“Alternativ yolun Şuşa rayonunun Böyük və Kiçik Qaladərəsi kəndlərindən keçən hissəsi boyu “dəhliz” anlayışı keçərsizdir…”
"Azərbaycan nəyə görə hayların nazını nəzərə alıb öz ordusunun dislokasiya yerini dəyişdirməli və belə bir yüksəkliyi əldən verməlidir?.."
-FİKİR SAVAŞI...-
Laçın şəhəri də, nəhayət, 30 il 3 aydan sonra azad edilərək Azərbaycan dövlətinin birbaşa yurisdiksiyasına qaytarıldı... Allaha min şükürlər olsun! Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə və hazırda xidmətdə olan hərbçilərimizə cansağlığı diləyirik... Yaradan dövlətimizi və ordumuzu qorusun!..
Fəqət, yenə də eyforiyaya qapılıb arxayınlaşmaq olmaz. Hələ də Qarabağda bir çox yarımçıq işlərimiz qalmaqdadır. Hələ həll etməli olduğumuz həm hərbi-siyasi, həm də iqtisadi-sosial problemlər çoxdur... Hələ Xankəndi, Əsgəran, Xocalı, Xocavənd, Ağdərə, Ağdam, Kəlbəcər və Tərtər rayonlarının xeyli əraziləri Rusiyanın və deməli, separatçı və işğalçı xislətli hay rejiminin nəzarətindədir... Azərbaycanın əsil, tam və qəti qələbəsi o zaman baş verəcək ki, 1988-ci ildən öncə olduğu kimi, Bakıdan Qubadlıya gələn hər bir vətəndaş oradan da sərbəst şəkildə Laçına və Laçın-Şuşa yoluyla Şuşaya yetişəcək. Biz Bakıdan Ağdama, oradan da sərbəst olaraq Əsgəran, Xocalı və Xankəndindən keçməklə Şuşaya yetişə bilək. Həmçinin Tərtərdən Ağdərə yoluyla Kəlbəcərə çata bilək...
Lakin ötən şərhlərimizdə bəzi nüansları nəzərdən qaçırmışıq. Həmin məqamlardan bəhs etməzdən öncə köhnə və yeni Laçın yolları haqda təsəvvürünüzü genişləndirmək mqəsədi ilə bu günlərdə də Laçın şəhəri və ətraf kəndlərində olmuş, eləcə də Laçın-Şuşa yolu vasitəsilə Şuşaya yollanmış nəqliyyat eksperti Ərşad Hüseynovun “Facebook” səhifəsində alternativ yol haqda verdiyi şərhi nəzərinizə çatdırırıq:
“Yeni yolun uzunluğu barədə məlumatınız var: təxminən 32 km-dir. Bunun təxminən 10 km hissəsi Qərbi Zəngəzur ərazisindədir. Həmin hissə bizim üçün maraqlı deyil, çünki qonşu dövlətin (Ermənistanın) ərazisidir. Azərbaycan ərazisinə yeni yolun 22 km-lik hissəsi düşür. Bu da bizim iki rayonumuza aiddir: təxminən 8-9-km Laçın rayonunun ərazisinə, qalanı (13-14 km) Şuşa rayonunun ərazinə düşür.
Beləliklə, yeni yolun Laçın rayonu ərazisindən keçən hissəsi maksimum 9 km-dir. Marşrut elə seçilib ki, Laçın rayonu ərazisində bu yol maksimum qısa olsun, həm də yaşayış məntəqələrindən və yararlı torpaqlardan imkan daxilində yan keçsin. Ona görə də yeni yol yalnız Qayğı qəsəbəsindən keçir, Laçının başqa heç bir kəndindən keçmir (Məlumat üçün: Qayqı qəsəbəsi 1980-ci illərin sonunda separatçılar baş qaldırdıqdan sonra tikilməyə başlamış, bir neçə ev tikilmişdi. Lakin Laçının işğalı işləri yarımçıq qoydu. İşğal vaxtı vandallar qəsəbədə olan bütün evləri fundamentinə qədər söküb aparıblar, çünki onların tikintisində mişar daşları və beton plitələrdən istifadə edilmişdi).
