“Onlar Ermənistanı təhrik edirlər ki, sülh müqaviləsini imzalamaqdan yayınsın...”
5725
14 Sep 2022 | 13:40

“Onlar Ermənistanı təhrik edirlər ki, sülh müqaviləsini imzalamaqdan yayınsın...”

“Ona görə də müxtəlif qüvvələr gərginliyin artırılması istiqamətində  fəaliyyətlərini hələ də davam etdirəcək...”  
 
AMİP lideri, istiqlalçı deputat Etibar Məmmədov Moderator.az əməkdaşının Azərbaycan-Ermənistan sərhədindəki son qanlı qarşıdurmadan sonra yaranmış hərbi-siyasi durum haqdakı suallarını cavablandırıb.
 
-Etibar bəy, Ermənistanla sərhəddəki ağır itkilərlə nəticələnmiş son qarşıdurma bölgədəki hansı perspektivdən xəbər verir?
 
-Öncə son döyüşlərdə şəhid olmuş cəmi oğullarımızın ailələrinə, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığımı yetirmək istərdim... Allah rəhmət eləsin!..
 
Belə görünür ki, Ermənistan sülhə məcbur edilməsə, proses hələ də davam edəcək. Yəni bu ölkənin Azərbaycanla sülh müqaviləsini imzalamasına mane olan dövlətlər var. Onlar da Ermənistanı təhrik edirlər ki, müqaviləni imzalamaqdan yayınsın.  Və əsas məsələ də 10 noyabr üçtərəfli bəyanat-razılaşmasının müddəalarının yerinə yetirilməməsi ilə bağlıdır.  Xüsusən də Zəngəzur dəhlizi məsələsi ətrafında problemlər yaradılır. Ona görə də, zənnimcə, müxtəlif qüvvələr gərginliyin artırılması istiqamətində  fəaliyyətlərini hələ də davam etdirəcək...  
 
Təbii ki, insan itkilərimiz, şəhidlərimiz hamımızın ürəyini ağrıdır. Ancaq hərbçilərimizin şəhid olması və millətimizin verdiyi itkilər əvəzsiz qalmır. Ordumuzun rəşadəti sayəsində şəhidlərimizin qisası alınır və düşmənin hərbi infrastrukturu dağıdılması sülhə məcburetmə əməliyyatı istiqamətində fəaliyyət davam etdirilir. Yəni bütün mümkün vasitələrlə Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur etmək gərəkdir...
 
-Sülh müqaviləsinin imzalanmasına mane olan dövlətlər deyəndə hansıları nəzərdə tutursuz?
 
- Bu, bir dövlət deyil.  Bu siyahıda bir neçə aparıcı dövlət var; yəni Rusiya var, ABŞ var, Fransa var. Və həmin dövlətlər Güney Qafqazda nüfuz dairəsi uğrunda mübarizə aparır.  Qərb, yəni bu halda ABŞ və Fransa Rusiyanın buradan sıxışdırıb çıxarmağa cəhd edir. Təbii ki, Rusiya isə əksinə, ABŞ və Fransanı bu bölgəyə buraxmamağa çalışır. Və bunun nəticəsində də daim gərginlik yaranır və hər iki tərəf Ermənistandan bir alət kimi istifadə edir... 
 
-Onda belə çıxır ki, Zəngəzur dəhlizinin taleyi hələki qaranlıq qalır?
 
-Görünür, əgər Rusiya Ermənistanı Zəngəzur  dəhlizini açmağa məcbur etməsə, problemlər hələ olacaq.  Çünki bu dəhlizin açılmasının əleyhinə  həm  də Avropadakı bir sıra qüvvələr mane olurlar. Eləcə də İran da buna əngəl törətməyə çalışır.  Amma  Zəngəzur dəhlizinin 10 noyabr bəyanatındakı şərtlərlə açılması Rusiyanın mənafelərinə uyğundur.  Odur ki, bütün təzyiqlər Paşunyana qarşıdır.  Və hər iki  tərəf ona təzyiq edir ki, onların mənafelərinə qulluq etsin.  Ancaq əvvəl-axır biz Ermənistana təzyiqləri daha da artırmalıyıq ki, Zəngəzur dəhlizini açmağa da, Azərbaycanla sülh müqaviləsini də imzalamağa  məcbur olsun...
 
(Ardı var)
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər