“ “KQB” arxivlərinin açıldığı heç bir ölkədə vətəndaş müharibəsi baş vermədi…”
Ekskluziv
4886
14 Jun 2022 | 18:53

“ “KQB” arxivlərinin açıldığı heç bir ölkədə vətəndaş müharibəsi baş vermədi…”

“Deyirdim ki, DTK ilə xalqın, ölkənin ziyanına ciddi əməkdaşlıq etmiş şəxslər üzə çıxarılsın ki, onlar sonradan rəhbər vəzifələrə irəli sürülməsin…”
 
"Keçmiş imperiya arxivlərinin açılmaması çox böyük və bağışlanılmaz səhv idi…"
 
AXC iqtidarının bir sıra aparıcı şəxsləri deyirdi ki və bəziləri indi də deyir ki, keçmiş DTK arxivləri açılsaydı, ölkədə vətəndaş savaşı olacaqdı. Nəticədə arxivlər açılmadı. Və 1992-ci ilin yayından başlanmış və torpaqlarımızın xeyli hissəsinin azad edilməsi ilə nəticələnmiş uğurlu əməliyyatlar müxtəlif həm xarici təxribatlar, həm də daxili ziddiyyətlər, deyişmələr sayəsində puç oldu.  Və bütün xarici və daxili təxribatlarda, hərbi əməliyyatların pozulmasında, sözsüz ki, arxivləri açılmamış Kremlə bağlı agentura şəbəkəsinin də aparıcı iştirakı və rolu oldu. Bu minvalla Kəlbəcər rayonu və Laçın rayonunun şimal hissəsi də işğal olundu. 3 ay sonra isə həmin iqtidar bir alayın qiyamı nəticəsində yıxıldı və üstəlik, cəmi bir neçə ay ərzində daha 6 rayonumuz Rusiya-Ermənistan qüvvələri tərəfindən işğal edildi, daha yarım milyondan çox Azərbaycan vətəndaşı doğma yurd-yuvasından didərgin düşdü. Bəlkə arxivlər açılsa, heç vətəndaş savaşı olmayacaqdı, olsa da, ölkəyə, xalqa bu qədər zərbə vurulmayacaqdı?.. Görəsən, baş vermis olaylardan hansı nəticələrə gəlmək olar?..
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən 1992-1993-cü illərdə AXC iqtidarına qarşı da müxalifətdə olmuş AMİP lideri Etibar Məmmədov bunları söyləyib:
 
“ AXC hakimiyyəti dövründə  keçmiş DTK arxivlərinin açılmamasından və baş verənlərdən nəticəni kim necə istəyir, çıxarsın, ancaq həmin dövrdə  rəsmi olaraq parlamentdə DTK arxivlərinin açılması tələbi ilə mən çıxış etmişəm.  Bu tələb bir neçə dəfə tərəfimdən irəli sürülüb.  Lakin təəssüf ki,  həmin arxivlər açılmayıb. Və bir məsələ də ondadır ki, SSRİ dağıldıqdan sonra  “KQB” arxivlərinin açıldığı heç bir ölkədə vətəndaş müharibəsi baş vermədi. Mənim təklifim ondan ibarət idi ki, arxivlər açılsın, amma günahı olmayan heç kəsi təqib etmək də lazım deyil... Sadəcə, heç olmasa, “KQB” ilə xalqın, ölkənin ziyanına ciddi əməkdaşlıq etmiş, çuğulçuluq etmiş şəxslər üzə çıxarılsın ki, onlar sonradan Azərbaycanda rəhbər vəzifələrə irəli sürülməsin.  Və eyni zamanda bu şəxslər cəmiyyət qarşısında öz günahlarını etiraf etsinlər.  Lakin  bunları etmədiklərinə görə hamıdan çox danışan, hamıdan çox qışqıran bəzən  elə həmin DTK ilə əlaqəsi olanlar oldu. Və sonradan da özləri bir-birini ittiham etməyə başladılar. Biri dedi ki, mən arxivə girmişəm və öyrənmişəm ki, filankəslərin DTK ilə əlaqəsi olub.  Bir sözlə, həmin keçmiş imperiya arxivlərinin açılmaması çox böyük və bağışlanılmaz səhv idi…”
 
Sultan Laçın
 
 
Link kopyalandı!
Son xəbərlər