“Deyirdi ki, məndən sonra necə yaşayacaqsan, evdə qadın yoxdursa o ev yasxanadır...”
4656
12 Sep 2022 | 09:26

“Deyirdi ki, məndən sonra necə yaşayacaqsan, evdə qadın yoxdursa o ev yasxanadır...”

“Nizami Gəncəvi deyirdi ki, “yazdığın əsəri demə, dedinsə yaza bilməyəcəksən”. Həqiqətən də bu söz doğrudur. Elə ki, deyirəm filan mövzu üzərində işləyirəm, elə işləyə-işləyə də qalır, onu bitirə bilmirəm (gülür). Bu qəribədir. Bir neçə şeirim nüfuzlu qəzetlərdə çap olunur. Şair, yazıçı arzularla, hisslərlə yaşayır”
 
Bunu Moderator.az-a açıqlamasında xalq şairi Nəriman Həsənzadə deyib. O daha sonra əlavə edib.
“Ədəbiyyatımızda gözəl əsərlərimiz, şeirlərimiz çıxır, şairlər meydana gəlir. Gözəl, yaxşı şey hər zaman az olur. Çox olsa itər. İstedad hər zaman güclüdür. İstedad bir olur, istedadsız çox olur. Gənclərə tövsiyyəm odur ki, nə qədər ki, gəncsiniz işləyin, yaradıcılğınızı sonraya qoymayın. Sonraya qoysanız itirəcəksiniz. Zəhmətlə, istedadla şöhrətə çatın, sonra şöhrət sizin arxanızca gələcək. O vaxt çox çətin idi, hər şeyi qəbul etmirdilər. “Nəriman” poemasında yazmışdım ki, “Nəriman dedikcə Nərimanlaşıb, özüm də dəyişdim bu neçə ildə”. Bu sözə yuxarılar dedilər ki, “Nərimanlaşmaq yox, yeniləşmək lazımdır”. Deyirdilər ki, sən ədəbiyyat qəzetində işləyə bilməzsən” deyə o bildirib.
 
Nəriman Həsənzadə ömür-gün yoldaşı Sara xanımdan da danışıb, onu hər zaman xatirələrdə axtardığını deyib.
“Sara mənə ən yaxın adam olub. Bütün sirrimi onunla bölüşmüşəm. O vaxt yazıçılar arasında sataşmaq, zarafat etmək var idi. Ona deyirdilər ki, “Sara, Nəriman filan yerdədir, elə-belə”. Deyirdi ki, canı sağ olsun. Başqa yerdə tərifləyirdi, gəlib evdə küsürdü məndən. İşə gedəndə arxamca su səpirdi. Evdə hər zaman hörmət görmüşəm. Sara başa düşürdü ki, mən yaradıcı adamam, ona görə də mənə şərait yaradırdı. Qayğılarımı onunla bölüşdürmüşdüm, mənə çox kömək edirdi. Xəstəliyini biləndən sonra evdə hər axşam ağlayırdı. Mənə deyirdi ki, “sən mənsiz necə yaşayacaqsan?”. Deyirdim ki, sənə heç nə olmayıb. Bir evdə qadın yoxdursa, o ev yasxanadır. Qadın səs-küydür, həyatdır, hər şeydir. Hər dəfə gələndə üzümə qapını o açırdı. Onun ölümündən sonra bir il mən ağladım, çünki qapını özüm-özümə açırdım. Evə niyə gəldiyimi də bilmirdim” deyə Nəriman Həsənzadə deyib.
Link kopyalandı!
Son xəbərlər