Ekskluziv
4102
07 Oct 2022 | 18:51

"Araşdırmanın nəticəsini olmadan hadisələri yanlış istiqamətə yönəltmək doğru deyil"

Bü gün yerli kütləvi informasiya vasitələrində ağrılı-acılı bir xəbər aldıq. Məlum oldu ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Quliyev Vahid Əlifağa oğlu bu gün səhər saatlarında kəskin ürək-damar çatışmazlığı nəticəsində vəfat edib. Hər bir hərbçimizin həyatı və sağlamlığı həm komandanlıq, həm də vətəndaşlarımız üçün çox qiymətlidir, buna görə də ictimaiyyət də bu hadisəyə çox həssas reaksiya nümayiş etdirir. Bəzi sosial şəbəkə istifadəçiləri isə vəfat edən hərbi qulluqçunun gənc çağırışçı olması barədə qeyri dəqiq məlumatlar paylaşdığına görə Quliyev Vahid Əlifağa oğlu barədə bəzi detalları dəqiqləşdirdim. 
 
Məlum oldu ki, ürək çatışmazlığından dünyasını  dəyişən Quliyev Vahid Əlifağa oğlu müddətli hərbi xidmətdə deyil, yəni çağırışçı əsgər deyil. O, 1978-ci ildə anadan olub və vəfat edənə qədər Azərbaycan Ordusunda gizir rütbəsində xidmət edirdi. Orduda xidmət edən hər bir hərbi qulluqçu isə, vəzifəsindən və rütbəsindən asılı olmayaraq, heç bir şikayəti olmasa belə ildə 2 dəfə ətraflı tibbi dispanserizasiyadan keçir. Amma buna baxmayaraq ürək çatışmazlığı bəzən tam sağlam insanları da, o çümlədən 44 yaşında olan hərbçimizi də yarı yolda qoya bilir. Bəzən biz gündəlik həyatımızda daha gənc yaşlı insanların bu xəstəlikdən dünyasını dəyişməsinin də şahidi oluruq. Kimsə hərbçimizin nəinki dünyasını dəyişməsini, hətta dırnağına belə daş dəyməsini istəməzdi, amma bəzən bizdən ya həkimlərdən az şey asılı olur. 
Təbii ki, istənilən hərbçimizin bu və ya digər səbəbdən həyatını itirməsi faktla bağlı aidiyyəti hüquq mühafizə orqanları tərəfindən mütləq araşdırma aparılır və araşdırmanın nəticəsində cinayət işi açılır. Odur ki, araşdırmanın nəticəsini gözləməliyik, bu nəticə olmadan hadisələri bilərəkdən ya bilməyərəkdən yanlış istiqamətə yönəltmək, 44 yaşlı məhrum hərbçimizi ictimaiyyətə “gənc əsgər” kimi təqdim etmək, detalları bilmədən tanımadığımız həkimləri təqsirləndirmək və ya mühakimə etmək doğru deyil. 
 
Hər birimiz belə həssas məsələlərdə diqqətli olmalıyıq, vəfat edənin və ya həlak olanların yaxınlarının dərdinin üstünə dərd əlavə etməməliyik. 
Allah bütün şəhidlərimizə həlak olan və dünyasını dəyişən hərbçilərimizə rəhmət eləsin!
 
Ədalət Verdiyev, hərbi ekspert
Link kopyalandı!
Son xəbərlər