Ekskluziv
4972
25 Oct 2022 | 06:40

"Allah zalımları, onlara dəstək olanları və zülmdən əl çəkməyənləri hidayətə çatdırmaz..."

"Kafir və zalımlar tövbə edib zülmlərindən əl çəksələr və səmimi qəlblə Allaha yönəlsələr, onlara hidayət yolları açılar..."
 
Hİdayətə mane olan səbəblər...
 
 
"Halal dairəsi genişdir, onlar insana kifayət edər. Elə isə nəyə görə haram iş tutub fasiq damğasını alsın ki?!.."
 
Fasiqliyə adət etmək...
 
Qurani-Kərimdə Allah-Təala fasiqləri doğru yola yönəltməyəcəyini buyurur[15]. Fasiqlik hidayətə mane olan və insanı zəlalətə aparan pis bir xislətdir.
 
Ayələrdə cəhənnəmlik olduqları bildirilən və hidayətdən məhrum edilən fasiqlərin başlıca xüsusiyyətləri bunlardır:
 
Allahı və axirət gününü inkar edərlər.
Allah Rəsulu sallallahu aleyhi və səlləmə və möminlərə istehza edərlər.
Təkəbbürləri üzündən tövbəyə yaxın gəlməzlər.
Allahın əmrlərinə əhəmiyyət verməzlər.
Günah işləməkdən əl çəkməzlər.
Bu cür əməllərin ortaq xüsusiyyəti həddi aşmaq və əmrləri bilə-bilə pozmaqdır.
 
Dini termin kimi fisq sözü “Allahın qoyduğu hədlərdən kənara çıxmaq” mənasını verir. Bu əməli işləyənə də fasiq deyilir. Bir sözlə, fisq hidayətə mane olan əsas səbəblərdən biridir və əgər fasiq tövbə edib Haqqa dönməzsə, hidayətdən məhrum qalar...
 
İslam alimlərinin əksəriyyəti böyük günah işləməyi fisq, işləyəni isə fasiq adlandırırlar. Çünki hər bir günah mahiyyət etibarilə Allahın əmrindən kənara çıxmaq anlamına gəlir. Ancaq insan nə qədər böyük günah işləyir-işləsin, Allahın ayələrini inkar etmədikcə, başqa sözlə, günahı günah kimi gördükcə, mömin sayılır.
 
Həmçinin Allaha ürəkdən inanan mömin Rəbbinin qadağalarını pozmaqdan çəkinər, nəfsinə aldanıb günah işlədimi, dərhal tövbə edib iman və İslam halqasına qayıdar. Eyni günahı təkrar-təkrar, dəfələrlə işləməz. Halal dairəsi genişdir, onlar insana kifayət edər. Elə isə nəyə görə haram iş tutub fasiq damğasını alsın ki?!
 
Zülmdən əl çəkməmək...
 
Allah-Təala Qurani-Kərimdə zalımlar güruhunu, onlara dəstək olanları və zülmdən əl çəkməyənləri hidayətə çatdırmayacağını bildirir[16]. Zülm – ədalətsiz davranış, haqsızlıq, kiməsə haqqını verməmək və ya haqqı çatmayan bir şeyi vermək, əziyyət, işgəncə etmək kimi mənalara gəlir. Zülm edən insana zalım deyilir.
 
Zülm deyəndə insanların haqqını əlindən almaq, hədə-qorxu gələrək, zor işlədərək haqsız qazanc əldə etmək, insanlara əziyyət və işgəncə vermək mənalarını başa düşürük. Gücünə arxayın olub insanları daima narahat edən, vurub-dağıdan, zəifləri əzən, döyən, hətta öldürən azğın insanlara da zalım deyilir.
 
Dinimiz hər cür zülmü qadağan edir. Lakin Qurana görə, ən böyük zülm Allaha üsyan etmək, Onun əmr və qadağalarına əhəmiyyət verməmək, çağırışlarından üz döndərməkdir. Bəli, ən böyük zülm Allaha üsyan etməkdir...
 
