“Kim dünya xoşbəxtliyini istəyirsə, bilsin ki, dünya xoşbəxtliyi də, axirət səadəti də Allahın dərgahındadır. Allah eşidəndir, görəndir”-Qurani-Kərim...
Hidayətə mane olan səbəblər...
Dünyanı axirətdən üstün tutmaq...
Dünyaya və dünya nemətlərinə hədsiz bağlılıq, mal-mülk, mövqe, vəzifə sevgisi, rahat yaşamaq arzusu insanın doğru yolu tapmasına mane olur, bəzən onu Haqq və həqiqətdən uzaqlaşdırıb zəlalətə sürükləyir.
Rəsulullah (s.a.s.) bir hədisində: “Bütün xətaların kökü dünya sevgisidir. Bir şeyə bəslədiyin sevgi səni kor və kar edər”[6], – buyurur.
Uca Allah Quranda bəyan edir:
“O kəslər ki dinlərini oyun-oyuncaq etmiş və dünya həyatı onları aldatmışdı. Onlar bu günün gələcəyini unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də onları bu gün unudacağıq!”[7] Qurani-Kərim bir çox ayələrində dünyanın zahirən cazibədar, aldadıcı, eyni zamanda fani olduğunu, əbədi həyata məhz axirətdə qovuşacağını bildirir[8].
Yanlış başa düşülməsin deyə burada bir neçə məsələyə aydınlıq gətirmək istəyirik. Bəli, dünyanın dəbdəbəsinə, zahiri gözəlliyinə aldanıb axirətini puç edən və özünü zəlalət bataqlığına atan bədbəxtlərin sayı, təəssüf ki, az deyildir. İslamiyyət dünya nemətlərindən istifadəni qadağan etmir, onun halal yollarını göstərir. O qaydalara əməl edilmədikdə də problemlər ortaya çıxır.
Yaddan çıxarılmamalıdır ki, dünya və dünya nemətləri heç vaxt müsəlmanın məqsədi, qayəsi ola bilməz. Əksinə, dünya axirət həyatına hazırlıq yeri, bir mənada mehmanxanadır. Əgər Adəm övladı bu gerçəyi unudub bütün varlığı ilə dünyaya bağlanaraq axirətini yaddan çıxarsa, aqibətini təhlükəyə atmış olacaq. Beş günlük dünyaya görə axirətini yaddan çıxaran, hətta inkar edən bəndələrə ilahi kitabda ciddi xəbərdarlıqlar var:
“Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Müttəqilər üçün isə axirət yurdu daha xeyirlidir. Məgər anlamırsınız?”[9]
“Dinlərini oyun və əyləncə sayanları, dünya həyatının aldatdığı şəxsləri tərk elə. Onlara Quranla nəsihət et ki, heç kəs işlədiyi əmələ görə özünü həlaka düçar etməsin. Hər bir bəndə bilsin ki, onun Allahdan başqa nə bir dostu, nə də bir şəfaətçisi vardır. O, (Allahın çağırışından üz döndərən insan hesab günü) bütün varını fidyə versə belə, qəbul olunmaz. Onlar qazandıqları günahlara görə əzaba düçar olanlardır. Onları küfrləri üzündən qaynar sudan ibarət bir içəcək və şiddətli əzab gözləyir!”[10]
Bütün bu xəbərdarlıqlara baxmayaraq, Allah diləsə, axirəti unudub onu dünyaya dəyişənlərin istədiklərini bu dünyada verər, ancaq axirətə heç nə qalmaz[11].
Onlar, Quranın dili ilə desək, “Ey Rəbbimiz! Bizə elə bu dünyada ver!” – deyirlər. Bu istək birbaşa, yaxud da dolayısilə axirətə biganə olmaq, hətta onu inkar etmək mənasına gəlir. Halbuki Allaha və axirətə inananlar: “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!”[12] – deyə dua edirlər. Allah-Təala bu cür dua edən bəndələrinə müjdə verir:
“Belə şəxsləri qazandıqlarına (işlədikləri əməllərə) görə axirətdə mükafat gözləyir. Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir!”[13]
Əbədi səadətlə yanaşı, dünyada həqiqi xoşbəxtliyə gedən yol da Allaha iman və ibadətdən keçir. Rəbbimiz necə gözəl buyurur:
“Kim dünya xoşbəxtliyini istəyirsə, bilsin ki, dünya xoşbəxtliyi də, axirət səadəti də Allahın dərgahındadır. Allah eşidəndir, görəndir”[14].
Mənbələr:
[6] Əbu Davud, “Ədəb”, 125.
[7] “Əraf” surəsi, 7/51.
[8] Bax.: 3/14, 3/185, 4/77, 6/32, 7/51.
[9] “Ənam” surəsi, 6/32.
[10] “Ənam” surəsi, 6/70.
[11] “Bəqərə” surəsi, 2/200.
[12] “Bəqərə” surəsi, 2/201.
[13] “Bəqərə” surəsi, 2/202.
[14] “Nisa” surəsi, 4/134.
Meneviyyat.az