“Bacım İslam Rzayevin ansamblında kamança çalırdı, atam dedi ki...”
Ekskluziv
5180
09 Oct 2022 | 13:49

“Bacım İslam Rzayevin ansamblında kamança çalırdı, atam dedi ki...”

“Çox xəcalət çəkirəm ki, bu gün gənclərin bir çoxu sənətkarlarımızı tanımır”
 
“Əvvəl məni ildə heç olmasa 2-3 seriala, filmə çağırırdılar, çəki atandan sonra təkliflərim azaldı. Mənə görə obrazlar yazılmalıdır. Neçə nəfər qalmışıq ki? Biz heç vaxt pulu fikirləşməmişik, indiki cavanların əksəriyyəti pulu, maddiyatı fikirləşir. Çalışmışıq ki, tamaşaçıların məhəbbətini qazanaq. Nə qədər qazanmışıqsa bunu tamaşaçılar deyə bilər. Təbiəti, insanları sevməsəydim, həyata, əşyalara sevgi ilə baxmasaydım bəlkə də aktrisa olmaz. Bu gün kiminsə davamçıları ola bilər, amma əvəzolunmaz adam var. Nəsibə Zeynalovanı, Siyavuş Aslanı, Hacıbaba Bağırovu, Yaşar Nurini, Rafael Dadaşovu kim əvəz edə bilər? Onlar bizim ətrafımız idi, mən bəzən xəcalət çəkirəm ki, bu günki gənclərin bir çoxu onları tanımır. Bunu da özləri üçün müasirlik bilirlər, fəxr edirlər. Bu sənət elədir ki, illərdir qazandığını bir dəqiqənin içində itirə bilərsən”.
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, tanınmış aktrisa Nahidə Orucova deyib. 
Aktrisa yaşadığı çətinliklərdən də danışıb.
 
“Bəzən çalışıram ki, depressiyaya düşməyim. “Kaş filan şey belə olsaydı, eh filan şey belə oldu” deyirəm. Bəzən “kaş” lar xasiyyətimə görə olur. İnsanlara çox inanıram, onları qiymətləndirirəm. Sirr vermişəm, gizlin söz demişəm, görmüşəm ki, ona-buna danışıblar. Üstünə də 5-6 söz qoyub danışır. Bilirsiniz ki, mən həyatda təkəm, tək yaşayıram. Öz-özümə sual verirəm ki, niyə mən tək qalmalı idim ki? Bizim indiki kişilərimiz güclü, ağıllı qadından qorxurlar. Özümü güclü qadın sayıram, çünki həyatın keşməkeşlərini görmüşəm, çətinliklərə dözmüşəm” deyə sənətkar bildirib.
 
Aktrisa dünyasını dəyişən valideynlərindən də danışıb.
 
“Nə qədər də yaşımın üstünə yaş gəlsə onlara ehtiyacım var. Anam da, atam da mühəndis olub. Onlar istəməyiblər ki, mən aktrisa olum. Bacım da kamança ifaçısı olub, məşhur ansambllarda ifa edib. İslam Rzayevin ansamblında işləyirdi. Onlar deyirdilər ki, evdə bir övlad səhnədə bəsdir. Amma bununla belə bizdə sənətə maraq oyadıblar. Həmişə bizə deyiblər ki, həyatda yaxşılıq edin, yaxşılıq etmirsinizsə pislik də etməyin. Biz belə böyümüşük. Onun üçün də bu gün bir sevincli günüm olan kimi valideynlərimin məzarını ziyarət edirəm” deyə sənətkar bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər