“1981-ci ildə Laçının bu kəndinə 65 xarici ölkə alimi niyə gəlmişdi?”- ETSN rəsmisi danışır...
Ekskluziv
6806
15 Nov 2022 | 17:53

“1981-ci ildə Laçının bu kəndinə 65 xarici ölkə alimi niyə gəlmişdi?”- ETSN rəsmisi danışır...

“Həmin ekspedisiya zamanı Laçının Vağazin kəndi yaxınlığında qızıl təzahürləri aşkarlanmışdı... Ancaq...”
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN)Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Azər Şükürovla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun işğaldan azad edilmiş ərazilərindəki  nadir metal və digər faydalı qazıntı yataqları barədəki maraqlı söhbətimizdə bir az da konspiroloji hesab edilən informasiyaları müzakirə etdik...
 
 -Azər müəllim, bu günlərdə Ermənistanın "Hraparak" nəşri erməni jurnalist Nairi Xoxikyana istinadla belə bir məlumat yayıb:
"Böyük qızıl ehtiyatlarından biri Qarabağdadır, biz Mardakerti(Ağdərə-S.L.)də  çox yaxşı tanıyırıq. Berdzorda(Laçında-S.L.) 50 milyard dollarlıqdan çox qızıl ehtiyatı olan nəhəng qızıl mədəni var".
Erməni jurnalistin sözlərinə görə,  həmin yatağı Laçın rayonu işğaldan azad olunduqdan sonra Azərbaycan hökuməti aşkarlayıb...
Ermənilərin bu məlumatı hansı siyasi məqsədlərlə yayması başqa söhbətin mövzusudur. Bəs siz bilavasitə sözügedən mövzularla məşğul olan dövlət qurumunun  rəhbər nümayəndəsi kimi Laçın rayonu ərazisində qızıl yatağının aşkarlanması ehtimalı haqda hansısa rəsmi məlumata maliksinizmi?
 
- Bilirsiniz, erməni mənbələri müxtəlif məqsədlərlə hər cür dezinformasiya yaya bilər.  Əlimizdə olan rəsmi məlumat isə ondan ibarətdir ki, sovet dövründə, yəni 1990-1991-ci ilədək Laçın rayonu ərazisində rəsmən cəmi 40 adda yataq kəşf olunub. Onlar arasında qızıl yatağı yoxdur. Amma təzahürlər var ki, onlar da hələ tam təsdiqini  tapmayıb. Təzahür nə deməkdir? Tutaq ki, hansısa dağın bir hissəsindən qızılın əmələgəlmə nümunələri götürülür və ehtimal olunur ki, həmin yerdə qızıl ola bilər… 
44 günlük müzəffər savaşımız nəticəsində işğal altındakı torpaqlarımızın, o cümlədən Laçın rayonunun əksər ərazisinin azad olunmasından sonra,  2020-ci ilin sonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları işğaldan azad ərazilərdə montorinq apardı. Həmin monitorinq də mən də iştirak etdim. Monitorinq zamanı müəyyən olundu ki, işğal dövründə ermənilər tərəfindən  Zəngilan rayonundakı Vejnəli qızıl yatağında qanunsuz istismar aparılıb və 2,1 tona yaxın, Kəlbəcərdəki qızıl yataqlarında isə təxminən 45 ton qızıl hasil edilib. Laçın rayonu ərazisində işğalçılar yalnız bir qum-çınqıl yatağını istismar ediblər. Rayondakı digər hansısa yataqda iş aparılması müəyyən olunmayıb. Ancaq öncə dediyim kimi, Laçın rayonu ərazisində qızıl yatağı olması ehtimalları var. Hələlik isə bu ərazidə rəsmən qızıl yatağı qeydə alınmayıb. Yəqin ki, rayon ərazisi minalardan tam təmizləndikdən sonra orada təkrar olaraq  geoloji kəşfiyyat işləri aparılacaq. Allah eləsin, ermənilərin dedikləri təsdiq olunsun...
 
-Erməni mənbələri  Laçın rayonu ərazisində hətta uran yataqları olduğunu deyirlər... 
 
-Laçın rayonu ərazisində qızıl yataqları kimi, uran yataqlarının olması haqda da heç bir rəsmi sənəd yoxdur. Buna da ehtimallar ola bilər. Sovet dövründə də geoloji kəşfiyyat işləri aparıldıqdan sonra hansısa ərazidə hər hansı bir yataq olması tam elmi təsdiqini tapandan sonra o haqda informasiya həm Azərbaycandakı geoloji fondda, həm də Moskvadakı ittifaq geoloji fondda saxlanılırdı.  Müstəqillik illərində də isə həmin fond geoloji informasiya və arxiv fondu adlanmaqla  ETSN nəzdinə daxil edilib. Və həmin fondda da belə bir məlumat yoxdur...
 
-Ancaq, yəqin ki,  II Qarabağ savaşından sonra apardığınız monitorinqlər zamanı hələki Rusiya “sülhməramlı” kontingentinin nəzarətində qalan “Laçın dəhlizi” deyilən əraziyə baxış apara bilməyibsiz?
 
-Bəli, o ərazilərdə hələki ciddi monitorinq aparılmayıb. Yalnız Laçın şəhəri yaxınlığında, Həkəri çayı dərəsində ermənilərin işğal dövründə qum-çınqıl yatağını istismar etdiyi müəyyən olunub...
 
-Bildiyimizə görə, siz özünüz Laçın rayonunda anadan olmusuz?
 
-Bəli, mən Laçın rayonunun Bülövlük kəndində doğulub boya-başa çatmışam. 1980-ci illərdə də elə məhz Laçın rayonu ərazisində geoloqlarla işləmişəm. Bu sahəyə böyük həvəsim olduğu üçün Moskva Dağ-mədən institutuna daxil olmağa hazırlaşırdım. Ona görə də Laçın rayonu ərazisindəki geoloji ekspedisiyaya rəhbərlik edən və əsasən qiymətli və əlvan daş təzahürləri ilə maraqlanan  tanınmış geoloq Müzəffər Cümşüdovdan məni fəhlə kimi işə götürmələrini xahiş etdim.  O da razılıq verdi və mən bir müddət geoloqlarla birgə Laçın rayonunun əksər kəndlərindəki geoloji kəşfiyyat işlərində iştirak etdim.  Yadımdadır ki, həmin ekspedisiya zamanı Laçının Vağazin kəndi yaxınlığında qızıl təzahürləri aşkarlanmışdı... Ancaq bu ərazidə yataq olması faktı aşkarlanmayıb və rəsmi təsdiqini tapmayıb... 
 
Moskva Dağ-mədən institutunu bitirdikdən sonra 1992-ci ilin mayınadək,  yəni Laçın ərazisinin işğalınadək Hoçaz dağında mərmər karxanasının direktoru kimi çalışmışam...
 
İnşallah, dediyim kimi, yəqin ki, tezliklə Laçın rayonu ərazisində də geoloji kəşfiyyat işləri bərpa olunacaq və yeni yataqlar da kəşf ediləcək. Və təbii ki, həmin yeniliklər də mətbuatdan gizlin saxlanmayacaq...
 
-1980-ci illərin əvvəllərində Laçın rayonunun  Bülüldüz və İpək kəndlərinin ərazisinə 40-dən çox xarici ölkədən alim və mütəxəssislər gəlməsi haqda informasiyalar var. Həmin ərazidə xüsusən İpək kəndi yaxınlığında günlərlə qazıntılar aparılıb. Sonradan bütün kəşfiyyat quyuları və ya tunellərinın ağzı bağlanıb, möhürlənib və həmin alimlər gəldikləri kimi də gediblər. Sözügedən ərazidə məhz hansı faydalı qazıntı yatağının və ya təzahürünün tapılması haqda heç bir rəsmi məlumat verilməyib. Sadəcə, el arasında müxtəlif maraqlı şayiələr yayılıb: guya orada uran yatağı aşkarlanıb, yaxud ipək kimi uzanan qeyri-adi süxur tapılıb. Bir versiya da ondan ibarət idi ki, guya İpək kəndində ən qədim insan sivilizasiyalarından birinin qalıqları aşkarlanıb... Üzərindən 40 ildən çox zaman keçsə də, Azərbaycanda heç bir mütəxəssis Laçında baş vermiş həmin olayın əsl mahiyyətini açıqlamayıb... Siz həmin illərdə gənc olsanız da, Laçın ərazisindəki geoloji kəşfiyyat işlərində iştirak etmisiz. O dövrdə və ya sonralar bu mövzuda hər hansı bir məlumatınız olubmu?
 
-Təxminən 1981-ci ildə Laçın ərazisinə belə bir ekspedisiyanın gəlməsinin şahidi olmuşam. Özüm  dediyim kimi, Laçın rayonunda doğulmuşam. Və həmin vaxt rayon ərazisindəki geoloji ekspedisiyaların tərkibində fəhlə kimi çalışırdım... Konkret mövzuya keçməmişdən öncə hələlik Laçın haqqında digər qeyri-adi bir ehtimalı söyləmək istəyirəm... 
 
Səhv etmirəmsə, 2004-cü ildə Moskvadan təyyarədə xarici ölkələrdən birinə uçarkən təsadüfən Rusiyanın “NLO”(NUO-Naməlum Uçan Obyektlər-S.L.) jurnalında Laçın haqqında çox maraqlı bir yazı oxudum. Həmin yazıda qeyd olunurdu ki, guya Adəm peyğəmbərin Allah tərəfindən Cənnətdən qovulduqdan sonra Yer üzündə göndərildiyi ilk məkanın Laçın rayonu ərazisində Hoçaz çayı ilə Həkəri çayının qovşağının olmasının əlamətləri tapılıb. Və bununla bağlı dünya alimləri tərəfindən 1980-1981-ci ildə Laçın sakinlərindən qan analizləri götürülmüş, onların adət-ənənələri öyrənilmişdir. Bütün bu öyrəndiklərimə əsaslanıb bəzən çox yerdə yarızarafat-yarıgerçək deyirəm ki, Adəm peyğəmbər laçınlıdır. Belə əlamətlərin daha iki yerdə: Şri-Lanka və İraq ərazisində tapıldığı söylənilir... 
 
Konkret olaraq siz dediyiniz fakta gəlincə, bəli, yadımdadır ki, 1981-ci ildə 65 xarici ölkədən alimlər gəlib Büluldüz kəndində çadırlar qurub tədqiqat aparırdılar. Mən onların yanında olmuşdum. İpək kəndindəki geoloji qazıntılarda da iştirak etmişdim. O vaxt oradakı müzakirələrdən sızan söhbətlərdən belə məlum olurdu ki, həmin alimlər kosmik gəmi və peyklər vasitəsilə aparılmış müşahidələr əsasında o ərazidə uran yataqları olması qənaətinə gəlmişdilər. Amma mən sonradan öyrəndiyim məlumatlara əsasən ehtimal edirəm ki,  o tədqiqatçılar Laçına məhz Adəm peyğəmbər məsələsinə görə gəlibmişlər. Həm də ona görə ki, sovet dövründə uran kimi strateji elementin yataqlarının axtarışıyla bağlı heç bir xarici ölkədən nümayəndə gəlməsinə icazə verilməzdi... Odur ki, zənnimcə, xarici alimlərin Laçına gəlməsinin əsas səbəbinin orada qədim insan məskənlərindən birinin olması ehtimalı ilə bağlı olması daha uyğundur. Çünki əgər çox uzaqda olmayan Azıx mağarası dünyanın ən qədim yaşayış məskənlərindən biri olubsa, deməli, belə bir məkan Laçında da ola bilər və Adəm peyğəmbər məhz oraya gələ bilərdi...
 
-Azər müəllim, bəs həmin 65 ölkədən gəlmiş alimlər İpək kəndi ərazisində qazıntı işləri aparmışdılarmı? Çünki o vaxt şayiə yayılmışdı ki, guya ərazidə nəsə qeyri-adi, ipək kimi uzanan bir süxur, yaxud uran aşkarlanıb. Lakin sonradan tunel və ya quyuların ağzı bağlanaraq möhürlənib...
 
-Düzü, Büluldüzdə çadırda qalan əcnəbi ailimlərin əllərində çəkic-filan tədqiqat işləri ilə məşğul olduqlarını görməmişdim. Ancaq yaxınlıqdakı Kalafalıq kəndində civə yatağı açkarlanmış və həmin kəşfiyyat quyularının ağzı bağlanmışdı. Yəqin ki, dediyiniz şayiələr bununla bağlı yayılıb...
 
Bilirsiz, sovet dövründə müttəfiq respublikalarda, o cümlədən Azərbaycanda da hər şey Moskvanın icazəsi ilə edilirdi. Əgər hər hansı bir yerdə hansısa məxfi iş görülürdüsə, onun detalları barədə yalnız Moskvadan gələn rəhbər nümayəndələr və respublikanın, məsələn, Azərbaycanın birinci şəxsi məlumatlı ola bilərdi...
 
(Davamı var) 
 
Sultan Laçın
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər