"Rusiya qoşunlarının Donetsk vilayətinin Pavlovka şəhəri yaxınlığında uğursuzluğu Ukraynanın cənubundakı işğalçı qruplaşmasının dəmir yolu ilə tədarükünü təhdid altında qoydu və onları Xersondan çəkilməyə məcbur etdi..."
"Düşmən çox məkrli və rəzildir. Onun geri çəkildiyini düşünə bilərik, amma zirzəmilərdə atəş yuvalarını təchiz edib canlı qüvvə və texnika ilə pusquda gözləyə bilər..."
"Krım körpüsünün dağıdılmasından sonra Rusiya ordusunun Ukraynanın cənubundakı qruplaşması üçün Volnovaxa vasitəsilə Xersona gedən dəmir yolu xətti ilə təchizat kəsilə bilər. İndi bu nəqliyyat yoluna Ukrayna artilleriyasının "əli" çatır".
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bunu hərbi ekspert və Prezident ofisinin müşaviri Aleksey Arestoviç rusiyalı hüquq müdafiəçisi və bloqçu Mark Feyqinlə söhbətində bildirib.
Ekspert qeyd edib ki, indiyədək işğalçıların cənub qrupu, o cümlədən xersondakılar lazımi təchizatı iki yolla - Krım körpüsü və Volnovaxadan keçən dəmir yolu vasitəsilə alıb.
“Volnovaxadan Uqledara 36 kilometr, Pavlovkaya isə daha yaxındır. Yəni bizim qoşunlar 10 km-i keçib və Volnovaxanı uzaqməsafəli deyil, artıq səhra artilleriyası ilə vura bilir. Bu, rusların bütün cənub qrupunun tədarükünün sonu deməkdir”, - Arestoviç belə deyib.
Onun sözlərinə görə, məhz Pavlovkadakı uğursuzluq Rusiya üçün Xersondan qoşunların çıxarılması barədə qərar verməkdən ötrü son nöqtə oldu.
“Krım körpüsü işləmir və Rusiya ordusunun Ukrayna qoşunlarını Pavlovkadan uzaqlaşdıra bilməməsi Ukrayna Silahlı Qüvvələrinin bu təchizat xəttini kəsəcəyi deməkdir. Yəni, işğalçıların bütün cənub qrupunu təmin etməyə imkan verən dəmir yolu xətti işləməyəcək”, - deyə ekspert yekunlaşdırıb.
Xatırladaq ki, Donetsk vilayətində Baxmut-Avdeyevka-Uqledar xətti cəbhənin ən qaynar hissəsidir.
Bu arada bəzi Ukrayna hərbi ekspertləri, o cümlədən Pyotr Çernik Xerson ətrafındakı hazırkı vəziyyətin Ukrayna ordusu üçün tələ ola biləcəyini istisna etmir.
"1995-ci ilin yanvarında ruslar Qroznıya hücum edəndə də oxşar hadisə baş verdi. Dörd böyük Rusiya kolonu Qroznıya daxil oldu, mərkəzə çatdı, Cövhər Dudayevin sarayını aldı. Çeçenlər isə şəhərdə gizləndilər, əsas keçidləri bağladılar və kiçik qruplar şəklində rusları məhv etdilər. Ruslardan 5000-ə qədər öldürüldü, 5000-ə yaxın yaralandı, 260-dan çox texnika məhv edildi”, -deyə P.Çernik xatırladıb.
O, Ukrayna vətəndaşlarına gözləntiləri qabaqlamamağı tövsiyə edib.
“Sağlam düşüncə qələbəmizin açarıdır. Əminəm ki, ordumuz hər şeyi düzgün anlayır. Düşmən çox məkrli və rəzildir. Onun geri çəkildiyini düşünə bilərik, amma zirzəmilərdə atəş yuvalarını təchiz edib canlı qüvvə və texnika ilə pusquda gözləyə bilər. Mənim müəyyən şəxsi təcrübəm var və başa düşürəm ki, şəhərdə döyüşmək cəhənnəmdir”, - Pyotr Çernik belə deyib.
Prezident ofisi rəhbəri A.Arestoviç isə belə fikirlərlə, ümumiyyətlə, Rusiya ordusunun Xersonu öz istəyi ilə tərk etməsi düşüncəsini qəti şəkildə rədd edir.
"Gəlin düzgün danışaq: Rusiya ordusu Xersonu tərk etmir, Ukrayna Müdafiə Qüvvələri tərəfindən Xersondan çıxarılıb. O, ağır döyüşlərlə, itkilərlə, metodik olaraq düşmənin müdafiəsini "çeynəmək"lə, keçidlərlə işləməklə, sərt və qanlı hərbi zəhmətlə çıxarılır”, – deyə Arestoviç vurğulayıb.
Sultan Laçın