Allah-Təala bizi yoxdan var edib. Bizi daş, torpaq, ağac və ya palçığın içərisində eşələnən bir soxulcan, yiyəsinə quyruq bulayan it deyil, varlığın ən şərəflisi kimi yaradıb. Mütənasib vücudumuzla yanaşı, ağlımıza, zəkamıza, ruhumuza, gözəlli­yimizə, gücümüzə, qüvvətimizə – bir sözlə, sahib olduğumuz hər şeyə görə Ona borcluyuq. Bununla kifayətlənməyib, Yer üzünü bir-birindən gözəl nemətlərlə süsləyib bir süfrə kimi önümüzə sərib. Göy üzünü ulduzlarla bəzəyib, Günəşi, Ayı yaradıb, yeri döşək, səmanı da ulduzlu tavan kimi var edib.
 
Bizim dünyaya gəlişimizə səbəb olan, bizi boya-başa çatdıran ana-ataya asi çıxmaq böyük bir haqsızlıq və zülmdürsə, valideynlərimiz da daxil olmaqla, hər şeyimizi yaradan Uca Xaliqə üsyan etmək, Onu tanımamaq, Onun əmrlərinə əməl etməmək bundan qat-qat artıq zalımlıq deyilmi?! Belə bir zülmün cavabsız, cəzasız qalması mümkündür? Bu zülmü işləyən zalım tövbə edib əməlindən əl çəkməsə, Allah qorusun, cəzası əbədi Cəhənnəm olacaq...
 
Qurani-Kərim Allahın əmrlərinə deyil, nəfslərinə uyanları[17], dildə müsəlman olduğunu desə də, əslində qəlbən inanmayan və inandıqları kimi yaşamayan münafiqləri[18], iman etdikdən sonra küfr yoluna dönənləri[19], Allahın ayələrini yalan sayanları[20], peyğəmbərləri yalançı adlandıranları[21], Allahın haram buyurduğunu halal, halal buyurduğunu isə haram sayanları[22], kafirləri və qeyri-müsəlmanları möminlərdən üstün tutub özlərinə dost bilənləri[23] və Allaha şərik qoşanları zalım adlandırır. Bu zalımları doğru yola yönəltməyəcəyini, onları əbədi Cəhənnəmlə cəzalandıracağını bəyan edir[24].
 
Qeyd edək ki, bu zalımlar zülmü bilərək, istəyərək edirlər, buna görə də Allah onları haqq-həqiqətə yönəltmir. Başqa sözlə, onlar hidayətə gedən yolun önünü özləri kəsir, Allahla özləri arasında sədlər qoyurlar. “Onlar inkar yolundan dönmədikcə Allah kafirlər güruhunu doğru yola yönəltməz”[25], – məallı ayəsi də bu həqiqəti bəyan edir. Bu ayədən onu da anlayırıq ki, kafir və zalımlar tövbə edib zülmlərindən əl çəksələr və səmimi qəlblə Allaha yönəlsələr, onlara hidayət yolları açılar...
 
 
Mənbələr:
 
[15] “Tövbə” surəsi, 9/24,80; “Munafiqun” surəsi, 63/6, “Yunus” surəsi, 10/33.
[16] Bax.: “Qasas” surəsi, 28/50; “Tövbə” surəsi, 9/109; “Saff” surəsi, 61/7.
[17] “Qasas” surəsi, 28/50.
[18] “Tövbə” surəsi, 9/109.
[19] “Ali-İmran” surəsi, 3/85.
[20] “Ənam” surəsi, 6/7.
[21] “Nəhl” surəsi, 16/36.
[22] “Tövbə” surəsi, 9/37.
[23] “Tövbə” surəsi, 9/23; “Maidə” surəsi, 5/51.
[24] “Ənam” surəsi, 6/157.
[25] “Nəhl” surəsi, 16/107.
 
Meneviyyat.az
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər