4305
18 Nov 2022 | 12:55

"Əminəm ki, Rusiyanın hər bir hərbi cinayəti və terror zərbəsi öz hüquqi qiymətini alacaq..."

Rusiya və Ukrayna Haaqa məhkəməsinin "Boeing 777" ilə bağlı hökmünə münasibət bildirib
 
"Haaqada baş verən məhkəmə işinin dünya məhkəmə icraatı tarixində ən qalmaqallısı olmaq şansı var..."
 
"Rusiya hakimiyyəti Haaqa məhkəməsinin qərarını tanımır, çünki Rusiya tədqiqatdan kənarlaşdırılıb və o, qərəzli və birtərəfli aparılıb..."
 
"Bu qərar təkcə günahkarlara deyil, həm də Ukraynaya qarşı təcavüzkar müharibəyə başlayan Rusiya dövlətinə aiddir..."
 
Niderlandda baş verən məhkəmə işinin dünya məhkəmə icraatı tarixində ən qalmaqallısı olmaq şansı var.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirliyi Haaqa məhkəməsinin 2014-ci ilin iyulunda Ukraynanın şərqində Malayziyaya məxsus "Boeing 777" təyyarəsinin qəzaya uğraması barəsində iş üzrə Rusiyanın iki və Ukraynanın bir vətəndaşına çıxardığı hökmü ilə bağlı bəyanatında deyilir.
 
 
Rusiya XİN hesab edir ki, məhkəmə prosesinin nəticələri sübut edir ki, "onun əsasında Haaqa və Birgə istintaq qrupu üzrə silahdaşlarının Rusiyanın bu faciədə əli olması barədə versiyanın irəliyə aparılması üçün siyasi sifariş dayanıb".
 
"Baxmayaraq ki, ölkəmiz bu prosesdə tərəf deyil, Hollandiya prokuroluğu işi hər vəchlə başqa cür təqdim etməyə səy göstərib. Məhkəməyə isə statist rolu ayıraraq, ittiham hökmünə müvafiq sübutlar bazası və ziddiyyətli faktları uyğunlaşdırmaq tapşırılıb. Göründüyü kimi, holland femidası bunun öhdəsindən gəlib", - Rusiya XİN bəyanatında deyilir.
 
Hüquq-mühafizə orqanlarındakı mənbə "İnterfaks" agentliyinə məlumat verib ki, mühakimə edilən iki rusiyalı Niderlanda təhvil verilməyəcək.
 
"Rusiya Federasiyasının Konstitusiyası Rusiya vətəndaşlarının xarici dövlətlərə verilməsinə birbaşa qadağa müəyyən edib. Məhz ona görə də hər iki məhkum edilən şəxs təhvil verilməyəcək", - nəşrin həmsöhbəti deyib.
 
O, həmçinin qeyd edib ki, Rusiya hakimiyyəti Haaqa məhkəməsinin qərarını tanımır, çünki Rusiya tədquqatdan kənarlaşdırılıb: "Rusiya tərəfi məhkəmənin hökmünü əsasız hesab edir, çünki ilkin tədqiqat birtərəfli və qərəzli aparılıb. Rusiya tərəfinin bütün dəlilləri əsassız olaraq rədd edilib".
 
Ukraynanın rəsmi şəxsləri isə, əksinə, Haaqa məhkəməsinin qərarını alqışlayıb, lakin qeyd edib ki, təkcə cinayətkar əmrin icraçılarını mühakimə etməklə kifayətlənmək olmaz.
 
"Haaqa mühüm qərar çıxarıb. MH17 qəzasında günahkarlara ilk hökmlər çıxarılıb. Lakin müttəhimlər kürsüsündə həm də sifarişçilər əyləşməlidir, çünki cəzasızlıq hissi yeni cinayətlərə yol açır", - bunu Ukrayna prezidenti Vladimir Zelenski özünün "Twitter" səhifəsində yazıb.
 
"Bütün qatillər və cəlladlar mühakimə ediləndə, onların komandirləri və siyasi havadarlarına ədalətli hökm veriləndə bu, uzunmüddətli sülhün möhkəm əsasını yaradacaq. Tez və ya gec günahkarlar həbsxanaya salınacaq", - Zelenski deyib.
 
O, vurğulayıb ki, bu qərar təkcə günahkar hesab edilən üç nəfərə aid deyil, bu, həm də Ukraynaya qarşı müharibəyə başlayan Rusiya dövlətinə aiddir.
 
"Rusiya bu faciə barəsində çox yalanlar danışıb, lakin həlledici faktlar müəyyən edilib. Bu gün icraçılar mühakimə edilib, daha yüksək səviyyəli günahkarların da mühakimə edilməsi üçün əsas yaradılıb. O adamların ki, onlar Ukraynaya qarşı təcavüzə görə tam məsuliyyət daşıyır, bu ilkin cinayət 2014-cü ildən raşistlər tərəfindən törədilən bütün cinayətlərə rəvac verib", - Zelenski deyib.
 
"Mən əminəm ki, Rusiyanın hər bir hərbi cinayəti, hər bir terror zərbəsi özünün hüquqi qiymətini alacaq. Haaqada qəbul edilən qərar buna sübutdur", - dövlət başçısı vurğulayıb.
 
Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib: " Haaqa məhkəməsinin hökmü təkcə Rusiya terroru qurbanlarının ailələri üçün vacib deyil. Bu, Rusiyanın hərbi cinayətkarları, o cümlədən Rusiyanın indiki prezidenti üzərində gələcək məhkəmə üçün mühüm hüquqi presedentdir. Şər cəzalandırılmalıdır".
Link kopyalandı!
Son xəbərlər