İran polisi bir qızı İslam geyim qaydalarına riayət etmədiyinə görə ölümcül döyüb...
İranda 22 yaşlı Məhsə Amini vəhşicəsinə qətlə yetirilib. O, ailəsi ilə birgə Tehranda qonaq olub.
Qız İran paytaxtının küçələrinə çıxıb, orada o, İran qadınlarının dress-koduna (geyim qaydaları) riayət edilməsinə nəzarət edən əxlaq polisi tərəfindən saxlanılıb.
Bu qaydalar ictimai yerlərdə mütləq şəkildə hicab gəzdirilməsini nəzərdə tutur.
Moderator.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.
Qızın qohumları iddia edir ki, həbs edilən zaman o, tamamilə sağlam olub.
Saxlanılandan bir müddət sonra komaya düşən Amini xəstəxanaya çatdırılıb və sonradan orada vəfat edib.
Rəsmi KİV-lər məlumat verib ki, cəsəd məhkəmə-tibbi ekspertizaya göndərilib.
İranda zorakılıq hallarını izləyən "1500 tsavir" kanalı məlumat verib qızın başına vurulan zərbə ölümcül olub.
Qızın gətirildiyi xəstəxananın yaxınlığında kortəbii nümayiş başlayıb.
Nümayişçilər hökumət əleyhinə şüarlar səsləndirib.
"İrna" hökumət informasiya agentliyi baş verən hadisənin rəsmi versiyasını irəli sürüb.
Qeyd edilir ki, qız "uyğun olmayan geyimdə" bir qrup insanlarla küçədə olarkən saxlanılıb.
Polis onu bölməyə aparıb, orada Amini qəflətən bölmədə olanların gözü qarşısında huşunu itirib.
Hüquq-mühafizə orqanları iddia edir ki, fiziki zorakılıq tətbiq edilməyib.
Onlar, guya, vəfat edən qızın ailəsinə videomüşahidə kameralarının təsvirlərini göstərib.
Görüntülərdə qızın polis bölməsinə gəldiyi andan huşunu itirdiyi anadək bütün hərəkətləri qeydə alınıb.
İran prezidenti İbrahim Rəisi baş verən hadisənin araşdırılmasımı tələb edib.