Sabiq nazirin kitabında 20 noyabr Qarakənd helikopter faciəsi haqda ilginc faktlar açıqlanır...
31 il öncə -1991-ci il noyabrın 20-də baş vermiş Qarakənd helkopter faciəsi Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra keçən ilk ayda müstəqil dövlətçliyimizə böyük zərbə vurmaqla xalqımızın sonrakı taleyini dəyişmiş bir hadisə oldu. Bu günədək 20 noyabr faciəsi haqda müxtəlif şahid ifadələri söylənib, cürbəcür ziddiyyətli fikir və mülahizələr səsləndirilib...

1988-1992-ci illərdə ölkə rəhbərlərinin tapşırıqlarına əsasən Qarabağ ərazisində ərazilərimizin işğaldan müdafiəsi naminə aktiv fəaliyyət göstərmiş sabiq Ədliyyə naziri və Prezidentin Qarabağ üzrə keçmiş səlahiyyətli nümayəndəsi(aprel-iyun 1992-ci il) Əlisaab Orucov “Mübarizəmiz Qarabağdadır” adlı kitabının “Qarakənd faciəsinin təşkilatçısı” adlı bölməsində bəhs edilən faciəyə xeyli dərəcədə fərqli baxış və münasibət nümayiş etdirir. Keçmiş nazir buna qədər öz iştirakçısı və şahidi olduğu hadisə və proseslər, həmçinin bilavasitə 20 noyabr faciəsi məkanında olmuş şahidlərin söylədikləri əsasında, demək olar ki, qəti şəkildə belə nəticəyə gəlir ki, həmin ərəfələrdə Qarabağa nəzarət edən Respublika Təşkilat Komitəsinin rəhbəri olmuş 1988–1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının ikinci katibi kimi çalışmış Viktor Polyaniçko olub...
Aktuallığını nəzərə alaraq Azərbaycan mediasına ilk dəfə təqdim olunan sözügedən materialı dəyərli Moderator.az oxucularının diqqətinə çatdırırıq:
“1991-ci il noyabrın 20-də Qarakənd faciəsi baş verdi. Azərbaycanın hökumət rəhbərlərini Qaradağlı kəndinə aparan vertolyot Qarakənd kəndi üzərində məhv edildi. Azərbaycanın dövlət adamları həlak oldu. Bu, Polyaniçkonun ermənilərlə birlikdə Azərbaycan dövlətinə və xalqına qarşı törətmiş olduğu növbəti terror aktı idi. Həlak olmuş insanların əksəriyyəti Polyaniçkonun dövlətçiliyimizə qarşı Dağlıq Qarabağda törətmiş olduğu cinayətlərin şahidi olanlar idi. Belə adamların həyatda sağ qalıb yaşamaları, hər an Polyançkonun səxsində Moskvanın Qarabağda bizə qarşı olan xəyanətkar siyasətinin ifşa olunması üçün təhlükə yarada bilərdi...
Vertolyot hadisəsindən təxminən iki ay əvvəl Polyaniçko şayiə yaymışdı ki, Dağlıq Qarabağ erməniləri guya o, azərbaycanlıları müdafiə etdiyinə görə, onu düşmən adlandırıb həyatına sui-qəsd etmişdilər. Belə ki, onun iş otağını qumabaratan mərmisi ilə vurub darmadağın dağıtmışdılar. Halbuki, Polyaniçko kabinetində olmayanda özü qumbaraatandan otağına atəş açdırıb darmadağın etdirmişdi. O, həmin hadisədən sonra Dağlıq Qarabağda qalmasının qeyri-mümkün olduğunu bəyan edərək qərargahını Xankəndindən Ağdama köçürməyə nail olmuşdu...

Polyaniçkonun bu sözlərinə bir anlığa inanmaq da olardı. Lakin o, Xankəndini tərk edəndən az müddət sonra Dağlıq Qarabağ ərazisində Qarakənd faciəsi baş verir... Bəs necə oldu ki, o, Xankəndinə və Qarakəndə hadisə yerinə gedə bildi?! Özü də düşmən adlandırdığı ermənilərə tapşırıqlar və göstərişlər verdi və onlar da onun tapşırıqlarını yerinə yetirdilər?! O, hadisə yerini ermənilərin vasitəsilə nəzarətə götürərək bir neçə saat ərzində baş vermiş hadisəni gizli saxladır və həmin əraziyə heç kimin buraxılmasına icazə vermirdi... Polyaniçko Ağdamda fəaliyyət göstərdiyi dövrdə də, Dağlıq Qarabağdakı xidmətini davam etdirir, lazım gəldikdə ora gedib-gəlirdi...
Polyaniçkonun Xankəndindəki kabinetinə mərmi atdırması onun növbəti hiyləsi idi. Ona artıq ermənilərin Qarabağda azərbaycanlılara qarşı kütləvi şəkildə törədəcəyi cinayətlərə, yəni vilayətin azərbaycanlılardan təmizlənməsi prosesinə kənardan rəhbərlik etməsini və həmin mərhələdə orada olmamasını vacib və məqsədəuyğun hesab edirdi. Onun bu hərəkətləri Moskvanın həmin proseslərdə iştirakının olmamasını sübut etməyə yönəldilmişdi...
O ki, qaldı 20 noyabr vertolyot faciəsinə, Azərbaycan Respublikasının o vaxtkı Dövlət Katibi Tofiq İsmayılovun komissiya üzvləri ilə birlikdə noyabrın 20-də Bakıdan Ağdama gələcəyini Polyaniçko artıq noyabrın 19-da bilirdi. Maraqlıdır ki, bu barədə sovet ordusunun Ağdam aeroportunda yerləşən hərbi hissəsinin komandiri S.Popovun da məlumatı var idi. Hadisədən bir gün əvvəl Popovun Xankəndində yaşayan arvadını Ağdama – öz yanına bizə məxsus vertolyotla gətizdirməsini təşkil etməsi onun Polyaniçko ilə əlbir olmasından xəbər verir. T.İsmayılovgilin hadisə yerinə uçacaqlarına əvvəlcədən əmin olan Polyaniçko, noyabrın 20-ə planlaşdırdığı terror aksiyasını həyata keçirməklə, onların uçduğu vertolyotu məhv etdirmişdir.
Bununla respublikamıza və Azərbaycan xalqına cinayətkar hərəkətləri ilə mühüm zərbə vuran V.Polyaniçko böyük imkanları hesabına bu cinayətin izini itirməyə nail oldu. Moskvanın ekspertiza laboratoriyasının mütəxəssislərinin vertolyotun “qara qutu”sunun guya yararsız olması haqda rəy verməsi də həmin məqsədə xidmət edirdi...
Bundan sonra Dağlıq Qarabağda olan erməni-rus silahlı birləşmələri vilayətdə yaşayan azərbaycanlı əhaliyə qarşı silahlı hücuma keçərək onların hamısının vilayətdən çıxaırılmasına nail oldular...
Beləliklə, Moskva Dağlıq Qarabağla bağlı erməniələrin xeyrinə olan məkrli və cinayətkar siyasətinin bu mərhələsini Polyaniçkonun vasitəsilə başa çatdırdı...
1991-ci ilin 20 noyabrında baş vermiş vertolyot faciəsi ilə bağlı Ağdam polisi idarəsinin keçmiş rəisi İslah Paşayevin söylədiklərindən:
(Davamı var)
Təqdim və şərh etdi:
Sultan Laçın