Yolun Azərbaycana aid hissəsi Həkəri üzərindəki körpüdən başlayır (Zabux kəndindən təxminən 18 km uzaqda). Burada Həkəri sərhəd çayıdır.
Yeni yolun köhnə yolla müqayisəsi isə belədir. Qeyd etdiyim kimi, yeni yolun Laçın rayonu ərazisinə düşən hissəsi maksimum 9 km-dir, köhnə yol isə Laçın şəhərinin mərkəzindən keçməklə rayon arzisində uzunluğu təxminən 30 km-dir (23 km Laçından Qərbi Zəngəzurun sərhədinə qədər, təxminən 7 km Laçından Şuşa rayonun ərazisinə keçənə qədər). Göründüyü kimi, yeni yolun rayonumuzdan keçən hissəsi köhnə yolun rayonumuzdan keçən hissəsindən ən azı 20 km qısadır.
Sülhməramlıların yeni yol boyu nəzarət edəcəyi ərazinin parametrləri ilə bağlı məsələ isə, mən bildiyim qədər hələ ki, açıqdır. Bunun əvvəlki kimi 5 km-lik (yolun hər iki tərəfinə 2,5 km olmaqla) zona, yoxsa sadəcə yolboyu daha kiçik bir zona olacağı yaxın günlərdə tam aydın olacaq...
Yolun Şuşa rayonu ərazisinə düşən hissəsi isə hələ ki, sülməramlıların nəzarəti altındadır, çünki Şuşa rayonunun Vətən müharibəsi zamanı azad edilən əraziləri (o cümlədən Şuşa şəhəri) istisna olmaqla, qalan bütün ərazisi sülhməramlılaın nəzarət zonasıdır.
Çox vacib məsələ isə odur ki, yeni yol sayəsində bizim camaat sülhməramlıların müşayiəti və hər hansı xüsusi yoxlama tədbiri, hər hansı xüsusi qrafik olmadam cənubdan Laçın rayonuna keçə və geri qayıda biləcək. Sülhməramlıların postu olacaq, lakin onlar yoxlama aparmadan sadəcə nəzarət edəcəklər ki, insidentlər olmasın. Yollarımız kəsişmir, çünki körpü həm də qovşaqdır, bizim camaat körpünün altından, onlar üstündən hərəkət edəcəklər (bu rejim yaxın günlərdə tətbiq ediləcək)…”
Hörmətli ekspertin qeyd etdiyi kimi, sülhməramlıların yeni yol boyu nəzarət edəcəyi ərazinin parametrləri ilə bağlı məsələ, hələ ki, açıqdır. Bunun əvvəlki kimi 5 km-lik (yolun hər iki tərəfinə 2,5 km olmaqla) zona, yoxsa sadəcə yolboyu daha kiçik bir zona olacağı məlum deyil…
Ötən şərhlərimizdə nəzərdən qaçırdığımız nüans da məhz alternativ yolla bağlıdır. Əvvəla, bir daha xatırlatmaq yerinə düşər: dövlət başçısının son çıxışlarından birində Laçın dəhlizi yox, Laçın yolu ifadəsi işlətməsi, həmçinin bəzi hakimiyyət rəsmilərinin telekanallarda müzakirələr zamanı “10 noyabr bəyanatına görə də alternativ yola dəhliz statusu verilə bilməməsi” söyləməsindən belə nəticəyə gəlinir ki, artıq Qarabağdan Ermənistana yeni yolun dəhliz statusu alacağından danışmaq yersizdir. Digər tərəfdən, məsələ ondadır ki, Şuşa rayonunun Şuşa şəhəri və Daşaltı kəndi istisna olmaqla qalan bütün ərazisi 10 noyabr razılaşmasına əsasən Rusiya hərbi kontingentinin nəzarəti altındadır. Odur ki, alternativ yolun keçdiyi Şuşa rayonunun Onverst, Böyük və Kiçik Qaladərəsi kəndləri ərazisində artıq dəhliz yaratmağa ehtiyac yoxdur. Bu səbəbdən Kiçik Qaladərəsindən, yəni alternativ yoldan Laçın rayonunun qonşu Ağanus kəndi istiqamətində də 2,5 km-lik zolaqdan danışmaq məqsədəuyğun deyil. Çünki razılaşmaya əsasən dəhliz Şuşa ərazisindən deyil, yalnız yolun Laçın rayonu ərazisindən keçən hissəsində verilə bilər. Şuşa rayonunun əksər hissəsi, o cümlədən Böyük və Kiçik Qaladərəsi kəndləri, həmçinin hər iki kənddən Laçın rayonu ilə sərhədə, yəni İrçan və Cəmbərəxaç kəndləri ərazisinə qədər hava xətti ilə 5-6 km-lik enindəki ərazi də Rusiya hərbçilərinin nəzarətindədir. Şuşa, yaxud keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Laçın rayonlarının sərhədi Laçının Unannovu kəndi yaxınlığından keçir. Yəni yeni yolda dəhliz olsa belə, məhz həmin ərazidən başlamalı və Ermənistanla sərhəddə - Həkəri çayının o tayında bitməlidir. Bir sözlə, alternativ yolun Şuşa rayonunun Böyük və Kiçik Qaladərəsi kəndlərindən keçən hissəsi boyu “dəhliz” anlayışı keçərsizdir… Bu mənada hayların avqustun əvvəlində Laçın şəhəri və Zabux, Aşağı Sus kəndlərindən hayların çıxarılması məsələsi gündəmə gəldikdən az sonra iddia etdiyi Ağanus, eləcə də Kəravuz və Fətəlipəyə kəndlərinin heç biri Rusiyanın “sülhməramlı” kontingentinin nəzarətində qala bilməz. Və həmin məntəqələr Rusiya tərəfindən qeyd-şərtsiz Azərbaycan dövlətinin nəzarət və yurisdiksiyasına qaytarılmalıdır…
Yeni alternativ yola dəhliz statusu verilməsi, üstəlik, Şuşa və Laçın rayonları ərazilərinin kəsişməsində də belə bir dəhlizin yaradılması Azərbaycanın strateji maraqlarına da böyük zərbə olar. Çünki yolun keçdiyi Kiçik Qaladərəsindən 2,5 km-lik məsafə Qubadlı-Laçın yolu yaxınlığındakı Tavanevi adlanan əraziyə -keçmiş Yevlax-Laçın-Ermənistan-Naxçıvan qaz kəmərinin keçdiyi yola düşür ki, oradan həmin yola məsafə təxminən 500 metr, Şuşa-Laçın yoluna 1500 metr, Laçın şəhərinə isə təxminən 2000 metrdir. Bu isə o deməkdir ki, həm Qubadlı-Laçın, həm də Şuşa-Laçın yolları yenidən Rusiya hərbi kontingentinin və dolayısıyla hay separatçı və terrorçularının nəzarətində qalır…
Onu da nəzərə almaq gərəkdir ki, Ağanus kəndi ərazisindəki Ağdaş yüksəkliyində (1784 m) “Azersell” mobil operatorunun rabitə qülləsi qurulub və yanında Azərbaycan ordusunun hərbi birləşməsi yerləşdirilib. Bu yüksəklikdən nəinki Kiçik Qaladərəsi kəndi və alternativ yolun böyük bir hissəsini, həm də Laçın şəhərini, hazırkı Şuşa-Laçın yolunu, həmin yol yanındakı ermənilər yaşayan Böyük Qaladərəsi, Onverst, Göytala və s. kəndlərini, həm Qubadlı-Laçın yolunu, eyni zamanda Ermənistan ərazisindəki Dığ, Gorunzur kəndlərini nəzarətdə saxlamaq mümkündür... Azərbaycan nəyə görə "sülhməramlı"ların tələbini və hayların nazını nəzərə alıb öz ordusunun dislokasiya yerini dəyişdirməli və belə bir yüksəkliyi əldən verməlidir?..
