Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
15773
20 Jun 2022 | 14:02

Ermənilər hansı halda Laçın “dəhlizi” və ya alternativ yolda təxribatlar törədə bilər?..

"Zabux kəndindəki ermənilərin üzdəniraq terrorçu “mer”i daşnak Andranik Çavuşyanın da kənddən 4-5 km məsafədə çalışan Azərbaycan inşaatçılarına qarşı təxribatlar təşkil etməsi mümkündür..."
 
"Alternativ yol ətrafındakı Ağdaş(1784 m), Cəddə(1696 m), Pəri çınqılı(1224 m), Susuzluq(1687 m), Baldırğanlı (1353), Qız qəbiri(1156 m)  və s. yüksəklikləri əsla Rusiya hərbçilərinin nəzarətinə vermək olmaz..."
 
Son günlər mediada iyulun 1-də Laçın “dəhlizi”nə alternativ yolun istifadəyə veriləcəyi və nəticədə Laçın şəhəri və dəhliz ərazisindəki bir neçə kənddə qanunsuz məskunlaşmış ermənilərin öz “sülhməramlı” havadarlarıyla birgə həmin məntəqələri tərk edəcəyi haqda xəbərlər erməni toplumunun hələ də ağlı başına gəlməmiş revanşist və irqçi hissəsinin kürkünə birə salıb. Təbii ki, Moskva da bundan narahatdır. Çünki Qarabağdan Qərbi Zəngəzura yeni yolun istifadəyə veriləcəyi halda həmin yolun əsasən Şuşa rayonunun ermənilərin məskunlaşdığı kəndlərindən və Laçın rayonunun kəndlərinin bilavasitə içərisindən deyil, xeyli uzaqlığından keçməsi səbəbindən Rusiya hərbçilərinin hayların təhlükəsizliyini təmin etməsinə o qədər də ehtiyac qalmayacaq. İllah da Şuşanın Sarıbaba, Onverst, Böyük və Kiçik Qaladərəsi kəndlərindəki ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməyə razılıq verəcəkləri halda Kremlin “sülhməramlı”larının şəltəsi heç işləməyəcək... 
 
Elə alternativ yolun çəkilişində çalışan və Şuşanın kəndlərindəki sakinlərlə qeyri-iradi ünsiyyətdə olan inşaatçılarımızın da söhbətlərindən bəlli olur ki, ermənilərin çoxu açıq deməsə də, Azərbaycan vətəndaşlığını qəbul edərək əvvəlki kimi Bakının tabeliyində yaşamağa meyillidirlər. Bu məsələni, sadəcə, xarici güclərin, xüsusən də Rusiyanın, eləcə də Xankəndi və İrəvandakı revanşistlərin müdaxilələri ləngidir... Qalan ermənilərin isə regiondakı güc üstünlüyünün Türkiyə və Azərbaycan tərəfində olması səbəbindən qınlarına çəkiliblər... 
Bildiyimiz kimi, son günlər  Laçın rayon mərkəzi, eləcə də Zabux və Sus kəndlərindən ermənilərin çıxarılmasına sərt etiraz edən iki əsas məxluq gözə çarpır  “Azadlıq hərəkatı” adlanan radikal hərəkatın həmtəsisçisi Nairi Oxikyan və Zabux kəndinin qanunsuz “meri” Suriya ermənisi, “Daşnaksütyun” fəalı Andranik Şavuşyandır. Bundan əlavə, Qarabağın bir hissəsindəki separatçı-terrorçu rejimin qanunsuz “ombudsman”ı Qeqam Stepanyan da Laçın şəhəri, Zabux və Sus kəndlərindəki hayları “doğma yurdları”nı tərk etməməyə çağırıb... 
N.Oxikyan və A.Çavuşyan isə açıq şəkildə Laçın ərazisindən çıxmamaq üçün müqavimət göstərəcəklərini və hətta təxribat törədəcəklərini bəyan ediblər. Xatırladaq ki, Sultan bəy tərəfindən qoşunu  məhz bu kənd ərazisində darmadağın edilmiş, qulağı türk paşası tərəfindən kəsilmiş təkqulaq erməni generalın Zabuxdakı üzdəniraq adaşı 2020-ci ilin noyabrından bəri ərazidəki Rusiya “sülhməramlı”larının gözü qarşısında meydan sulayaraq 44 günlük savaş zamanı erməni hökumətindən Azərbaycan ordusuyla vuruşmaq üçün aldıqları silahları heç ruslara da təhvil vermədiyini həyasızcasına bildirir. Guya Rusiya hərbçiləri istəsə, A.Çavuşyanı və dəstəsini tərksilah edə bilməz?  Təbii ki, həm N.Oxikyanın, həm A.Çavuşyanın, həm də Q.Stepanyanın əvvəlki və indiki revanşist çıxışlarına şərait yaradan elə həmin “sülhməramlı” Moskvadır...
 
Odur ki, yalnız Kremlin, Putin rejiminin razılığı halında haylar hazırkı Laçın “dəhliz”ində və ya hələ Azərbaycan inşaatçılarının çalışdığı alternativ yolda ciddi təxribatlar törədə bilərlər...
 
Bəs ərazidə düşmən qüvvələr tərəfindən konkret hansı təxribatlar mümkündür?.. 
 
Əvvəla, artıq mediada deyildiyi kimi, haylar artıq ərazini tərk edəcəklərinə əmin olduqdan sonra Laçın, Zabux və Susdakı evləri yandıra, ağacları kəsə, əraziyə minalar basdıra, qumbaralar düzə bilərlər. Bunları Rusiya hərbçilərinin razılığı olmadan da edə bilərlər. Ancaq Laçın və ya Zabux kəndində “sülhməramlı”ların çıxışından sonra əraziyə daxil olacaq Azərbaycan ordusuna qarşı müqavimət, yaxud diversiyaları yalnız Moskvanın birbaşa razılığı və gizli dəstəyi ilə edə bilərlər... Əks halda hayların belə bir cəsarət göstərməsi mümkün deyil...
Daha təhlükəli  təxribatlar Şuşa rayonunun Böyük və Kiçik Qaladərəsi kəndlərində silahsız, birbaşa qorumasız çalışan Azərbaycan və Türkiyə inşaatçılarına qarşı törədilə bilər. Düzdü, ətraf bir neçə yüksəklikdə, o cümlədən Laçın rayonunun Ağanus kəndi ərazisindəki Ağdaş yüksəkliyində Azərbaycan ordusunun qüvvələri var və hay təxribatçıları, bir daha vurğulayırıq, Rusiya hərbi kontingenti komandanlığının siqnalı və dəstəyi olmadan heç bir diversiyaya cəsarət edə bilməzlər. Kreml “Bizim “sülhməramlı”lar  olmadan Qarabağda sabitlik olmayacaq” fikrini yeritmək üçün bu varianta gedə və hətta bir neçə erməni təxribatçısı və Allah eləməmiş, Azərbaycan inşaatçıları və ya hərbçisinin yaralanmasına, yaxud ölümünə də şərait yarada bilər... Erməni revanşistlərinin isə belə təxribatlardan yararlanaraq Rusiya və Azərbaycan arasında gərginliyin artmasına şərait yaratmağa çalışması mümkündür...
 
Düzdü, indiki şəraitdə, yəni Putin rejiminin Ukraynada quyruğu qapan arasında qaldığı bir durumda Moskva Azərbaycanla yanaşı, Türkiyə ilə də münasibətləri gərginləşdirmək istəməz. Lakin guya “özünün bunda günahı olmadığı, hər şeyin ermənilərin törətdiyi” fikrinin təlqini şərti ilə Kremlin hər cür oyun çıxara biləcəyi gözləniləndir...
 
Qeyd edək ki, 1905-1906, 1918-1920-ci illərdə olduğu kimi, 1988-1991-ci illərdə də Şuşa rayonunun adları çəkilən Aşağı və Yuxarı Qaladərəsi, eləcə də Salatınkənd(Sarıbaba), Onverst kəndləri ətrafdakı digər kəndlərdə yaşayan, həmçinin Şuşa-Laçın yoluyla hərəkət edən azərbaycanlılar üçün təhlükə mənbəyi olub...
 
Odur ki, bütün halları nəzərə alaraq Azərbaycan ordusu ilk növbədə alternativ yolda çalışan inşaatçılarımızın təhlükəsizliyini təmin etməli,  digər tərəfdən, həm hazırkı Laçın “dəhlizi”, həm də yeni çəkilən alternativ yol boyu nəzarət və güc imkanlarını artırmalıdır.  Bura Şuşa-Laçın-Gorus yolu ətrafındakı, eləcə də Şuşa rayonunun Sarıbaba, Onverst, Göytala, Böyük və Kiçik Qaladərəsi, Laçın rayonunun Ağanus, Dəyhan, Unannovu, Dəyhan, Mığıdərə, Məlikpəyə, Malxələf və s. kəndləri və Qayğı qəsəbəsi yaxınlığındakı yüksəkliklər aiddir. Son məlumatlara, xüsusən Rusiya “sülhməramlı”larının 2021-ci ilin avqustundan bəriki dislokasiya xəritələrinə görə  Şuşa və Laçın rayonlarının sərhədində  həm hazırkı, həm də yeni “dəhliz”lərə nəzarət edilməsi imkanları yaradan strateji Sarıbaba(2295 m) yüksəkliyi əsasən Rusiya hərbçilərinin nəzarətindədir. Eləcə də yaxınlıqda Laçın rayonu ərazisindəki Bəzirgan aşırımı(1633),  Şuşa rayonu ərazisindəki  “2072”, Uzunyal yüksəklikləri də mütəmadi olaraq Rusiya hərbi kontingentinin xəritələrində peyda olur. Alternativ yola keçilənədək onlardan mümkün olanları, eləcə də Ağanus kəndi yaxınlığındakı hazırda Rusiya “sülhməramlı”larının  müşahidə postlarının yerləşdiyi təxminən 1550 metrlik "Cırranın yalı" yüksəkliyini də nəzarətə almaq vacibdir...
 
