Erməni fondlarından biri Azərbaycanın Qarabağ torpağında “təmas xətti”ndə yerləşən iki məntəqədə yeni doğulmuş uşaq analarına maddi yardım göstərəcək.
"Doğuş nisbətini artırmaq üçün "Serund" ("Nəsil") ümumerməni fondu “sərhəd icmalarında yeni doğulmuş uşaq analarına aylıq 50.000 dram(təxm. 120 dollar və ya 200 AZN-S.L.) yardım proqramına başlayıb”. Həmin analara uşaqların 16 yaş 8 ayı tamam olanadək yardım ediləcəyi nəzərdə tutulur.
Moderator.az xəbər verir ki, barədə "Serund" fondunun həmtəsisçisi Qriqor Abrahamyan Xankəndindəki separatçı nəşrlərə məlumat çatdırıb.
Xəbərdən məlum olur ki, söhbət Kəlbəcər rayonunun ikinci Qarabağ savaşından sonra da faktiki işğal altında qalmış Çərəktar və Şuşa rayonunun Sarıbaba(yaxud Salatınkənd) kəndlərindən gedir.
Zəruri arayış və xatırlatma:
Kəlbəcər rayonunun Çərəktar kəndi - Əvvəllər bu məntəqə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid olub, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çərəktar kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Yaşayış məntəqəsini kolanı tayfasına mənsub ailələr Çərəktar adlı yerdə saldıqları üçün belə adlandırılmışdır. Çərəktar - "icarəçi" deməkdir. Görunur, kəndin ərazisi əvvəllər əkin sahəsi kimi icarəyə verilirmiş.
Sovet dövründə Çərəktar kəndində bir erməni də yaşamayıb. Kənd 1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Və təəssüf ki, İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən kənd hüquqi-inzibati baxımdan Azərbaycan Respublikasının yox, Rusiya sülhməramlılarının nəzarəti altına keçib.
2020-ci ilin noyabrın ortalarında artıq Kəlbəcər rayonunun Azərbaycana qaytarılacağı xəbəri yayıldıqdan sonra Çərəktar kəndində qanunsuz məskunlaşmış ermənilərin çoxu evləri yandıraraq buradan çıxıblar. Lakin bir gün sonra bəlli olub ki, yaşayış məskənlərinin təhvil verilməsi prosesi SSRİ-nin inzibati-ərazi bölgüsünə əsasən aparılır. Ona görə də bir çox digər yaşayış məntəqələri kimi, Çərəktarın da adı Azərbaycana təhvil veriləcək yaşayış məskənlərinin siyahısına salınmayıb. Həmin məlumatı alan ermənilər yenidən öz yandırdıqları evlərə qayıtmağa məcbur olublar. Bu səbəbdən də separatçı rejim Çərəktarda yandırılmış evləri bərpa etməyə başlayıb...
Şuşa rayonunun Salatınkənd, yaxud Sarıbaba kəndi - Şuşa-Laçın yolu üzərində, Laçından təxminən 10 km məsafədə, dağətəyi ərazidədir. Yaşayış məntəqəsində XIX əsrdə İrandan köçüb gəlmiş erməni ailələri yerləşdirilmiş və sonralar Yextsahog (erm. “kilsə yeri”) adlandırılmışdı.
Hazırda son məlumatlara görə, Azərbaycan rəsmən Respublikasının Şuşa rayonunun ərazisi sayılan Salatınkənd(Sarıbaba) kəndində 145 nəfər erməni yaşayır. 44 günlük savaşdan sonra kəndə qanunsuz olaraq Laçın rayonunun Köhnəkənd kəndində məskunlaşmış 1, Qubadlıdan 1 və Xocavənd rayonunun "Arşat" adlandırılan kəndindən 2 erməni ailəsi köçürülüb.
1991-ci il yanvarın 9-da Milli Qəhrəman, jurnalist Salatın Əsgərova və 3 rus hərbçisi Qaladərəsi və Kirov kəndlərində toplanmış erməni terrrorçuları tərəfindən edilən silahlı hücum nəticəsində məhz qonşu Sarıbaba(Salatınkənd) kəndinin ərazisində qətlə yetirilib. Elə həmin il Azərbaycan parlamentinin qərarıyla bu kənd qəhrəman jurnalistimizin xatirəsinə Salatınkənd adlandırılıb. Lakin sonradan həmin qərar nədənsə öz rəsmi təsdiqini tapmayıb və kənd xəritə və sənədlərdə Sarıbaba adlandırılmaqda davam edib.... Milli Məclisin15 dekabr 2021-ci il tarixdə keçirilən iclasında Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sözügedən kəndə Salatın Əsgərovanın adının verilməsi təklifi ilə çıxış edib(Bu sətirlərin müəllifi 1991-ci ildən bəriki bütün yazılarında həmin məntəqəni Salatınkənd kimi göstərib)...
Sultan Laçın