“Evimizlə iş yerimiz yaxındır, pərəstişkarlarımız bizi saxlayıb şəkil çəkdirib, xoş sözlər söyləyirlər”
Ekskluziv
4670
06 Jun 2022 | 01:37

“Evimizlə iş yerimiz yaxındır, pərəstişkarlarımız bizi saxlayıb şəkil çəkdirib, xoş sözlər söyləyirlər”

“Təbrikləriniz üçün sizə öz təşəkkürümü bildirirəm. Doğum günlərimizi uşaqlıqdan çox sevməyə başlamışıq. Xatırlayıram ki, ailəmizlə bu günü səbirsizliklə gözləyərdik, yaxınlarımız bizə gələrdi, bizi təbrik edərdilər. Bu bizim üçün xüsusi bir gün idi. Anamız bizim üçün tort hazırlayardı, tortun üstünə şam qoyub, onları üfürərdik. Bütün bunlar çox gözəl anlardır, mən bunları unuda bilmirəm. İndi də doğum günlərimizi sevirik, dəyişən bircə odur ki, valideynlərimiz yanımızda deyil. İnanıram ki, onların ruhu hər zaman bizimlədir, bizi qoruyur”
 
Bunu Moderator.az-a açıqlamasında bu gün doğum gününü qeyd edən xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, "Solo oxuma və opera hazırlığı" kafedrasının müdiri, "Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli Xuraman Qasımova deyib. Sənətkar daha sonra arzularından danışıb.
“Azərbaycan dünyaya günəş kimi doğacaq". Bu sözləri hələ o zaman Ulu Öndər Heydər Əliyev söyləmişdi. Ölkəmiz buna layiqdir. Vətənimi, şəhərimi çox sevirəm. Xalqımızın sülh içində yaşamasını, insanlara gözəl, sakit, sağlam həyat, yaxınlarımın daim yanımda olmalarını arzulayıram. Allah bizim xalqımızı, ölkəmizi qorusun, biz də onların içərisində” deyə sənətkar bildirib.
 
Xalq artisti xalqına hər zaman xidmət edəcəyini vurğulayıb.
“Sənətkar nə qədər yüksəlsə də, işlərində uğurlar əldə etsə də o hər zaman da insanlara, xalqına xeyir verməli, gənclər yetişdirməlidir. Xalqa xidmət etmək insanın yaşına, əldə etdiyi uğurlara, mükafatlara, statusa baxmır. İnsan yaşadıqca daha çox xidmətlər etmək istəyir. Çünki təcrübə ilə insan müdrikləşir, möhkəmlənir. Mən necə bu gün çalışıb, gənc nəsil yetişdirməyə bilərəm?! Mənim əgər ürəyim döyünürsə, nəfəs ala bilirəmsə xalqıma xidmət etməliyəm. Nə vaxt ürəyim dayansa o zaman deyəcəm ki, artıq bəsdir! Mənim ürəyim yaxınlarım və xalqım üçün döyünür. Çünki bu xalq daim bizi dəstəkləyib, vətənimizin insanları daim bizi sevib. Mədəniyyət də xalqa məxsusdur. Sənətkarı nə qədər də səhnədən, sənətdən uzaqlaşdırmaq istəsən, o əsl sənətkardırsa mübarizə aparacaq, mübariz olacaq. Əsl sənətkar mübariz olmalıdır. Sənətkar hər yerdə çalışa bilər, yeni nəsil yetişdirə bilər. Biz harda oluruqsa-olaq bu zəhmət və bilik bizimlədir, bunu bizim əlimizdən heç kəs ala bilməz. Mən və mənim böyük bacım Fidan Qasımova, sevdiyimiz sənətə sadiq olub, verdiyimiz sözləri yerinə yetirmişik və yetiririk də” deyə sənətkar bildirib.
 
Xuraman və Fidan Qasımovalar Opera və Balet teatrının səhnəsində əsrarəngiz və yadda qalan obrazlar yaradıblar. Xalq artisti teatr səhnəsi üçün darıxdığını da etiraf edib.
“Tamaşaçılarım üçün əlbəttə ki, çox darıxıram. Elə onların da bizim üçün darıxdıqlarını hiss edirəm. Baxmayaraq ki, pərəstişkarlarımızla tez-tez görüşə bilmirik, amma onlar bizi küçədə  belə görüb, şəkillər çəkdirib, xoş sözlərini deyirlər. Hər gün bu cür hallarla rastlaşırıq. Evimizlə iş yerimiz çox yaxındır, bu bir neçə dəqiqəlik yolda tamaşaçılar bizi saxlayıb, şəkillər çəkdirirlər. Elə bir gün yoxdur ki, belə halla təkrar olunmasın. Bəzən buna görə işə də gecikirik (gülür). Bu bizi çox xoşbəxt edir. Biz teatrda 15 il çalışmışıq. Təbii ki, bu müddət sənətkar üçün çox azdır! Hamınız bilirsiniz ki, biz mürəkkəb obrazları sevərək, həvəslə ifa etmişik. Bəlkə elə buna görə də xalq tərəfindən bir sənətkar kimi hər zaman sevilib, alqışlarla qarşılanmışıq. Biz bu gün Opera və Balet teatrının səhnəsində olmasaq da, digər səhnələrdə sevənlərimizlə, tamaşaçılarımızla görüşürük. Mən və Fidan xanım daim yenilik axtarışındayıq. Repertuarımızı yeniləyirik, tələbələrimizlə məşğul oluruq. Əlbəttə ki, biz səhnəni sevirik. Bəlkə də elə biz səhnə üçün doğulmuşuq” deyə sənətkar bildirib.
Xuraman Qasımova həyatındakı “kaşki” lər dən də danışıb.
“Hər zaman deyirəm ki, kaşki valideynlərimiz yaşayıb, bizim uğurlarımızı görəydilər. Ulu Öndərimiz Heydər Əliyev bizə böyük ümid və inam bəsləyirdi. Biz ona söz vermişdik ki, gənc nəsil yetişdirəcəyik.Səhnədən uzaq olsaq da sözümüzün üstündə dururuq. Kaşki o bu günləri görə bilsəydi. Ümumiyyətlə hər bir insanın leksikomunda “kaşki” sözü var. Kaşkilər çoxdur” deyə sənətkar bildirib.
Link kopyalandı!
Son xəbərlər