Lakin bilavasitə Azərbaycan ordusunun nəzarətində olan Laçın rayonundakı Hoçaz(1918 m) və İkinci Tığık kəndi yaxınlığındakı 1563 metrlik yüksəklikləri texniki və canlı qüvvə baxımından möhkəmlənməsi də xüsusi əhəmiyyət kəsb edir...
Alternativ yolun ətrafında Şuşa istiqamətində ən strateji yüksəklik Laçın rayonunun Ağanus kəndi ərazisindəki Ağdaş(1784 m) yüksəkliyidir ki, əlimizdə olan son dəqiq məlumata görə, o və ətrafı tamamilə Azərbaycan ordusunun nəzarətindədir. Həmçinin həmin zirvədə “Azersel”in rabitə qülləsi quraşdırılıb. Lakin  əvvəllər də qeyd etdiyimiz kimi, Şuşa rayonunun hazırda ermənilərin məskunlaşdığı Aşağı və Yuxarı Qaladərəsi, eləcə də Salatınkənd(Sarıbaba), Onverst, Göytala kəndlərinə, həmçinin Şuşa-Laçın və Qubadlı-Laçın yollarına nəzarət etmək mümkün olduğu həmin yüksəklik  alternativ yolun tamamlanmasından sonra Rusiya hərbçilərinin nəzarətinə verilmək təhlükəsi ilə üz-üzə qala bilər. Çünki bu yüksəklik Aşağı Qaladərəsindən keçən alternativ yoldan hava xətti ilə 300-400 metr məsafədə yerləşir.  Bundan əlavə, ötən bir il 7 ay ərzində erməni mediasında yayılmış məlumatlara görə, Aşağı Qaladərəsindəki haylar  dəfələrlə Rusiya hərbçilərinə guya sözügedən Ağdaş yüksəkliyindəki Azərbaycan hərbçiləri tərəfindən onlara qarşı təhlükə yaranması haqda müraciətlər ediblər. Yəni onların məqsədi həmin yüksəklikdə Rusiya hərbçilərinin yerləşdirilməsi olub. 44 günlük müharibə zamanı cəbhədən təxribat xarakterli məlumatlar yayan Rusiyanın “WarGonzo” layihəsinin jurnalisti Semyon Peqov da Aşağı Qaladərəsinə gələrək separatçı ermənilərin istəyinə uyğun eyni hədyanları təkrarlamışdı. Qeyd edək ki, Aşağı Qaladərəsi kəndində Rusiya hərbçilərinin yerləşməsi dəqiqdir. Oradan bir neçə dəfə bunu təsdiq edən görüntülər də yayılıb. Eyni zamanda ərazidə işləyən Azərbaycan inşaatçıları da bunu təsdiqləyir. Bundan sonra  Ermənisrtanla sərhədə doğru Laçın rayonu ərazisində Dəyhan və Unannovu kəndi yaxınlığındakı Cəddə(1696 m), Ərəb kəndi yaxınlığındakı  1224 metrlik Pəri çınqılı, Mığıdərə, Tərxanlı və Suarası kəndləri yaxınlığındakı Susuzluq(1687 m), Baldırğanlı kəndi yaxınlığındakı “1353”, Güləbird kəndi ərazisindəki Qız qəbiri(1156 m)  və s. yüksəklikləri də strateji əhəmiyyət kəsb edir. Həmin yüksəkliklər də digərləri kimi canlı qüvvə və texnika baxımından möhkəmləndirilməli və alternativ yolun istifadəsinə başlanmasından sonra əsla Rusiya hərbi kontingentinin nəzarətinə verilməməlidir... Qeyd edək ki, alternativ yolun Ermənistanın – Qərbi Zəngəzurun Gorunzur kəndi yaxınlığındakı hissəsi Laçın rayonunun Zabux kəndindən Həkəri çayı boyu təxminən 4-5 km məsafədə yerləşdiyindən oradakı üzdəniraq terrorçu “mer” Andranik Çavuşyan tərəfindən də ərazidəki Azərbaycan inşaatçılarına qarşı təxribatlar təşkil edilə bilər...
Hesab edirik ki, qeyd edilən ehtiyat tədbirləri görməklə həm də revanşist və terrorçu ermənilərin gələcəkdə gözlənilə bilən təxribatlarının qarşısını alarıq...
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər