Məsuliyyət hissi
"...“Zalıma kömək etməyin, yoxsa atəş sizə də toxunar” deyilir, zalım olmaq bir yana, yardım edənə də xəbərdarlıq edilir. Əgər nə vaxtsa, kiməsə zülm etmişəmsə, və ya buna səbəb olmuşamsa, halım necə olacaq? Məsuliyyəti idrak belə olmalıdır..."
Öz hərəkət və işlərinə görə cavab vermək, onların nəticələri üçün cavabdehliyi öz üzərinə götürmək məsuliyyət adlanır. Öz vəzifələrinin şüurunda olan, bu şüurla işlərini görən və əməllərinin nəticəsinə görə, cavabdeh olduğunu bilən insana məsuliyyətli insan deyilir.
يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا اتَّقُوا اللَّهَ وَلْتَنْظُرْ نَفْسٌ مَا قَدَّمَتْ لِغَدٍ وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ .لَا تَكُونُوا كَالَّذِينَ نَسُوا اللَّهَ فَأَنْسَاهُمْ أَنْفُسَهُمْ أُولَئِكَ هُمُ الْفَاسِقُونَ.لَا يَسْتَوِي أَصْحَابُ النَّارِ وَأَصْحَابُ الْجَنَّةِ أَصْحَابُ الْجَنَّةِ هُمُ الْفَائِزُونَ .لَوْ أَنْزَلْنَا هَذَا الْقُرْآَنَ عَلَى جَبَلٍ لَرَأَيْتَهُ خَاشِعًا مُتَصَدِّعًا مِنْ خَشْيَةِ اللَّهِ وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ
“Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır! O şəxslər kimi olmayın, onlar Allahı unutdular, Allah da onları özü özlərinə unutdurdu (öz xeyirlərini başa düşmədilər). Onlar (Allahın itaətindən çıxmış) fasiqlərdir! Cəhənnəm əhli ilə cənnət əhli eyni ola bilməz. Cənnət əhli nicat tapıb (əbədi) səadətə qovuşanlardır! Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın əzəməti qarşısında qorxusundan parça-parça olduğunu görərdin (halbuki ağıl və ruh sahibi olan insan onun öyüd-nəsihətlərindən ibrət almır). Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünələr.” ( Həşr, 59/18-21) [1]
İnsan özünü unudanda Yaradandan uzaqlaşar və yolunu azar. Özünü unutmaq yaradılış qayəsini, Allahın insanı nə üçün yaratdığını, bu dünyadakı məqsədini, vəzifəsini unutmaqdır. Yaradılış qayəsinin şüurunda olmaq, bunu dərk etmək bizdə məsuliyyət duyğusunu formalaşdırır. Mən kiməm? Bu dünyaya nə üçün göndərilmişəm? Məndən istənilən nədir? Əgər bu suallara uyğun cavab tapsaq şüurlu yaşamış olarıq.
Bəli, düşünərək yaşayırıqsa, atdığımız hər addımın məsuliyyətini dərk ediriksə, təbii ki, bu suallara düzgün cavab verə bilərik. Ancaq etdiklərimizin fərqində deyiliksə, günün necə keçməsini gözləyiriksə, sadəcə müəyyən çətinliklərlə qarşılaşanda bu sualları düşünürüksə, deməli, şüurlu yaşamırıq. Bu isə özünü müsəlman hesab edib inandığı zənn etmək, əslində isə heç bir şeyin fərqində olmamaq, şüursuzca həyat yaşamaq deməkdir.
