“Şuşanın Kiçik Qaladərəsi kəndində ermənilərin tunel qazması haqda məlumatımız yoxdur...”
Ekskluziv
6288
16 Nov 2022 | 14:12

“Şuşanın Kiçik Qaladərəsi kəndində ermənilərin tunel qazması haqda məlumatımız yoxdur...”

1988-ci ildə Bakıdan qiymətli geoloji sənəd və nümunələr qaçıran Azərbaycan Geologiya Nazirliyinin əməkdaşı qoca erməni geoloq Arsen Saturov Qarabağda neft yatağı “tapmışdı”mı?- ETSN rəsmisi cavablandırır...
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN)Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Azər Şükürovla Moderator.az üçün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun işğaldan azad edilmiş ərazilərindəki  nadir metal və digər faydalı qazıntı yataqları barədəki maraqlı söhbətimizdə bir az da konspiroloji hesab edilən informasiyaları müzakirə etdik...
 
“Laçının Kalafalıq kəndində Narzanlı civə yatağı aşkarlanmışdı və xeyli müddət kəşfiyyat işləri getdi... Civə olan yerdə uranın da olması ehtimal oluna bilər, çünki onlar qohum elementlərdir...”
 
 
-Azər müəllim, məktəb illərində şahidi olduğum bir olayı da xatırlayıram... Təxminən 1981-1982-ci illərdə, mənim hələ Laçın rayonunun Ağanus kənd orta məktəbində oxuduğum dövrdə bir dəfə kəndimizin ərazisinə geoloqların gəlməsi xəbərləri yayıldı. Həmin vaxt onlar Ağanusdakı Turşsu mineral bulağı yaxınlığında, eləcə də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə yaxın ərazilərdə də kəşfiyyat işləri aparmışdılar. Və deyilənə görə, Turşsu yaxınlığındakı dərələrdən birində qazdıqları kəşfiyyat quyusunu bağlayıb, möhürləyib getmişdilər. Həmin vaxt şayiə yayıldı ki, guya kəndin şimal hissəsində qızıl, cənub hissəsində isə uran yatağı aşkar edilib və buna görə yaxın müddətdə Ağanus və eləcə də ətraf kəndlərdəki əhali köçürülməlidir... O da maraqlıdır ki, sanki kimlərsə bəlkə də mənasız yerə, amma qəsdən əhalidə köç əhval-ruhiyyəsi yaratmağa çalışırdı... Siz Laçın rayonunu tədqiq edən geoloji ekspedisiya ilə birgə Ağanus kəndi ərazisində də olmuşdunuzmu? Orada hansısa faydalı qazıntı yataqları təzahürləri aşkarlanmışdımı?
 
-Bəli, dediyiniz ərazilərdə də olmuşam. Yadımdadır ki, Ağanus ətrafında üzlük daşlar aşkarlanmışdı. Ancaq metal əlamətlərinə rast gəlinməsini xatırlamıram. Bilirsiz, hər hansı ərazidə istər qızıl, istərsə də uran yataqlarının mövcudluğu yerüstü əlamətlərdən bəlli olmur... Amma ümumiyyətlə, təzahürlərdən söhbət gedirsə, Laçın ərazisində indiyədək 200-ə yaxın müxtəlif faydalı qazıntının təzahürləri aşkarlanıb. Bəlkə də indi yeni geoloji tədqiqatlar aparılsa, aşkarlanmış belə təzahürlərin sayı 300-ə çata bilər... Fakt odur ki, işğaldan azad olunmuş bölgələr arasında Laçın yataqların sayına görə birinci yerdədir: 40 yataq rəsmən qeydə alınıb...
 
-Konkret olaraq Laçın rayonunun hazırda hələ də  Rusiyanın “sülhməramlı” kontingentinin gündəlik məsuliyyət zonası xəritələrindəki “Laçın dəhlizi” ərazisinə daxil edilən Ağanus kəndindəki Turşsu mineral bulağının yaxınlığındakı geoloji kəşfiyyat işlərində iştirak etmisiz? Orada nə tapılmışdı?
 
-Mən o vaxt Laçının demək olar ki, hər yerində oldum... Fingə kəndindən başlamış Əhmədli kəndinədək... Narzan tipli turşsu mineral bulaqları olduğundan “Narzan” adlanan Nağdalı kəndində, Kalafalıqda da olmuşdum. Kalafalıqda Narzanlı civə yatağı aşkarlanmışdı və xeyli müddət kəşfiyyat işləri getdi... Civə olan yerdə uranın da olması ehtimal oluna bilər, çünki onlar qohum elementlərdir. Amma o vaxt Laçında belə bir hal təsdiqlənməmişdi... 
 
-O da yadımdadır ki, Laçın rayonunun Ağanus kəndi ətrafına geoloqlar gəldikdən sonra, demək olar ki, bu kənddəki dağın əks tərəfində Şuşa rayonunun qonşu Kiçik Qaladərəsi kəndinə yaxın ərazidə qazıntılar aparılmış, tunel vurulmuşdu. O faydalı qazıntı şaxtasında  bizim kəndin gənclərindən də fəhlə kimi işləyənlər vardı. Amma dəqiq bilmirdilər ki, oradan nə çıxır, deyirdilər ki, nəsə parıltılı filizlər görünür, onları tuneldən toplayıb naməlum istiqamətə daşıyırlar... Lakin Qarabağda separatçı erməni hərəkatı başlanana yaxın, təxminən 1987-ci ildə işlər dayandırılmış və həmin tunelin ağzı bağlanıb möhürlənmişdi... Bəlkə erməni mənbələri “Berdzorda qızıl var” deyəndə Laçına yaxın olduğu üçün elə həmin məkanı nəzərdə tuturlar?..  Sovet dövründə Şuşa rayonu ərazisində hansısa filiz, metal yatağı qeydə alınmışdımı? 
 
-Xeyr. Rəsmi məlumatlara görə, Şuşa rayonunda belə yataq, mədən yoxdur. Şuşada əsasən üzlük daş əhəng, sement xammalı, gil yataqları var, Turşsu da daxil olmaqla bir neçə mineral bulaq mənbəyi mövcuddur. Ümumilikdə, rəsmən rayon ərazisində 8 yataq qeydə alınıb... Yəni mən rəsmi məlumatı deyirəm. İnşallah, Laçın, Kəlbəcər kimi, Şuşada da təkrar geoloji kəşfiyyat işləri aparılar və yeni yataqlar da kəşf edilər. Çünki o zona, zəngin, filizləşmiş zonadır...
-Lakin mən sonradan, təxminən 1988-ci ildə Kiçik Qaladərəsi kəndi yaxınlığında ağzı bağlanmış tuneli öz gözlərimlə görmüşdüm...
 
-Yenə deyirəm ki, qeyd etdiyiniz ərazidəki qazıntılar, orada tunel vurulması barədə heç bir rəsmi məlumatım olmayıb, indi də yoxdur... Bəlkə ermənilər həmin tuneli başqa məqsədlər üçün qazırmışlar... İnşallah, bu mövzuyla maraqlanaram, hər hansı bir rəsmi məlumat olsa, sizə də çatdıraram...
 
-Azər müəllim, hələ 2013-cü ildə Rusiya mediasına əsasən  belə bir diqqətçəkən məlumat ələ etmişdik. Məlumatdan bəlli olurdu  ki, 1930-cu illərdən bəri SSRİ hökumətinin kobalt filizinin və nadir torpaq elementlərinin axtarışı üçün xüsusi tapşırıqlarını yerinə yetirən  və 1970-1980-ci illərdə  Azərbaycan SSR Geologiya Nazirliyində işləyən təcrübəli filizçi-geoloq, Azərbaycan SSR-in əməkdar geoloqu və geologiya-minerologiya elmləri namizədi Arsen Arşakoviç Saturov 1988-ci ilin dekabrında Azərbaycanı tərk edib və özü ilə oğurladığı qiymətli geoloji sənəd və nümunələri aparıb.  Həmin materiallar müxtəlif illərdə müxtəlif geoloji ekspedisiyalar tərəfindən Azərbaycanın keçmiş Dağlıq Qarabağ və ətraf Daşkəsən, Goranboy, Göygöl, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarında aparılmış geoloji axtarış işlərinin nəticələrinə aid olub... Erməni geoloqun oğurladığı sənədlərə əsasən Qarabağ ərazisində neft yataqları da mövcuddur. Guya bu torpaqlarda 250-300 mln. ton civarında neft ehtiyatları olduğu ehtimal edilir... Sizin Qarabağda neft ehtiyatları olması barədə məlumatınız olubmu?..
 
- Bəli, sovet dövründə Azərbaycan geologiyasında ermənilər işləyib... Amma Qarabağda neft yataqları olması barədə heç bir rəsmi fakt və ya sənəd yoxdur. Düzdür, Hadrutda daş kömür yatağı var və neftlə kömür qohum olduğu üçün ermənilər belə bir iddia irəli sürə bilərlər...
 
