"Rəsulullah (s.a.s.) da məhz bu məsələnin şüurunda olduğuna görə “Əmr edildiyin kimi doğru ol” ayəsi qarşısında qəddi bükülürdü..."
İslamın əsası doğruluqdur...
Rəsulullahın (s.a.s.) “Məni Hud və oxşar surələr qocaltdı”[1] hədisini necə anlamaq lazımdır?..
Beyhəqinin nəql etdiyi hədisdə səhabələrdən biri Rəsulullahdan soruşur: “Hud surəsində sizi qocaldan nədir? Peyğəmbər qissələri, yoxsa qövmlərin həlakı?” Rəsulullah (s.a.s.) belə cavab verir: “Bunların heç biri deyil! Mənim belimi bükən surədəki “Sənə əmr edildiyi kimi, düz (yolda) ol”[2] ayəsidir.”[3] Əslində Rəsulullahın (s.a.s.) belini bükən bir çox surə və ayələr var idi. Lakin O (s.a.s.), xüsusilə bu ayəni qeyd etmişdi. Çünki istiqamət (doğruluq, düz yolda olmaq) əmrində sərhəd yoxdur. Bu ayədə beş vaxt namaz qılmaq və ya bir ay oruc tutmaq kimi müəyyən sərhəd qoyulmayıb. Bəli, İlahi vəhyi özünəxas fətanətlə anlayan Rəsulullah (s.a.s.) bu ayədən çox dərin mənalar çıxarırdı. Onun (s.a.s.) nöqteyi-nəzərindən bu ayədəki əmri yerinə yetirmək çox çətin idi.
Təbii ki, bu ayələri hərə öz səviyyəsinə görə anlayır. Sıravi bir insana görə, bu ayədəki düz yolda (istiqamət üzrə) olmaq; beş vaxt namazı şərtlərə uyğun qılmaq, ramazan orucunu tutmaq, malın zəkatını vermək və imkanı olanların ömürdə bir dəfə həcc ziyarətinə getməsi və böyük günahlardan uzaq olmaqdır. Başqasına görə, fərz və vacibləri yerinə yetirmək, haramlardan çəkinmək, məkruhlara qarşı diqqətli olmaq, məkruh olar düşüncəsilə bəzi mübahları tərk etmək, yəni təqvaya uyğun həyat yaşamaq istiqamət üzrə olmaqdır.
Rəsulullah (s.a.s.) istiqaməti necə anlayırdı?..
Rəsulullah (s.a.s.) bu ayədən tamam başqa mənalar çıxarırdı. Bəlkə də elə buna görə gecələr ayaqları şişənə qədər ibadət edirdi. Yaşlanda ayaq üstə dayanmağa taqəti çatmayanda nafilə namazları oturaraq qılırdı. Səhabələr bəzən bir rükətdə Bəqərə, Ali-İmran və Nisa surələrini oxuduğunu nəql edirlər. Səcdəyə qapanır, möminləri kainat kitabı haqda təfəkkürə səsləyən ayələri təkrarlayır və hıçqıra-hıçqıra ağlayırdı. Bir gün Onu (s.a.s.) bu halda görən həzrət Aişə: “Uca Allah bütün günahlarını bağışladığı halda nə üçün özünə bu qədər əziyyət verirsən?” deyə soruşdu. Rəsulullah (s.a.s.) həyat yoldaşına belə cavab verdi: “Rəbbimə şükür edən bir qul olmayım?!”[4] Deməli, Rəsulullah (s.a.s.) istiqaməti bu cür anlamışdı.
Səhabələr nəql edir ki, bu ayə nazil olandan sonra Rəsulullahın (s.a.s.) saçlarına dən düşməyə başlamışdı. Bunu Rəsulullaha (s.a.s.) xatırladanda onlara: “Məni Hud surəsi qocaltdı” demişdi. Hud surəsi Rəsulullahın belini bükdü də deyəbilərik. Çünki ayədə elə hökm qoyulmuşdu ki, sadəcə müəyyən ibadətlərlə həmin hökmün icrası bir az çətin idi. İstiqamətin hər hansı sərhəddi olmadığına görə istənilən əməlin bu ayənin gərəyini yerinə yetirdiyini iddia etmək olmaz. Yəni istənilən yaxşı əməl haqda “mən bu əməli işlədim deməli, istiqamətin gərəyini yerinə yetirdim” demək qeyri-mümkündür. Bu nöqteyi-nəzərdən Allahdan gələn bütün əmrlərə səbir, təvəkkül, təslimiyyətlə yanaşan Rəsulullaha (s.a.s.) bu ayə ağır gəlmişdi. Çünki Onun (s.a.s.) ayələri anlaması, həssaslığı tamam başqa idi.
Allah dostlarından biri şükürlə əlaqəli belə deyir: “Ey Rəbbim! Sənə olan şükrümü necə əda edə bilərəm?” Mənə şükür etmək nemətini verdiyin üçün ayrıca şükür etməliyəm. Ömür boyu sənə şükür eləsəm də, sənin lütf elədiyin nemətlərin şükrünü yerinə yetirə bilmərəm.”
Sədi Şirazi də məşhur “Gülüstan” əsərində şükür haqda belə yazır: “Hər nəfəs üçün iki dəfə şükür etmək lazımdır.” Çünki insan nəfəs almadığı təqdirdə ölə bilər. Eynilə bunun kimi aldığı nəfəsi geri verməsə, yenə ölər. Allah sadəcə nəfəs alıb-verməklə belə insana iki həyat bəxş edir. İnsan ona kiçik yaxşılıq edənlərə belə təşəkkürü özünə borc bilir. Bu səbəbdən ona sonsuz nemətlər lütf edən Rəbbinə görəsən necə şükür etməlidir? Rəsulullah (s.a.s.) da məhz bu məsələnin şüurunda olduğuna görə “Əmr edildiyin kimi doğru ol” ayəsi qarşısında qəddi bükülürdü...
[1] Təbərani, Mucəmul-kəbir, 17/286.
[2] Hud surəsi, 11/112.
[3] Beyhəqi, Şuabul-iman, 4/82.
[4] Buxari, Təhəccüd 16; Müslim, Salətül-münafiqin, 81.
Meneviyyat.az