“O illərdə bütün şans qapıları üzümə açılmışdı, amma incəsənəti ailəmə qurban verdim...”
Ekskluziv
6519
16 Oct 2022 | 19:09

“O illərdə bütün şans qapıları üzümə açılmışdı, amma incəsənəti ailəmə qurban verdim...”

“Gözləyib, gözləyib özümü xərcləyə bilmərəm”
 
“Rejissorlardan maraqlı obrazlar, təkliflər gözləyirəm. Sözün əsl mənasında iş göstərmək istəyirəm. Gözləyib, gözləyib özümü xərcləyə bilmərəm. Təbii ki, izləyicilər də məni gözləyir. Tamaşaçılarıma hər zaman hörmət etmişəm, ona görə də onların qarşısına yaxşı işlərlə çıxmalıyam. Bu gün o qədər dırnaq arası rejissor  və aktrisalar peyda olub ki, heç özüm də bilmirəm ki, onlar haradan çıxıb? İnanın ki, onları izləyib çatdıra bilmirəm. Sənət peşəkarların əlində olmalıdır”.
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, Akademik Milli Dram teatrının aparıcı aktrisası Vəfa Zeynalova deyib. O, daha sonra əlavə edib.
“Bu sahədə belə bir söz var, biz onu tez-tez eşidirik: “İncəsənət qurban tələb edir”. Həqiqətən də incəsənət qurban tələb edir. Çünki müəyyən bir dövrdə 1995-1996-cı illərdə bütün şans qapıları mənim üzümə açıq idi. O qədər mənə təkliflər gəlirdi ki. Lütfü Məmmədbəyov mənə deyirdi ki, “sən 5 il heç bir təklifi qəbul etmə, çünki “Taleyin qisməti” serialında oynadığın Lamiyə obrazı səninlə 5 il gedəcək”. Amma Lamiyə mənimlə 5 il yox, hal-hazırda 30 ildir ki, gedir. Həmin illərdə teatrlardan, kinolardan, seriallardan təklif aldım, amma bu təklifləri kənara qoyub, ailə həyatı qurdum, övladlarım dünyaya gəldi və başım ailəmə qarışdı. Həmin dövrdə özümü incəsənətə qurban vermədim, incəsənəti ailəmə qurban verdim” deyə sənətkar bildirib.
 
Əməkdar artist bildirib ki, heç vaxt aktrisa olmaq istəməyib.
“Heç vaxt aktrisa olmaq istəməmişəm. İdmançı olmaq istəyirdim, hətta idmanla məşğul olurdum. Sadəcə olaraq riski sevdiyim üçün risk etdim. Bilirdim ki, uğurlu alınacaq. Sonra başa düşdüm ki, idmançı olmaq istəmirəm. Bir çox sənətlərdə özümü sınadım, amma gördüm ki, onlar da mənə uyğun deyil. Bir rəfiqəmin sözü ilə incəsənət sahəsinə gəldim. Hətta qabiliyyət imtahanına gələndə nə etüd bilirdim, nə mahnı, nə də ki, rəqs. Universitetin həyətində uşaqlar mənə hər şeyi başa saldı. Qabiliyyət imtahanında xalq artisti Şəfiqə Məmmədova oturmuşdu. Mənə özümlə bağlı suallar verdi. Hamısına da cavab vermişdim. Sorğu-sual edəndən sonra dedilər ki, gedə bilərsən. Məni İncəsənət universitetinə qəbul etmişdilər” deyə o bildirib.
 
Aktrisa efirlərə çıxmamasının səbəblərindən də danışıb.
“Buna mən özüm qərar vermişəm. Heç kim mənə qadağa qoya bilməz. Uzun illərdir müsahibə vermirəm, efirlərə getmirəm. Verilişlərin və xəbər portallarının səviyyəsi məni qane etmir” deyə o bildirib.
Link kopyalandı!
Son xəbərlər