-Bəhs edilən materialda deyilir ki, guya  sovet dövründə bir neçə il Yuxarı Araz ekspedisiyasına rəhbərlik etmiş digər təcrübəli erməni geoloqu Harri Akopoviç Osipovun şahidliyinə görə, Cəbrayıl rayon mərkəzindən 5 km cənub-qərbdə yerləşən 2 nömrəli kəşfiyyat quyusunda yüksək təzyiqli və normal parametrli neft aşkar edilib...
 
-Bilirsiz, yenə deyirəm, bu deyilənlərin heç bir rəsmi əsası yoxdur.  Ermənilər Qarabağı özününküləşdirmək, xaricdən dəstək almaq üçün, xarici investorları şirnikləndirmək üçün belə şayiələr yaya bilərlər...  
 
-O da diqqəti cəlb edir ki, materialda Qərbin də bu məsələ ilə maraqlandığı bildirilir. Sözügedən sənədlər 1988-ci ildə Bakını tərk edən qoca erməni geoloq Saturov tərəfindən elə həmin günlərdə də düşmən ölkənin- Ermənistanın Geologiya İdarəsinin fonduna təhvil verilmişdir. 1992-1993-cü ilin qışında isə bu məxfi sənəd Ermənistan hökumətinin məsul vəzifəli bir məmuru tərəfindən cəmi 2 min dollara bir ABŞ vətəndaşına satılmışdır... Nəticədə SSRİ-nin süqutundan sonra, xüsusən 2000-ci illərdə  ABŞ-dakı Con Hopkins adına universitetdə Azərbaycanın Qarabağ və Naxçıvan əraziləri üzrə xüsusi geoloji tədqiqatlar aparılmış və belə nəticəyə gəlinmişdir ki, bu yerlərdə qiymətli yeraltı sərvətlərin dairəsi və həcmi daha böyükdür. Guya Araz vadisində 145-200 mln. ton neft və 250 mlrd. kub m qaz ehtiyatı olan 3 yataq mövcuddur. Bundan əlavə, hər birində 7-8 mln. ton neft və 10-20 mlrd . kub.m qaz olan 15-20 kiçik yataqlar olduğu da ehtimal olunur...
 
-Ermənilər hər cür cəfəng məlumat uydurmaqda ustadırlar... Onu da deyim ki, Azərbaycan neft mütəxəssisləri dünyada birincidir. Ola bilməz ki, azərbaycanlı geoloqlar Qarabağda neft yatağı olduğunu bilməsin,  ancaq bir erməni bilsin...
 
- Erməni geoloqun oğurladığı sənədlərə əsasən, 1945-ci ildə sovet hökumətinin xüsusi tapşırığı ilə Sevan (Göyçə)-Murovdağ silsiləsində nadir torpaq elementlərinin axtarılmasına başlanılıb. Nəticədə həmin ərazidə bir sıra qiymətli, əlvan və aşqarlanmış metalların təzahürləri tapılıb. Kəlbəcər, Laçın və Qubadlı rayonlarında 500-550 ton qızıl, 2700 ton gümüş, Kəlbəcərdə təxminən 875 min ton, Qubadlıda 450 min ton, Laçında 300 min ton mis ehtiyatı olduğunu təsdiqləyən nümunələr də aşkarlanıb... Yəni  sözügedən sənədlərdə Kəlbəcər, Qubadlıyla yanaşı, Laçın rayonu ərazisində qızıl ehtiyatı olmasının göstərilməsi söhbətimizin əvvəlıində müzakirə etdiyimiz bu günlərdə “Hraparak” qəzeti tərəfindən guya Laçında 50 milyard dollarlıq qızıl yatağı olması məlumatıyla bir növ uyğunlaşır...
 
-Əlimizdə olan rəsmi məlumatlarda işğaldan azad rayonlarımızdan yalnız Kəlbəcər və Zəngilanda qızıl yataqları olduğu barədə artıq hamıya bəlli olan məlumatlar var. Amma bir daha təkrar edirəm: Laçın rayonu, həmçinin Qubadlı rayonu ərazisində qızıl olması haqda məlumat təsdiqini tapmayıb... Əgər gələcəkdə keçiriləcək geoloji kəşfiyyat işləri nəticəsində Laçın ərazisində də  qızıl yatağı aşkarlanarsa, bu haqda mediaya mütləq rəsmi məlumat veriləcək...
 
Sultan Laçın
 
 
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər