Kadırov Rusiyanın düşmənlərinə cihad elan etdi
"Qərbdə Rusiyaya qarşı açıq şəkildə şeytançılıq fəaliyyət göstərir..."
"Qurşaqdan aşağı mövzu nə qədər sərbəstdirsə, onlar üçün bir o qədər yaxşıdır..."
"Biz şeytanları əsir götürməyəcəyik, biz onları yandıracağıq..."
"Bizim ərazimiz təkcə Zaporojye və ya Xerson deyil, bütün Ukrayna Rusiyanın ərazisidir..."
"Ey qafqazlılar, ya saqqalınızı qırxın, ya da əsl dindar olduğunuzu sözdə deyil, əməldə göstərin!"...
Çeçenistan rəhbəri Ramzan Kadırov bəyan edib ki, Rusiyanın düşmənlərinə cihad elan edir.
Moderator.az xəbər verir ki, bu barədə o, özünün "Telegram-kanal"ında yazıb.
O, qeyd edib ki, "Vətənimizi hissələrə parçalamaq, aşağılamaq, çirkaba bulamaq, nəhayət, bizim inamımızı və mədəniyyətimizi murdarlamaq istəyənləri, bununla da heç bir identikliyimizin və ailə dəyərlərimizin qalmamasına çalışanları" görməyənləri anlamır.
Kadırovun sözlərinə görə, "Qərbdə Rusiyaya qarşı açıq şəkildə satanizm (şeytançılıq) fəaliyyətdədir".
O, izah edib ki, "şeytan demokratiyası" "ateistlərin hüquqlarını qorumaq, inanclı insanları təhqir etmək" deməkdir, bu zaman "ənənəvi cütlüklər uşaqları hüquqlarından məhrum edir və onları təkcinsli ailələrə verirlər".
"Avropada bu, həzm edilib. Onlar bunu müasirlik, sivil hesab edir. "Qurşaqdan aşağı" mövzu nə qədər sərbəstdirsə, onlar üçün bir o qədər yaxşıdır. Mən burada deqradasiya və şeytançılıq görürəm. Mən bu murdarlığa qarşı Vətənimizi bürüyənədək rüşeymindəcə mübarizə aparardım", - Çeçenistan rəhbəri deyib.
Kadırov bəyan edib ki, indi elə gün yetişib ki, hər bir kişi əlinə silah götürməklə Vətəninə sevgisini ifadə edə bilər.
"Mən sizə söz verirəm: biz onlara hər gün hücum edəcəyik. Biz bu şeytanları əsir götürməyəcəyik. Biz onları yandıracağıq. Heç bir yerdə dayanmayacağıq. Bizim ərazimiz Zaporojye və ya Xerson deyil. Bizim ərazimiz Odessa, Kiyev, Xarkovdur. Bütün regionlar və bütövlükdə Ukrayna bizim, Rusiyanın ərazisidir. Allan adına and verirəm, bu, böyük cihaddır. Və biz dayanmayacağıq", - o, belə deyib.
Bir neçə saat bundan öncə çeçen lideri həmçinin qafqazlıları kütləvi şəkildə Ukraynada xüsusi əməliyyatda iştirak etməyə, öz dinini və ailə dəyərlərini qorumağa çağırış edib.
"Qafqazlılar, mən sizi anlamıram. Nədən hərbi komissarlıqlarda növbələr yoxdur? Bu, Rusiya Federasiyasının döyüşü deyil. Bu, iblisə sitayiş edənlərin müsəlman və xristianlara qarşı döyüşüdür. Müsəlmanlar və xristianlar iblisə sitayiş edənlərə qarşı birləşməlidir. Oğlunuz sizdən başqalarının dini və ailə dəyərlərini qoruduğu halda, nədən evdə oturduğunuzu soruşanda, nə cavab verəcəksiniz?
Ey qafqazlılar, ya saqqalınızı qırxın, ya da əsl dindar olduğunuzu sözdə deyil, əməldə göstərin!", - Kadırov bəyan edib.
Bununla yanaşı, Kadırov Ukraynada döyüş əməliyyatlarının gedişini tənqid edib və qeyd edib ki, Moskva yeni ərazilərinin atəşə tutulmasına zəif cavab verir.
"Əgər mərmi biz tərəfə, bizim regiona uçub gəlibsə, şəhərləri Yer üzündən silmək lazımdır ki, uzaq üfüq görünsün, anlasınlar ki, biz tərəfə güllə atmaq barədə hətta düşünmək belə olmaz. Hər hansı qərarlar qəbul edəndə sabah nə olacağına baxmaq lazım deyil", - o, deyib.