Ekskluziv
3266
30 Oct 2022 | 08:01

"Nəfsini, arzu-istəyini özünə rəhbər edənlərin aqibətini dünən də, bu gün də görməkdəyik..." 

Quran və Sünnənin həyatımızda yeri...
 
"Quran insana bütün ehtiyacının gerçək mənbəyini göstərməklə onun məxluqatın dilənçiliyindən qurtaran bir rəhbər oldu..."
 
Qərib bir ölkəyə, tanımadığı bir yerə səyahət edən hər kəs, orada rahatlığını təmin etmək, getdiyi yerdən maksimum faydalanmaq üçün özünə etibarlı rəhbər, bələdçi axtarar. Rəhbərsiz yola çıxarsa, yolda çaş-baş qalar, təhlükələrdən xəbərsiz olar. İçərisində əbədi qalmadığı, müvəqqəti olan dünya həyatında da insan əslində bir yolçuya bənzəyir. İnsanın ən çox rəhbərə ehtiyac duyacağı bir səyahət varsa, o da dünyadan əbədiyyətə doğru edilən səyahətdir.  Bəşəriyyət tarixinə nəzər salsaq, bu yolda rəhbərsiz addımlayanların uğursuz aqibətini müşahidə edərik. Rəhbərsiz qaldığı dövrlərdə insanlar öz övladları ilə belə necə davranacağını bilməyib onları diri-diri torpağa basdıracaq qədər çaşqınlıq içərisində qaldığına, yollarını itirdiyinə şahid olarıq.
 
Yol bələdçisinə ehtiyac duymayıb, özündən arxayın olan, nəfsinin həvasını, arzu-istəyini özünə rəhbər edənlərin aqibətini həm dünən, həm bu gün görmək mümkündür. Danılmaz həqiqətdir ki, nəfis insana heç vaxt doğru yolu göstərməz, əksinə arzu-həvəsin arxasınca sürükləyib, yerin dibinə batırar; elə-aləmə rəzil-rüsvay edər; həm dünyada, həm də axirətdə insanın üzünü qara, başını aşağı edər.
 
  İslamiyyətin gəlişindən öncə insanların halına nəzər saldıqda, rəhbərsiz dövrün acı aqibətini və rəhbərə olan ehtiyacın böyüklüyünü çox rahat görə bilirik.  Cahilliyə dövrü adlanan bu dövrdə vicdanı pak və Allahın qoyduğu təmiz fitrəti pozulmayan insanlar  da vardı, ancaq onlar da insanların dərdinə əlac ola bilmirdi. Onlar özləri də bir yolçu idi. Vicdanlarının işığında addımlasalar da bu işıq insanlığın içərisində qaldığı zülməti aydınlatmaq üçün kifayət etmirdi. Digərlərindən fərqli olaraq bu insanlar  gediləcək bu çətin səyahət əsnasında  insanın acizliyinin və ehtiyacının çox olduğu şüurunda idilər. Zeyd ibn Amr bunlardan biri idi. Onun Kəbə yanında hayqırarkən “Allahım! Sənə necə ibadət edəcəyimi bir bilsəm, o şəkildə ibadət edərdim. Təəssüf ki, bilmirəm.[1] Allahım! Şahid ol ki mən İbrahimin dini üzrəyəm.”[2]– dilindən bu sözlər tökülmüşdü. İslamın zühurundan az öncə də yolda quldurlar tərəfindən öldürülmüşdü.
 
Bəli, insanı ən yaxşı yaradan Rəbbi bilirdi. Qaranlığı, zülməti dağıdıb, ortalığı aydınlığa qovduracaq mesaj ancaq İlahi dərgahdan gələ bilərdi. Ancaq Allah insanlara yol rəhbəri təyin edə bilərdi. Yol rəhbəri olacaq insan da cəmiyyətdəki çaş-başlığın iztirabını yaşayan, bağrı yanıq biri olmalı idi.
 
Bu təmiz fitrətli insanlardan biri də vicdanı təmiz, əxlaqı gözəl, sinəsi dərdli, Həzrət Muhamməd (s.ə.s) idi. O, iztirab içərində qıvrınaraq cəmiyyəti  düşdüyü bu yol çaşqınlığından qurtarmaq üçün çıxış yolu axtarırdı. Ömrünün ən kamil yaş dövründə idi. Bu axtarış onu Nur dağına çıxarmışdı. Oradan Məkkə tam görünürdü. Qıvrına-qıvrına cəmiyyətin halını düşünür, təfəkkür edirdi. Nəhayət ki, bir gün insanın Yaradanı insanı özü ilə baş-başa buraxmadı, insana ilk rəhbər olacaq Qurani-Kərimi əmin elçisi Cəbrayıl (ə.s) vasitəsi ilə göndərdi. İlk mesaj: “Oxu! Yardan Rəbbinin adı ilə oxu..” (Əlaq, 96/1-2)
 
Quranı Kərimdə ilk dövrdə enən surələrdən biri olan “Duha” surəsində Allah Rəsulun cəmiyyət üçün çəkdiyi iztirabı dilə gətirir. وَوَجَدَكَ ضَٓالًّا فَهَدٰىۖ “Səni çaşqın halda görüb doğru yola yönəltmədimi?!” (Duha, 93/7) Allah Rəsulu (s.ə.s) peyğəmbərliyindən öncə də, sonra da bir dəlalət içərisində olmayıb. Ancaq O (səs), bəşəriyyətin içərisinə düşdüyü çaşqınlıq  üçün bir axtarış içərisində idi. Bu axtarışın bu sancının nəticəsi insanın vəhylə qovuşub qaranlıq dünyalarının aydınlanması oldu. Allah (c.c.) Bizə Quranın bu rəhbərliyini təqdim edərkən: “Bu Kitabda heç bir şübhə yoxdur! O, təqva sahiblərinə doğru yolu göstərən bir Kitabdır.” (əl-Bəqərə 2) – buyurur.
 
  Quran öz rəhbərliyini 23 ildə kamil mənada ortaya qoydu və cahalət toplumundan, səhrada yolunun itirənlərin öz yolunu tapdığı, ulduzlara bənzəyən bir səhəbə toplumu ortaya çıxardı. Quran öz rəhbərliyi ilə insanı məxluq qarşısında əyilməkdən qurtarıb bütün məxluqatı insana, insanı isə Yaradana qul etməklə onu varlıqlar üstündəki məqamına yüksəltdi. Yenə Quran insana bütün ehtiyacının gerçək mənbəyini göstərməklə onun məxluqatın dilənçiliyindən qurtaran bir rəhbər oldu. Quran insanın həyatı boyu hər an qarşılaşdığı bütün problemlərin həllində müraciət edəcəyi sirli, möcüzəli, müstəqim bir həll yolu və yanıltmayan bir rəhbərə çevrilidi...
 
 
Mənbələr:

[1] İbn Həcər, əl-İsabə, I, 569-570

[2] Buxari, “Mənaqibul-ənsar”, 24

Meneviyyat.az

Link kopyalandı!
Son xəbərlər