məsələsini beynəlxalq gündəmə qaytarmağa cəhd edir. Digər tərəfdən, Rusiya da regionda nüfuzunu saxlamağa və bundan ötrü Qarabağ separatçılarından istifadə etməyə çalışır. Bu kontekstdə rusiyalı milyarder Ruben Vardanyanın Qarabağda peyda olması və Ermənistan qoşunlarının Qarabağdan tam çıxarılması ilə bağlı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın şərtlərinə əməl edilməməsi ilə bağlı Kremlin düşünülmüş mövqeyi nəzərə alınmalıdır" - deyə T.Əbilov bildirib.
 
"Ona görə də,- deyə o, davam edib, - beynəlxalq diqqəti cəlb etmək üçün Azərbaycanı yeni hərbi əməliyyatlara təhrik etməyə cəhdlər edilir. Əlbəttə, Azərbaycan hərbçiləri maksimum təmkin nümayiş etdirməyə çalışır. Bununla belə, onlar birbaşa mövqelərinin yaxınlığında təhdidlərin yaranmasına reaksiya verməyə bilməzlər. Əsgər traktorda kimin; doğrudan da erməni kəndlinin,  yoxsa  maskalanmış hərbçinin olduğunu bilə bilməz. Əgər düşmənin texnikası(bu halda ermənilərin traktoru-S.L.) hərbi posta yolverilməz dərəcədə yaxın məsafəyə yanaşırsa, o, hədəfə çevrilir”, - deyə hərbi ekspert vurğulayıb.
 
Sultan Laçın
Link kopyalandı!
Son xəbərlər