أَلَمْ يَأْنِ لِلَّذِينَ آَمَنُوا أَنْ تَخْشَعَ قُلُوبُهُمْ لِذِكْرِ اللَّهِ وَمَا نَزَلَ مِنَ الْحَقِّ وَلَا يَكُونُوا كَالَّذِينَ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلُ فَطَالَ عَلَيْهِمُ الْأَمَدُ فَقَسَتْ قُلُوبُهُمْ وَكَثِيرٌ مِنْهُمْ فَاسِقُونَ
“İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı?! Onlar özlərindən əvvəl kitab verilən kimsələr (yəhudilər və xaçpərəstlər) kimi olmasınlar. Onlarla (öz peyğəmbərləri arasında) uzun bir müddət keçmiş və (öyüd-nəsihəti unutduqları üçün) qəlbləri qatılaşmışdır. Onların çoxu (Allaha asi olan) fasiqlərdir!”[2]
Bu ayənin nazil olma səbəbi ilə əlaqəli müxtəlif rəvayətlər, ancaq ən məşhur olanı belədir. Abdullah ibn Məsud (r.a.) nəql edir: “Müsəlman olandan dörd il sonra Allah-Təala bizi yuxarıdakı ayə ilə məzəmmət etdi.”[3] Ayənin nazil olduğu dövr İslam dinin yayılmağa başladığı ilk illər idi. Bu ayə “mən bütlərdən üz döndərdim, bir olan Allaha iman etdim sözünü açıq-aşkar deməyin çətin olduğu dövrdə nazil olmuşdur. Həmin dövrdə İslamı təbliğ etmək hər kişinin işi deyildi. Buna baxmayaraq Allah tərəfindən xəbərdarlıq gəlmişdi. Bu ayədən hərəkətlə deyə bilərik ki, bu günkü müsəlmanlara çox iş düşür.
İslam dinində məsuliyyətə böyük əhəmiyyət verilir. Qərbli üçün məsuliyyət “Sənin işlədiyin günahları rahib təmizləyər, kilsəyə get, etiraf et qurtul” şəklindədir. Hind dinlərində isə reankarnasiya inancı əsas götürülür. Bu inanca görə ruh ölmüş bir bədəndən digər canlının bədəninə keçir. Buna görə də kimin məsuliyyət daşıdığını tapmaq çətindir. Bu mənada İslam xaricindəki bütün dinlərdə və inanc sistemlərində məsuliyyət duyğusundan danışmaq yersizdir. Ciddi şəkildə məsuliyyət hissini aşılayan yalnız İslamdır.
İslam dininə görə hər kəs öz qədərini yaşayar və o qədərlə Allahın hüzuruna çıxar, yaxşı-pis gördüyü işlərə görə hesaba çəkilər. مَنِ اهْتَدَى فَإِنَّمَا يَهْتَدِي لِنَفْسِهِ وَمَنْ ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَى “Doğru yol tutan yalnız özünə xeyir, haqq yoldan azan da ancaq özünə zərər edər. Heç kimsə başqasının günahını daşımaz, hərə öz günahına cavabdehdir.”[4] Bu xüsusda da hökm sahibi ancaq Allahdır.
لَّيْسَ بِأَمَانِيِّكُمْ وَلَا أَمَانِيِّ أَهْلِ الْكِتَابِ ۗ مَن يَعْمَلْ سُوءًا يُجْزَ بِهِ وَلَا يَجِدْ لَهُ مِن دُونِ اللَّهِ وَلِيًّا وَلَا نَصِيرًا . وَمَن يَعْمَلْ مِنَ الصَّالِحَاتِ مِن ذَكَرٍ أَوْ أُنثَىٰ وَهُوَ مُؤْمِنٌ فَأُولَٰئِكَ يَدْخُلُونَ الْجَنَّةَ وَلَا يُظْلَمُونَ نَقِيرًا
“Allahın vəd etdiyi mükafat (Cənnətə daxil olmaq) nə sizin, nə də kitab əhlinin arzusu ilə deyildir. Pislik edən şəxs, onun cəzasını görəcək və o, Allahdan başqa özünə nə bir dost, nə də bir imdada yetən tapacaqdır! Mömin olmaqla bərabər, yaxşı işlər görən kişilər və qadınlar Cənnətə daxil olarlar. Onlara xurma çərdəyi qədər haqsızlıq edilməz!”[5]
“Öncə ən yaxın qohum-əqrəbanı xəbərdar et!”[6] ayəsi nazil olunca Allah Rəsulu (s.a.s.) yaxın qohum-əqrəbasını Əbu Qubeys təpəsinə dəvət etmişdi. Onlara belə demişdi:
“Ey Qureyş əhalisi! Mən sizə bu dağın ətəyində və ya bu vadidə düşmən atlıları var, üstünüzə hücum edib mallarınızı qəsb edəcək desəm mənə inanarsınızmı?” Toplaşanlar “bəli inanarıq” deyincə, Allah Rəsulu sözünə belə davam etmişdi:
O halda mən indi sizə, önünüzdə şiddətli bir əzab günü olduğunu, Allaha inanmayanların o çətin əzaba düçar olacaqlarını xəbər verirəm. Mən sizi o çətin əzabdan uzaqlaşdırmaq üçün göndərilmişəm.
Ey Qureyşlilər! Mənim indiki vəziyyətim düşməni görən və ailəsinə zərər verəcəyindən qorxan və onlara xəbər vermək üçün tələsən adamın halı kimidir.
Ey Qureyş camaatı! Siz yatdığınız kimi bir gün öləcəksiniz. Yuxudan oyandığınız kimi də diriləcəksiniz. Bu həqiqətdir ki, qəbirdən qalxıb Allahın hüzuruna çıxacaqsınız və bu dünyada etdiyiniz hər əməlinizin hesabını verəcəksiniz. Nəticədə xeyir və ibadətlərinizin mükafatını, pis işlərinizin də cəzasını və şiddətli əzabını görəcəksiniz! Mükafat əbədi bir cənnət, cəza isə daimi cəhənnəmdir.”[7]
Allah Rəsulu (s.a.s.) nitqinə belə davam etdi:
“Hər kəs öz qədərini yaşayar, hər kəs Allahın hüzuruna öz məsuliyyəti ilə çıxar.
Ey Qureyş camaatı! Özünüzü əbədi əzabdan qurtarmağa çalışın! Aqibətinizin nə olacağını düşünün.! Allah dərgahında sizin üçün heç bir şey edə bilmərəm.
Ey Əbdi-Mənaf oğulları! Aqibətinizin nə olacağını düşünün. Başınız Allah dərgahında sizin üçün heç bir şey edə bilmərəm.
Ey Əbdulmüttəlibin oğlu Abbas! Aqibətinin necə olacağını düşün! Allah dərgahında sənin üçün heç bir şey edə bilmərəm.
Ey Rəsulullahın bibisi Safiyyə! Aqibətinin necə olacağını düşün! Allah dərgahında sənin üçün heç bir şey edə bilmərəm.
Ey Muhammədin qızı Fatimə![8] Aqibətinin necə olacağını düşün! Malımdan nə istəyirsən istə, Allah dərgahında sənin üçün heç bir şey edə bilmərəm.”[9]
Mənqibə olaraq hekayət olunur ki, Rəsulullahın qızı Hz. Fatiməni (r.anha) qəbirə qoyarkən insanlar: “Ey yer, həddini bil, bağrına əmanət etdiyimiz Peyğəmbərin qızıdır” dedilər. Qeybdən gələn səsdə “bura nəsəb yeri deyil, hesab yerdir” sözləri eşidilir.
Bəli, aləmlərə rəhmət olaraq göndərilən son elçi Həzrət Muhamməd (s.a.s.) səadət əsrinin rəhbəri olaraq bəşəriyyətə həqiqi məsuliyyətin nə olduğu bu cür bildirirdi. Hər kəs Allahın hüzurunda öz məsuliyyətinin hesabını verəcək. Dünən gördüyümüz işlər bu gün bizi qurtarmayacaq. Dünən üzərində olduğumuz düz yoldan, istiqamətdən bu gün ayrılmışıqsa, kənara çıxmışıqsa, sabah məhşərdə bunun hesabını verəcəyik. Çünki müsəlman son nəfəsinə qədər doğru yolda olmadan məsuldur. Möminin qulluq şüuru ömür boyu davam edir.
Məsuliyyət deyərkən də bunu anlayırıq.
Məsuliyyət hissinin iki yönü vardır: hər kəsin üzərinə düşən vəzifəni dərk etməsi; digəri isə Haqqa qulluğun ağırlığından belin bükülməsi, əldən gəldiyi qədər bunu yerinə yetirilməsi.
Rəsulullah (s.ə.s) bir hədisində belə buyurur: “Əgər mənim bildiyimi bilsəydiniz, çox ağlayar, az gülərdiniz.”[10] Eyni hədis Tirmizi və İbn Macənin əsərində isə bu əlavələr var: “Evlərinizi, yumşaq döşəkləriniz tərk edər, dağ başlarına çıxar və Allaha sığınardınız.” Müslimin “Səhih”ində isə belə bir əlavə var. Allah Rəsulu (s.a.s.) ona gələn bir xəbər üzərinə söhbət etdi, Cənnət və Cəhənnəmin Ona ərz olunduğunu, xeyir və şər adına belə bir gün yaşamadığını bildirdi.
Şübhəsiz ki, Peyğəmbərimiz (s.a.s.) bizim bildiyimizdən fərqli çox şey bilirdi. O (s.a.s.), Allaha daha yaxın idi. Ona görə də bəzən Allahdan məzəmmət eşidəcəyini düşünür və rəngi qaçırdı. Hər şeyi çox yaxşı götür-qoy edirdi.[11] Xəbardarlıq verilən ayələr qarşısında bənizi saralıb-solurdu.[12] Ona görə də çox həssas yaşayır və: “Bildiyimi bilsəydiniz, çox ağlayar, az gülərdiniz.” – deyirdi.
Demək istəyirdi ki, kaş, Allahın əzəmətini biləydiniz. Sizə xitab etməklə nə qədər dəyər verdiyini anlayaydınız. Biləydiniz ki, O, kainatda başqa canlılar yox, məhz sizə xitab edib. Onun dərgahında sizin yeriniz mələklərdən də üstündür. Biləydiniz ki, bütün varlıqlar arasında hər mənada Allahın sənətini ən yaxşı əks etdirən güzgülər sizsiniz… Bəli, bunu bilsəydiniz çox ağlayar, az gülərdiniz. İsti yataqlarınızı tərk edər, dağlara çıxardınız, ağzınıza qoyduğunuz loğma qırtlağınızdan aşağı keçməzdi, suyu rahat uda bilməzdiniz. Tirmizidəki rəvayətdə Allah Rəsulu (s.a.s.) sözünü belə tamamlayır: “Ah, kaş odun olaydım! Odun olsaydım məni kəsib-ишбши, evlərin damında istifadə edərdilər. Kaş insan olmasaydım.” O öz üzərinə düşəni haqqı ilə yerinə yetirmişdi. Onun bu sözləri əslində bizim məsələni dərk etməyimiz üçündür.
Allahın Rəsulu (s.a.s.) çətin olsa da məsuliyyətinin ağırlığını həmişə çiyinlərində hiss edirdi. Hud surəsi nazil olandan bir müddət sonra saqqalındakı ağ tüklər artmağa başladı. Həzrət Əbu Bəkir (r.a.) bir gün Rəsulullahdan soruşdu:
– Ey Allahın Rəsulu, saqqalın son günlərdə çox ağarmağa başlayıb? Böyük məsuliyyətin sahibi cavab verir:
– Şəyyəbətni Hud! ( Hud surəsi məni qocaltdı! )Təkrar soruşur:
– Hansı ayə? Rəsulullah cavab verir:
– فَاسْتَقِمْ كَمَا أُمِرْتَ Nə artıq nə əksik, sənə əmr edildiyi kimi, düz yolda[13] ol![14]
Bu hadisə göstərir ki, O, vəzifə və məsuliyyətini elə səviyyədə idrak etmişdi ki, saqqalı ağarmağa başlamışdı.
Həmin ayədən sonrakı ayə belədir:
“Zülm edənlərə (rəğbət bəsləməklə, kömək göstərməklə) meyl etməyin, yoxsa atəş sizə də toxunar”[15] Rəvayət olunur ki, Abbasi xəlifələrindən Müvəffiq Billah yatsı namazını camaatla qılarkən imam bu ayəni oxuyur. Ayənin eşidən xəlifə yerə yıxılır. Bir anda ortalıq qarışır. Hər kəs xəlifəyə sui-qəsd ehtimalından danışarkən, o özünə gəlir və belə deyir:
– Heç kəsi günahlandırmayın. Bu ayəni eşidib əhvalım dəyişdi və yıxıldım. Görmürsünüzmü, “zalıma kömək etməyin, yoxsa atəş sizə də toxunar” deyilir, zalım olmaq bir yana, yardım edənə də xəbərdarlıq edilir. Əgər nə vaxtsa, kiməsə zülm etmişəmsə, və ya buna səbəb olmuşamsa, halım necə olacaq? Məsuliyyəti idrak belə olmalıdır.
İnanaraq haqq yolunda addımlayan həqiqi mömin həyatı boyu ya işlədiyi bir günahın və ya Allahın əzəmətinə uyğun onu tanıya bilməməyin vicdanında buraxdığı iztirabı həmişə hiss etməlidir. Bu duyğunu həyatında istiqamət qazanmaq üçün çox qüvvətli təkanverici güc kimi görməlidir.
Yuxarıda İnsanlığın İftixarının həyatından bəzi məqamlara toxunduq. Məsuliyyət hissinin əhəmiyyəti dərk edən qəhrəmanlardan biri də səhabələrin sonuncusu sayılan Həzrət Vəhşinin həyatından nümunə verək. Beləcə əsri-səadətdə insanlığın yüksəldiyi məqamı, məsuliyyət hissinin necə hakim olduğunu anlamağa çalışaq.
Mənbələr və izahat:
[1] Həşr, 59/18-21.
[2] Hədid, 57/16.
[3] Müslim, Təfsir, 24.
[4] İsra surəsi, 17/15
[5] Nisa, 4/123-124.
[6] Şüəara, 26/214.
[7] Buxari, Təfsir, 26; Müslim, İman, 348-355; Əhməd ibn Hənbəl, I, 281-307; İbn-i Sad, I, 74, 200; Bəlazuri, I, 119
[8] Belə nəql edirlər ki, Həzrət Fatiməni qəbrə qoyarkən oradakılar: “Ey yer həddini bil, sənə əmanət etdiyimiz Rəsulullahın qızıdır” – deyirlər. Qəbirdən bir səs eşidilir: “Burası nəsəb yeri yox, hesab yeridir.”
[9] Buxari, Vəsayə, 1; Təfsir, 26/2.
[10] Buxari, Küsuf 2, Təfsir (5) 12, nikah 107,Riqaq 27, Qədər 16, Yəminlər 3; Müslim, Fəzail 134; Tirmizi, Zöhd 9, İbn Macə Zühd 19; Əhməd ibn Hənbəl, Müsnəd 3/102.
[11] Tirmizi, Təfsiru (56) 6; Münavi, Feyzul-qədir 4/169.
[12] Ənam surəsi, 6/52; Ənfal surəsi, 8/67-69; Tövbə surəsi, 9/43; İsra surəsi, 17/73-75; Kəhf surəsi, 18/2; Əhzab surəsi, 33/37.
[13] Hud 11/112
[14] Tirmizi, Təfsir, 56/3297;
[15] Hud, 11/113.
Meneviyyat.az