"Türkiyə atəşin dayandırılmasının təmin edilməsi üzərində yorulmadan işləyən ən fəal ölkələrdən biridir..."
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya qoşunlarının Ukraynanın işğal edilən Xersondan çıxarılmasını Rusiyanın müsbət addımı adlandırıb.
Moderator.az xəbər verir ki, bu barədə o, Özbəkistana səfəri ərəfəsində keçirdiyi brifinqdə bəyan edib.
Məlumatı Türkiyənin hökumətyönlü "Daily Sabah" qəzeti yayıb.
Ərdoğan qeyd edib ki, Türkiyə Ukrayna ilə Rusiya arasında vasitəçi rolunu oynamaqda davam edir və müharibənin danışıqlar yolu ilə başa çatması üçün səylər göstərir.
"Müharibənin dəqiq bitməsi tarixini, əlbəttə, demək mümkün deyil. Lakin Rusiyanın Xersonla bağlı son qərarı, əlbəttə, pozitiv və vacib addımdır", - Ərdoğan deyib.
O, əlavə edib ki, G20 sammiti zamanı, iştirak edəcəyi təqdirdə, Rusiya ilə danışıqlar aparmağı planlaşdırır.
"Əks halda biz Rusiya ilə telefon diplomatiyasından istifadə edəcəyik. Biz ümid edirik ki, mediatorluqda uğur qazana biləcəyik", - Türkiyə prezidenti əlavə edib.
"Türkiyə atəşin dayandırılmasının təmin edilməsi üzərində yorulmadan işləyən ən fəal ölkələrdən biridir.
Onun vasitəçi kimi incə və balanslı yanaşması, hər iki döyüşən tərəflərlə rabitə kanallarını açıq saxlaması məsələnin diplomatik həllinə və Ukrayna böhranında sülhə nail olunmasına ümid qığılcımı yaradır.
Türkiyə müharibəyə son qoymaq üçün səylərinə görə geniş tərifə layiqdir", - qəzet yazıb.