Az gülün, çox ağlayın!..
"Rəbbimiz ruhumuza riqqət hissi, incəlik bəxş eləsin. Günahlarımız, cəmiyyətin çaşbaşlığı, nəslimizin hədər olması qarşısında Rəbbim qəlblərimizi ürpərtsin, bizə haqqı xatırlatsın, bizi oyandırsın..."
Allah Rəsulu (s.ə.s) Meraca yüksələrkən – bəzi mühəddislərin bəyanına görə – Rəbbimizlə görüşmüş və Onu əzəmətini müşahidə etmişdi. Bu yolçuluğunda Cənnətin bütün ehtişam və gözəlliyini, Cəhənnəmin dəhşət saçan mənzərəsini görmüşdü.[6] Üstəlik, orada qədər qələmlərinin səsini eşitmiş və məlaikeyi-kiramı (böyük mələkləri) şəxsən müşahidə eləmişdi.[7] Mələklərin − dərəcələrinə görə, − bəzisini rükuda, bəzisini səcdədə, bəzisini də qıyamda gördüyü kimi, müəyyən bir məqamda Cəbrayılın (ə.s) Rəbbin hüzuruna yaxınlaşmanın məhabəti (mənəvi qorxu) ilə qıvrım-qıvrım qıvrılmasına da şahid olmuşdu. Hətta daha sonralar o məqama çatana qədər Cəbrayılın Allaha qarşı bu qədər ədəbli, tərbiyəli və sayğılı olduğunu bilmədiyini xəbər vermiş, onun tərbiyəsinə diqqət çəkmişdir.[8]
Allah Rəsulu (s.ə.s) insanı-kamili təmsil edir. Bu rəvayətlərə əsaslanaraq deyə bilərik ki, Peyğəmbərimiz (s.ə.s) insanın bilməli olduğu hər şeyi bütün təfərrüatı ilə bilirdi. O, insanı dəhşətə salan və ya ona həvəsləndirən, şövq verən şeyləri də bilirdi. Buna görə də, çox ağlayır, az gülürdü. Hətta səhabə Onun (sallallahu əleyhi və səlləm) ömründə üç və ya dörd dəfə azı dişləri görünəcək şəkildə güldüyünü rəvayət edir.[9] Ancaq unutmayaq ki, Onun çöhrəsindən heç vaxt təbəssüm əksik olmayıb.[10] Bu, onun imanından qaynaqlanırdı. Bizim bildiyimizi, O görmüşdü. İnsanın nəyi itirəcəyini, qazanarsa qarşılaşacağı ağlasığmaz mükafatın nə olduğunu bilirdi. Şübhəsiz ki, bu hüzn, ümməti ilə, bəşəriyyət ilə bağlı idi. “Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir.”[11] Yenə bir dəfə səhabəyə söhbət edərkən axirət yurdunu təsvir edirdi: “Mən qiyamətdə hovuzumun başına keçəcəyəm. Hovuzun başına gələn bəzi adamları qovacaqlar. Mən onların mənim əshabım olduğunu deyəcəyəm. Mənə deyiləcək ki: “Sən səndən sonra onların nə işlər gördüyünü bilmirsən”. Mən də saleh qul olan Hz. İsanın dediyi kimi deyəcəyəm: “Ya Rəbbi! Nə qədər ki, onların arasında idim, onlara şahid mən idim (onları belə nalayiq hərəkətlər etməyə qoymurdum). Sən məni (göyə qaldırıb dərgahına) qəbul etdikdən sonra onlara nəzarətçi Özün oldun. Yalnız Sən hər şeyə şahidsən! Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən” [12]
Peyğəmbərimiz (s.ə.s) məhz bütün bunları gördüyü üçün çox ağlayır, az gülürdü. Bizlər də Onun ümməti olaraq eyni istiqamətdə Ona (s.ə.s) tabe olaraq, Onun yolu ilə gedərək heç olmasa günahlarımıza görə çox ağlayıb az gülməliyik...
Çox təəssüf ki, müasir dövrdə Axirəti düşünmə hissi çox azalıb. Qəlblər Rəbbin əzəməti qarşısında sərtləşərək, elə bil, daş kəsilib. Quranı Kərimin bu ayələri sanki halımızı bəyan edir. Bəlkə də, Allah qorusun, çoxumuza şamildir. “Bu hadisədən sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da bərk oldu. Həqiqətən, bəzi daşların içərisindən çaylar axar, bəzisi yarılıb içindən su fışqırar və bəzisi də Allahın qorxusundan (uca yerlərdən, dağdan) yuvarlanıb parça-parça olar. Allah sizin etdiklərinizdən, əlbəttə, qafil deyildir!”[13]
Elə isə çox ağlamalı, az gülməliyik və hər daim əbədi qurtuluş üçün Rəbbimizə dua-dua yalvarmalıyıq. Rəbbimiz ruhumuza riqqət hissi, incəlik bəxş eləsin. Günahlarımız, cəmiyyətin çaşbaşlığı, nəslimizin hədər olması qarşısında Rəbbim qəlblərimizi ürpərtsin, bizə haqqı xatırlatsın, bizi oyandırsın və özümüzü yeniləməyə müvəffəq etsin...
Mənbələr:
[6] Baxın: Əliyyulqari, Şərhuş-Şifa 1/379-430.
[7] Buxari, Salat 1, Ənbiya 5; Müslim, İman 263.
[8] Baxın: Əliyulqari, Şərhu-Şifa 1/431, 434-435
[9] Baxın: Buxari, Təfsir (39) 2, Tövhid 19, 36, Riqaq 44, 51; Müslim, İman 308-310, Sıfatül-münafiqin 19, 30.
[10] Baxın: Tirmizi, Mənaqib 10; Əhməd ibn Hənbəl, əl-Müsnəd 4/190, 191.
[11] Tövbə surəsi, 9/128
[12] Maidə surəsi, 5/117-118; Müslim, Cənnət, 58
[13] Bəqərə surəsi, 2/74
Meneviyyat.az