Rusiyada V.Putinin patronajlığı altında fəaliyyət göstərən digər erməni milyarder Samvel Karapetyan iki aya yaxındır Qarabağda fəal ictiami-siyasi fəaliyyətlə məşğul olan milyarder Ruben Vardanyanı separatçı-terrorçu rejimin "dövlət naziri" vəzifəsinə keçməsi münasibətilə təbrik edib.
Moderator.az xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.
Xəbərdə belə deyilir:
"Taşir" şirkətlər qrupunun və erməni sahibkarlar assosiasiyasının prezidenti olan S.Karapetyan "erməni əsilli rusiyalı milyarder və xeyriyyəçi Vardanyanın təşəbbüsü ilə regionun inkişafına yönəlmiş yeni layihələrin həyata keçiriləcəyinə ümid etdiyini bildirib. Karapetyan deyib ki, o, öz növbəsində regiona iqtisadi, sosial və mədəni sahələrdə dəstəyini davam etdirəcək. O, Qarabağın və onun sakinlərinin rifahının yaxşılaşdırılması üçün yeni irimiqyaslı birgə layihələrin həyata keçirilməsini davam etdirmək niyyətində olduğunu əlavə edib".
Qeyd edək ki, 2020-ci ilin İkinci Qarabağ savaşı zamanı erməni əsilli biznesmenlər Ruben Vardanyan məhz dostu Samvel Karapetyanla birlikdə Rusiya prezidenti Vladimir Putinə müharibədə Ermənistana kömək etməsi xahişi ilə müraciət ünvanlamışdılar.
Xatırladaq ki, son məlumatlara görə, Ruben Vardanyan "rəsmi" olaraq noyabrın əvvəlində separatçı xuntanın "dövlət naziri"vəzifəsinin icrasına başlayacaq...
Sultan Laçın