“Dedim ki, ayağım yerindədir, başımı tumarlayıb dedi ki, ayağını kəsmişik, topuğun yerindədir...”
4864
18 Oct 2022 | 17:26

“Dedim ki, ayağım yerindədir, başımı tumarlayıb dedi ki, ayağını kəsmişik, topuğun yerindədir...”

“Protezin sayəsində gəzirəm, futbol da oynayıram, maşın da sürürəm” 
 
“1995-ci il  avqustun 24-də Bakı şəhərində dünyaya gəlmişəm. İlk təhsilimi Bakı şəhəri 31 saylı tam orta məktəbdə alıb, daha sonra 7 saylı Bakı Peşə Liseyində təhsilimi davam etdirmişəm. 10 iyul 2014-cü ildə hərbi xidmətə yollanmışam. 2020-ci il 27 sentyabrdan könüllü olaraq Vətən müharibəsində iştirak etmişəm. Müharibədə sağ ayağımı itirmişəm. Füzulinin və Laçının azad olunmasına görə medalları ilə təltif olunmuşam”
 
Bunu Moderator.az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ülvi Salayev deyib. O daha sonra döyüş yolundan danışmaqla davam edib.
“Oktyabrın 25-i, biz Hadruta hücuma girməli idik. Tankları gözləyirdik ki, gəlsinlər. Elə sakitcə oturub komando gözləyirdik ki, qəfildən bir mərmi düşdü. Ardınca minamyot yağışı üstümüzə yağmağa başladı. Birinci dəfə idi ki, düz üstümüzə mərmi düşürdü, yaralımız, şəhidimiz var idi. İki nəfərin-mənim komandirim Məmmədov Fərid və 3-cü tağım komandiri Muradov Siyavuşun şəhid olmağı bizim üçün böyük şok oldu. Bir dənə həmin gün idi ki, minamyot gecə dayanmadı. Düz üstümüzdən arxanı vururdular, hər mərmini atanda adamın ömründən ömür gedirdi. Gecə saat 2 idi, komanda verdilər ki, burdan çıxmaq lazımdır. Maşınlarla bizi Fizulinin döyüş olmayan bölgəsinə yönləndirdilər. Səhər yeməyindən sonra komanda verildi, tankların üzərinə mindik, istiqamət artıq Xocavənd idi. Xocavəndə yeni girmişdik ki, tankın qabağına minaatan mərmi düşdü. Mənimlə birlikdə 7-8 əsgər yaralandı” deyə Vətən müharibəsi iştirakçısı deyib.
Ülvi Salayev deyir ki, ayağının kəsilməyindən xəbərsiz olub. 
 
“Bütün təzyiqim düşdü, artıq qollarım getmədi. O anda mən artıq ölümlə barışdım. Tutdum ayağımı özümü tankdan aşağı atdım. Hər şey mənə kino kimi gəlirdi. Dikəlmək istəyirdim, gördüm ayaqlarımı ümumiyyətlə hiss etmirəm. Papanin hospitalına gətirmişdilər məni. Başımın üstündə polkovnik dayanmışdı, dedim ki, “cənab polkovnik ayağım yerindədi?”. Dedi ki, “hə, yerindədir”. Bildim ki, məni aldadır. Dedim ki, “necə yəni ayağımı kəsmisiz?” Başımı tumarlaya-tumarlaya oyatdı ki, “Ülvi ayıl, gözümü açdım, dedi qorxma, ayağını kəsmişik, amma topuğun yerindədir”. Bir dənə o yadımdadır ki, əməliyyatın ortasında ayıldım. Dərindən nəfəs aldım, maskanı taxdılar təzdən ağzıma, yenidən yatdım” deyə o bildirib.
Ülvi Salayev deyir ki, artıq bu cür yaşayışa öyrəşib.
“Daha sonra həyatımla, səhhətimlə barışdım. Yəni insan özü-özlüyündə onu qəbul edirsə, başqasının fikri onun üçün önəm daşımır. Yenə də hər şey mənim üçün davam edir. Əslində nəsə dəyişməməlidir də. Məni vətənə xidmət etməyə heç kim məcbur etməyib. Vətənə sevgi daxildən gəlir. Mərd duruş deyirlər, hər insan onu gərək öz içində tapsın. Yaşat fondundan da maddi dəstək almışam. Məişət şəraitinin yaxşılaşdırılmasına görə bizə maddi kömək etdilər, həm prezident təqaüdü alıram, həm də əlilliyimə görə müavinət. Bundan başqa maşın, ev verilib. Şükür Allaha hər şey yaxşıdır. Protezin sayəsində gəzirəm də, futbola çağırırlar, futbol da oynayıram, maşın da sürürəm” deyə o bildirib.
Link kopyalandı!
Son xəbərlər