Və səhər saatlarında xəbər verdiyimiz kimi, Laçında 30 ildən çox qanunsuz məskunlaşmış hayların keçmiş qanunsuz "mer"i Narek Aleksanyan dünən – avqustun 29-da, sözsüz ki, Rusiya tərəfinin dolayı diqtəsi ilə belə bir sərsəm mülahizə çərənləyib:
“Laçın rayonunda 3 yaşayış məntəqəsi yeni dəhlizə düşür. Diplomatiyamız yaxşı işləsə, o zaman bu 3 məntəqəni köçkün ermənilərlə məskunlaşdırmaq mümkün olacaq…"
Separatçı rejim mənsubu, yəqin ki, 3 kənd dedikdə, hayların məskunlaşdığı Böyük və Kiçik Qaladərəsi kəndlərinə digərlərindən daha yaxın olan Ağanus, Unannovu və Mığıdərə kəndlərini nəzərdə tutur. Bu da ondan irəli gəlir ki, Rusiya hərbi kontingentinin komandanı A.Volkov Xankəndində separatçı ünsürlərlə son görüşündə alternativ yolda da 5 km-lik dəhliz prinsipinin qalacağına söz verib...
Öncə dediyimiz kimi, 10 noyabr razılaşmasına əsasən ədalət və məntiqlə yanaşdıqda, Ağanus kəndinin də dəhliz ərazisinə salınması doğru deyil. Ağanus kəndinin Turşsu adlanan aşağı hissəsi, Fətəlipəyə və Kəravuz kəndləri isə hətta yeni yol ətrafında dəhliz olacağı təqdirdə belə, həmin yoldan 2,5 km-dən uzaq məsafədə yerləşirlər…Laçın rayonunun alternativ yol ətrafındakı Unannovu, Mığıdərə, Dəyirmanyanı, Məlikpəyə, Malxələf və s. kəndlərinə, gəldikdə isə, Azərbaycan tərəfi möhkəm dayansa və 10 noyabr üçtərəfli razılaşmasına zidd olaraq son iki ilə yaxın müddətdə nəinki dəhliz, heç bir cığır da verilməmiş Zəngəzur dəhlizi məsələsini də ortaya qoysa, bu yaşayış məntəqələri də Azərbaycanın nəzarətində qalmalıdır. Rusiya hərbçiləri uzaqbaşı yeni yola və həmin yolun ərazisindən keçdiyi Qayğı qəsəbəsinə nəzarət edə bilər. “Sülhməramlı”ların alternativ yol üzərindəki 1-ci nəzarət-buraxılış və müşahidə postu isə Həkəri çayı üzərindəki körpünün o tayında, yəni Ermənistanla Gorunzur(Kornidzor) kəndi ərazisindəki sərhədimizdə olmalıdır. Lakin həmin ərazidə paralel olaraq Azərbaycanın da sərhəd, gömrük və s. qurumlarının da postları yerləşdirilməlidir ki, köhnə yolla olduğu kimi, yenidən Xankəndi istiqamətində silah-sursat və terrorçu, hərbçi daşınması baş verməsin…
Həmçinin Rusiya hərbi kontingenti artıq Qubadlı-Laçın yolundakı yəni köhnə Şivid kəndi, Fətəlipəyə və Ağanus-Turşsu ərazisindəki postlarını da yığışdırmalıdır ki, artıq Azərbaycan vətəndaşları bu məntəqələrdən keçən köhnə Qubadlı-Laçın yoluyla sərbəst hərəkət edə bilsin...
Və sonda:
Maraqlıdır ki, hamı torpaqlarımızı işğal edərək kəndlərimizdə qanunsuz məskunlaşmış hayların nazı ilə oynayır, onlara köçmək üçün on günlərlə vaxt verilir, yenidən Qarabağda- Azərbaycan torpaqlarında məskunlaşmalarına icazə verilir, amma köhnə Laçın dəhlizində olmuş Ağanus, Kəravuz, Fətəlipəyə kəndlərinin, eləcə də yeni yol ətrafındakı Unannovu, Mığıdərə, Dəyirmanyanı, Məlikpəyə, Malxələf və s. kəndlərinin 30 ildən artıq didərgin həyatı sürən əsil sakinlərinə dogma yurdlarının taleyi barədə dürüst bir məlumat verən yoxdur…
Sultan Laçın