"Özünü çəkmək, özünü bəyənmək və başqalarından üstün bilmək kimi xarakterizə edilən və mənəvi xəstəlik sayılan təkəbbür də insanın hidayətinə mane olur. Şeytanın Allahın hüzurundan qovulmasına və lənətlənməsinə səbəb olan əsas xislət də məhz təkəbbürdür..."
Hidayətə mane olan səbəblər...
Təkəbbür
Özünü çəkmək, özünü bəyənmək və başqalarından üstün bilmək kimi xarakterizə edilən və mənəvi xəstəlik sayılan təkəbbür də insanın hidayətinə mane olur. Şeytanın Allahın hüzurundan qovulmasına və lənətlənməsinə səbəb olan əsas xislət də məhz təkəbbürdür.
“Bir deyin görək, siz təkəbbürlənib iman etməsəniz, sizdən daha sərsəm, daha zalım kim ola bilər? Allah, əlbəttə ki, zalımları doğru yola yönəltməz!”[26] ayəsi də məhz bu həqiqəti bəyan edir.
Bir insanın özünü Allahın uca nəbisi Həzrət Məhəmməddən (s.a.s.) üstün bilməsi də eyni aqibətə gətirib çıxarır. Əbu Cəhil, Vəlid ibn Muğirə və Ütbə ibn Rəbiə kimi bir çox müşriklər Peyğəmbərimizi yaxşı tanıdıqları, Onun peyğəmbər olduğunu əllərinin içi kimi bildikləri halda, sırf təkəbbür və qürurları ucbatından hidayətdən məhrum qaldılar.
Bu gün də “Bizə Quran kifayət edir. Həzrət Məhəmməd də bizim kimi adi insandır” deyən nə qədər bədbəxt var. Onlar bu mənasız təkəbbürlərinə yenilib Peyğəmbərimizin (s.a.s.) sünnəsindən və şəfaətindən yararlana bilmirlər. Allahın uca rəsulu Həzrət Məhəmmədi anlamayan bir insan Onun Uca Kitabı Quranı dərk edə bilərmi?
Təkəbbür, özünü bəyənmə və “hər şeyin öhdəsindən təkbaşına gələrəm” düşüncəsi insanı peyğəmbərlərin həqiqi varisləri olan alimlərin və Allah dostlarının feyzindən də məhrum qoyur. Halbuki insan yeri gələndə özündən kiçiklərdən də nəsə öyrənə bilər. Məsələn, ana-ata övladından, müəllim tələbəsindən, müdir işçisindən çox şey öyrənə bilər. Ancaq insan öncə önündəki təkəbbür səddini aşmalı, daha doğrusu, dağıtmalıdır ki, həqiqəti görə bilsin.
Yuxarıda qeyd etdiyimiz xüsusiyyətlərlə yanaşı, lovğalıq, qərəzlilik, cahillik, yanlış yanaşma kimi hidayətə mane olan səbəblər də vardır.
Xülasə
Qeyd etdiyimiz kimi, Allah bəndələrinə qarşı olduqca mərhəmətlidir və onların heç birinin Cəhənnəmə girməsini istəmir. Ancaq bəndə ağlını, iradəsini küfr düşüncəsinin “sərəncamına” versə və Rəbbindən, hidayət yollarından qaçsa, Allah da onu hidayətə çatdırmaz.
Ancaq bir bəndə nə qədər günah işləməsindən asılı olmayaraq, günlərin birində ürəkdən tövbə edib Allaha yönəlsə, bilsin ki, tövbə qapısı hər zaman açıqdır.
Bir ayədə belə buyurulur: “Ən böyük əzabdan əvvəl Biz onlara aclıq, müsibət, əsarət və ölüm kimi kiçik əzabdan daddıracağıq ki, bəlkə, doğru yola qayıtsınlar. Rəbbinin ayələri ilə öyüd-nəsihət verildikdən sonra üz döndərən kəsdən daha zalım kim ola bilər?! Biz, şübhəsiz ki, onlardan intiqam alacağıq!”[27]
Bu ayədən də başa düşürük ki, Allah-Təala hər vəsilə ilə bəndələrini hidayətə dəvət edir. Hətta iradələrini əllərindən almadan sanki doğru yola gəlməyə “məcbur edir”. Bununla belə, zəlalətdən dönmək istəməyən və küfrdən dördəlli yapışanların da yerinin əbədi Cəhənnəm olduğunu bildirir.
Rəbbim bizləri hidayət yolundan ayırmasın. Zəlalətə sürükləyən hər cür nəfsani hislərdən təmizləsin və onları gözəl məziyyətlərlə əvəzləsin.
Mənbələr:
[26] “Əhqaf” surəsi, 46/10.
[27] “Səcdə” surəsi, 32/21-22.
Meneviyyat.az