İran rejiminin qənimləri: Mehdimi, Qərbmi, Ukraynadakı günahsız insanların ruhumu...?
Ekskluziv
4188
28 Oct 2022 | 09:08

İran rejiminin qənimləri: Mehdimi, Qərbmi, Ukraynadakı günahsız insanların ruhumu...?

Son günlər Ukraynaya qarşı cəbhədə yer alması və hücum dronları ilə minlərlə günahsız ukraynalının qanına girməsi üzündən dünya mediasında İranın adı tez-tez hallanır. Səbəb də çox sadədir və bir məhşur Azərbaycan atalar məsəlində deyildiyi kimi özünə umac ova bilməyən fars rejimi indi Ukraynada və Azərbaycan sərhədlərində əriştə kəşmək həvəsinə düşüb. Bəlkə də İranın davranışlarının bu cür ifadəsi qeyri-ciddi qəbul edilə bilər.
 
Amma gəlin tələsməyək, elə YAP-çı deputat Siyavuş Novruzov parlamentin ötən iclaslarının birində iclasında haqlı olaraq Tehran rejimin davranışlarını artistlik adlandırarkən maraqlı frazadan istifadə edib: "İran sərhədlərimizdə hərbi təlimlər keçirməklə Türkiyəyə və Azərbaycana nə demək istəyir?Onların sərhədlərimizdə hərbi təlimlər keçirməsi azmış kimi Araz çayı üzərindən hərbi texnika keçidini nümayiş etdirmələri isə sadəcə artistlikdir. Arazı velosipedlə də keçmək olar, bunlar tanklarla keçməklə nə demək istəyirlər? İranda Mehdi Ordusu deyilən hərbi birləşmə var. Bəs bu ordu Mehdinin din qardaşlarına 30 il divan tutulmasına niyə biganə qaldı? Ona görə də əgər doğrudan da nə zamansa Mehdi zühur etsə, elə birinci İranın özünə qənim olacaq".
Bəli, Siyavuş Novruzov qətiyyən mövcud durumu şişirtməyib və İranın ötən 30 ildə işğalçılara havadarlıq etməsini bir kənara qoysaq, hətta 44 günlük savaş və ondan sonra keçən 2 ildə bulanıq suda balıq tutmaq niyyətini də görməzdən gəlsək, son dövrlər fars rejiminin nümayişkaranə şəkildə Ermənistana yengəlik etməsi, bu azmış kimi Azərbaycana və Türkiyəyə diş qıcaması artislik olduğu qədər də həyasızcasına həddini aşmaqdır.
 
Azərbaycanın və Türkiyəninsə İranın bu həyasızlığına niyə bu qədər təmkinlə yanaşmaları və baş verənlərin sadəcə müşahidə edilməsi bir xeyli düşündürücüdür. Görünür, artıq Ankarada və Bakıda əmindirlər ki, Qərb dünyası bir güllə ilə iki dovşan vurmaq yolu seçib və Ukraynada Rusiya ilə birlikdə İranı da tarixin zibilliklərinə basdırmaq planı işlənib hazırlanıb. O üzdən Ankarada və Bakıda prosesi sakitcə izləyərək bu iki şər qüvvənin necə param-parça olacağını gözləməyin ən doğru seçim olduğu qənaətinə gəlinib... 
 
Gəlin görək, İranın dağılması və fars rejiminin çökməsi nə dərəcədə realdır və Ukrayna savaşı doğrudanmı molla rejiminin iflasına səbəb olacaq? Əlbəttə, görünən odur ki, Ukrayna savaşı yaxın dövrlərdə yekunlaşana oxşamır və bu savaşdan Rusiyanın məğlub çıxacağı qaçılmaz olsa da prosesin nə qədər çəkəcəyini indidən kimsə proqnozlaşdıra bilməz. Amma İrandakı mövcud durum və hal-hazırda ölkədə tüğyan edən iğtişaşlar onu iddia etməyə əsas verir ki, İranın molla rejiminin süqutu Rusiyanın iflasından qat-qat tez baş verə bilər. Elə isə, gəlin görək Qərb, xüsusən də ABŞ və Böyük Britaniya bunu istəyirmi? Mübaliğəsiz demək olar ki, qətiyyən istəmir. Çünki Sem dayı anlayır ki, molla rejiminin çökdürülməsi ən çox Ankaranın və Bakının işinə yarayacaq və beləliklə bölgədə güc nisbəti dəyişərək Türkiyənin regional gücdən qlobal oyunçuya çevrilməsi ilə nəticələnəcək.
Məhz buna görə də fitnəkar Qərb ikibaşlı oynayır və Tehranı sadəcə istədiyini alana qədər küncə sıxışdırır və hadisələrin eskalasiyaya qədər genişlənməsinə imkan vermir, bununla da fars rejiminə sanki süni nəfəs verməklə onu xaos girdabından qurtarır. İslam inqilabından keçən 33 il ərzində Qərb bu reseptini İranda dəfələrə uğurla sınaqdan keçirib və süni xaos yaradaraq onu istədiyi formada idarə etməklə öz çirkin niyyətlərinə nail olub. Amma istənilən halda Tehran rejimi laxlayıb və teokratik quruluşun tənəzzüldən bu dəfə qurtulması mümkünsüz kimi görsənir. 
 
Elə Azərbaycan Milli İstiqlal Partiyasının lideri, son illər cənubda yaşayan soydaşlarımızın hüquqlarının qorunmasını siyasətlərinin əsas prioritetinə çevirən Etibar Məmmədov da hesab edir ki, İrandakı molla rejimi çöküşə hamilədir və Bakı ilə Ankara indidən bu prosesə hazır olmalıdırlar:
“Iranda hələki rejimin zəifləməsi prosesi gedir. Çünki rejimdən narazılıq pik həddə çatıb. Sadəcə, bir qığılcım lazım idi ki, etirazlar baş qaldırsın, onlar da baş qaldırıb. Və rejim əleyhinə hərəkatı əsasən gənclər irəli aparırlar. İranın, demək olar ki, bütün iri şəhərlərində bu proses gedir. Hiss olunur ki, ümumiyyətlə, əhalinin əksər təbəqələrinin narazılığı böyükdür. Hətta hakimiyyətə yaxın qüvvələr içərisində də narazılıq var. Odur ki, hakimiyyət dairələrində ciddi narahatçılıq mövcuddur və etirazçılara ciddi təzyiqlər var. Bununla yanaşı, həmin narazılıqların fonunda milli vilayətlərdə milli məsələlər də ön plana çıxır. Və rejimin yalnız dini repressiyalarına qarşı yox, həm də milli siyasətinə qarşı etirazlar güclənib. Bu da xüsusən özünü Güney Azərbaycanda büruzə verməkdədir. Yəni bir sözlə, belə demək olarsa, İran rejimi inqilab ərəfəsindədir…” 
 
“Bəs sizcə, qonşu ölkədəki etirazların bu dərəcədə kütləviləşməsi və kəskinləşməsinə səbəb yalnız sırf daxili problemlərdir, yoxsa burada xaricdən, xüsusən Qərbdən, ABŞ və İsraildən yönlənən körüklənmə də böyük rol oynayır?” sualına isə partiya lideri belə cavab verib:
 
“Bilirsiz, avtoritar, totalitar rejimlərin xüsusiyyətidir; daxildə xalq haqlı etirazlara başlayan kimi deyirlər ki, bu proseslər xaricdən idarə olunur. Əlbəttə, xaricdə, o cümlədən Qərbdə İran rejiminin dəyişməsində maraqlı olan qüvvələr var.  Və onlar da hadisələrin bu cür inkişafına müəyyən istiqamət verməyə çalışırlar. Yəni, məsələn, Güney  Azərbaycanda soydaşlarımız milli mədəniyyətlərinin sərbəstləşməsini, Azərbaycan türkcəsində məktəblərin olmasını, idarəçiliyin onlara verilməsini tələb edirlər. Təbii ki, son mərhələdə də Cənubi Azərbaycanın müstəqil dövlət olmasını istəyənlər də çoxdur, getdikcə də artır və o istiqamətdə də hərəkat gedir. Ancaq hələ ki, hərəkat başlanğıc mərhələsindədir.  Və hazırda milli liderlərin formalaşması, üzə çıxması, tanınması və xalq tərəfindən dəstəklənməsi prosesi getməlidir.  Çünki lidersiz hərəkat son nəticədə lazım olanı, qarşıya qoyulan məqsədi tam şəkildə əldə edə bilmir…”
 
Mən dəfələrlə söyləmişəm ki, ümumiyyətlə, Azərbaycan Respublikası, dövləti dünyadakı bütün azərbaycanlıların himayədarı missiyasını rəsmən elan etməlidir və soydaşlarımızın milli hüquqlarının müdafiəsini milli vəzifə səviyyəsinə qaldırmalıdır. Və həmçinin dəfələrlə təklif etmişəm ki, cənublu qardaşlarımızın təhsil, ixtisas inkişafı üçün də bizim ali məktəblərdə onlara görə kvotalar, yerlər ayrılmalıdır.  Azərbaycan dövlətinin hesabına soydaşlarımız burada təhsil almalı və güclü mütəxəssislərə çevrilməlidirlər… Hələ ki bu proseslər baş vermədiyinə görə biz Quzey Azərbaycan olaraq üzərimizə düşən vəzifənin çoxunu yerinə yetirməmişik. Bununla belə, Cənubdakı proseslər heç vaxt dayanmayıb, həmişə aşağı, yuxarı və ya orta səviyyədə arta-arta davam edib. Və bundan sonra da getməsi, genişlənməsi gözlənilir, hadisələr də göstərir ki, ümumilikdə bu hərəkat cənublu-şimallı xalq tərəfindən dəstəklənir. Ancaq bunu sistemli hala salmaq və həm İran hakimiyyətinin onu məcburən qəbul etməsinə və bütövlükdə dünyada bu hərəkatın tanınmasına nail olmaq lazımdır".
 
"İran rejimi inqilab ərəfəsindədir" deyən Etibar Məmmədovun fikirlərini inkişaf etdirərək ehtimal etmək olar ki, Bakının və Ankaranın bununla bağlı A və B planları mövcudddur və onlar bu gün prosesi kənardan izləsələr də baş verə biləcək dəyişikliklərdə birlikdə hansı addımların atılacağınıindidən detalı şəkildə müəyyənləşdiriblər. 
 
Elə nüfuzlu politoloq Qafar Çaxmaqlı da hesab edir ki, qonşu ölkədə taleyüklü dəyişikliklər qaçılmazdır:
"2019-cu ildə yanacaq qiymətlərinin artırılması zamanı İranda iğtişaşlar olmuşdu, o zaman hökümət geri addım atmasa da bu iğtişaşlara asanlıqla son verə bilmişdi,  bəzi yerlərdəki sosial təlatümlər də bir nəticə verməmişdi. Çünki İranda bir basqı rejimi mövcuddur və qorxu, hədə, həbs və bir çox ənənəvi cəza üsulları ilə hakimiyyət sabitliyi bərpa etmişdi. İranda  insan haqlarının kobud şəkildə pozulması, üstəlik,  maddi durumun çətinləşməsi,  ekonomik sıxıntılar bir gün etiraz tədbirlərinin başlayacağı ehtimallarını artırırdı. Məhsa Amilinin öldürülməsi bir qığılcım oldu. Rejimə qarşı etirazlar dalğası bütün ölkəyə yayıldı və öncə etnik kimliklə bağlı heç bir fikir səsləndirlməsə də, son günlər artıq milli şuarlar da səslədirilməyə başlayıb. Etirazçılar tərəfindən bəzi əyalətlərdə şəhər və qəsəbələrin ələ keçirilməsi hadisələrin böyüyəcəyi ehtimalını artırır. Etirazların kütləvi xarakter almamasının səbəbi  bu hərakatın başında duran təşkilarların mövcud olmamasıdır. Bu dəfə fəallar Kürdüstan əyalətindən ölkəyə yayılıblar. Fəallar etnik birliyə çağırış edərək “Kürdüstan əyalətindən Tehrana qadınlara qarşı zorakılıq” şüarını səsləndirərkən türkdilli Azərbaycan bölgəsinə çağırış edilib, nümayişçilər Azərbaycan bölgəsində “Azərbaycan, oyan və Kürdüstan əyalətinə dəstək ver” şüarları səsləndiriblər. İran rejimi nümayişlərə son vermək üçün polisin, asayiş keçikçilərinin gücündən istifadə edir, ordunu bu işə cəlb etmir. Bu nümayişlərin bütün ölkəyə yayılması təqdirində rejim gücdən istifadə edəcəkdir. Bu isə tərs təpkiyə səbəb ola bilər, gərginlik get-gedə artacaqdır.  
Bu nümayişlərin 2019-cu ildəki kimi tədricən sönəcəyi ehtimalları da var. Rejim bu seçənək üzərində durur. Amma bunun böyüyüb xalq üsyanına çevrilməsi üçün həmin hərakatın başında bir təşkilatın və ya liderin olması lazımdır. Lider isə şübhəsiz xalqın içindən çıxacaqdır. İran rejimi bu olayların tədricən səngiməsini gözləməkdədir. Nümayişçilərin konkret tələbləri səsləndirilməsiyindən hakimiyyət özü də  hansı qərarlar qəbul etməyi bilmir.  Bunun üsyana və milli azadlıq xarakterli hərakata çevrilməsinin qarşısını almaq üçün sərt tədbirlər görüləcəyi ehtimalı var, buna artıq böyük şəhərlərdə start verilib. Xarici müdaxilənin olmaması üçün də təhlükəsizlik orqanları ölkə içində və kənarda fəaliyyətlərini genişləndirəcəkləri gözlənilir. Bu məsələdən diqqəti yayındırmaq üçün Azərbaycanla sərhəddə hərbi təlimlərə başlanılıb. Ola bilsin ki, hansısa ölkə ilə müharibə etməklə vəziyyətdən çıxmağa çalışsın. Amma istənilən halda İran rejimi daha əvvəlki kimi ölkəni idarə edə bilməyəcək. Faktiki olaraq onun dağılması prosesi başlanmışdır".
 
Amerikada yaşayan politoloq, siyasi təhlilçi İrina Tsukerman ABŞ-ın İrana qarşı yürütdüyü siyasətin ziddiyyətli və anlaşılmaz olduğunu deyir:
"İranın hazırkı rəhbərliyi Ukraynada Rusiyaya kömək etməklə qlobal sülhə, sabitliyə və təhlükəsizliyə ziyan vurur. Bayden Administratsiyasının mövqeyi isə Hərtərəfli Birgə Fəaliyyət Planının (JCPOA) bəzi versiyasına getdikcə daha çətin bir şəkildə qayıtmağa üstünlük verməkdə davam edir".
 
Politoloqun sözlərinə görə Trampın JCPOA-dan çıxmaq ənənəsini ləğv etmək və bir növ razılaşmaya yenidən imza atmaq üçün bu obsesif hərəkətin nəticəsi olaraq, hətta populyar olmayan, tətbiq olunmayan, ABŞ Konqresi tərəfindən dəstəklənməyən bu yanaşma, qısamüddətli olsa belə - Ağ Evi acınacaqlı bir nəticəyə məhkum etdi:
 
"İran Avropadakı hücumlara, Latın Amerikası və Afrikada artan varlığına, hətta ABŞ-da keçmiş Tramp rəsmiləri və fəallarına qarşı sui-qəsd cəhdləri və oğurlanmasına görə məsuliyyəti öz üzərinə götürərək, körfəzdən, hətta bütün Yaxın Şərqdən çox kənar torpaqlarda sabitliyi pozan amilə çevrilib. İran son 40  ildə olduğu kimi ABŞ-la müharibə vəziyyətindədir. Bir sıra amerikalılar və digər qərblilər hələ də rejimin girovudur. ABŞ-ın keçmiş Federal Təhlükəsizlik Bürosunun zabiti Bob Levinson haqqında hələ də məlumat yoxdur. İran JCPOA razılaşması ilə irəliləməkdə heç bir xoş niyyət əlaməti göstərməyib.Təkrarlanan diplomatik arqumentlərə vaxt itirməkdən tutmuş, uranın zənginləşdirilməsini davam etdirməyə və müfəttişlərə qadağa qoymağa qədər İran açıq şəkildə bildirib ki, onun üçün bu prosesin əldə edilməsi üçün səydən başqa bir şey deyil".
Link kopyalandı!
Son xəbərlər