Ekskluziv
3685
23 Aug 2022 | 14:53

"Ukrayna yalnız əlavə bonusdur..." - Britaniyalı ekspert Putinin əsl məqsədlərini açıqladı

"Rusiya ABŞ tərəfindən Avropada müəyyən edilən qaydaları inkar etdiyi zaman, Çin Asiyada Vaşinqtona meydan oxuyur..."
 
"Soyuq müharibə"dən sonra son 30 ildə yaranan dünya düzəni sona yetməkdədir..."
 
"Putin üçün başlıca məqsəd ABŞ və NATO-nun Rusiyanın əzəməti qarşısında gücsüzlüyünü göstərmək cəhdidir"
 
Rusiya Federasiyasının Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi başlanandan dəfələrlə Vladimir Putinin məqsədinin Rusiya imperiyasının bərpa edilməsi olduğu deyilib. Lakin britaniyalı jurnalist  və yazıçı Filip Şortun fikrinə görə, o, həm də NATO-nun Rusiya Federasiyasının əzəməti qarşısında gücsüzlüyünü göstərməyə cəhd edib. Şort bu yaxınlarda Rusiya prezidentinin tərcümeyi-halı barədə kitab yazıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "Guardian" qəzeti yazıb.
 
Yazıçının fikrinə görə, Putinin istəyi təkcə Kiyevdə hakim rejimi neytrallaşdırmaq deyil, onun üçün NATO-nun onu dayandırmaq qabiliyyətinin olmadığını göstərmək daha vacibdir. 
 
İşğal edilmiş ərazilərdə Ukrayna mədəniyyətini məhv etmək Kreml rəhbəri üçün yalnız "əlavə bonusdur".
 
Şort qeyd edir ki, Putinin Ukraynada "qələbə" haqqında elan etməsi üçün Kremlə o qədər də böyük nailiyyətlər lazım deyil. Bunun üçün bütün Donbası azad etmək və Krıma quru yolla körpü əldə etmək kifayətdir.
 
Bu zaman Şort vurğulayır ki, idealda Rusiya lideri daha çoxunu, o cümlədən Qara dənizin yaxın sahilini istəyərdi. Lakin Rusiya prezidentinin gözlərində hətta daha az uğurları ABŞ-ın əzəmətinin sonsuz olmadığını göstərə bilər.
 
"Ukraynadakı münaqişə təcrid edilmiş deyil. Rusiya ABŞ tərəfindən Avropada müəyyən edilən qaydaları inkar etdiyi zaman, Çin Asiyada Vaşinqtona meydan oxuyur. Elə bir geosiyasi proses başlanıb ki, onun nəticələri tam dolğunluqla onilliklər ərzində təzahür etməyı bilər. Lakin "soyuq müharibə"dən sonra son 30 ildə yaranan dünya düzəni sona yetməkdədir", - Şort əlavə edib.
 
Britaniyalı jurnalistin fikrinə görə, Putinin planlarının gerçəkliyi cəbhədəki vəziyyətdən, daha dəqiq desək, payızda və qışda, Kiyevin Qərb tərəfdaşları üçün enerjidaşıyıcılarının qıtlığı və həyatın sürətlə bahalaşması getdikcə daha çox hiss ediləndə,  Qərbin Ukraynaya dəstəyindən asılı olacaq.
 
Bu ərəfədə isə Böyük Britaniya ordusunun sabiq komandanı polkovnik Ricard Kemp oxşar fikir söyləyib.
 
O, bəyan edib ki, qarşıdakı payız və qışda Qərb tərəfdaşları Ukraynaya xəyanət edə bilər, çünki Putin növbəti dəfə qaz şantajına əl ata bilər. 
 
Kempin fikrinə görə, Rusiya-Ukrayna müharibəsi "dərin dondurulma" fazasına keçə bilər, Ukrayna ilə müttəfiq ölkələr isə prezident Vladimir Zelenskiyə Putinə güzəştə getməsi üçün təzyiq göstərməyə başlayacaq.
 
Britaniyalı jurnalist və yazıçı Filip Şort Putinin 700 səhifəlik tərcümeyi-halı barədə kitab yazıb və bu yaxınlarda ABŞ-da dərc edilib. Kitab aydın və qısa şəkildə adlandırılıb- "Putin, onun həyatı və zamanı" (Britaniya nəşrində ad daha uzundur).
 
Kitabda indiyədək məlum olmayan faktlar və detallar göstərilib və onu Rusiyanın indiki prezidenti haqqında məhz bioqrafik hekayət cəhdi adlandırmaq olar, çünki indiyədək Putin barəsində yazılan əksəriyyət kitablarda Rusiyanın lideri kimi əsas diqqət onun siyasi davranışının təhlilinə yönəlib.
 
Müəllif Putinin uşaqlıq və gənclik illərinə incəliklərinədək ekskurs edib, bu, rəylərin, o cümlədən tənqidi mülahizələrin əksəriyyətində də qeyd edilib.
 
Lakin bir sıra tənqidçilərdə britaniyalı müəllifin qərəzsiz olmaq istəyinin Putinə əsasız və çətin izah edilən etimad krediti verməsi hissiyatı yaradıb.
Link kopyalandı!
Son xəbərlər