“Fövqəl dövlətlər daim çalışır ki, toqquşmaları hansısa üçüncü ölkənin ərazisində olsun...”
Ekskluziv
4587
04 Jun 2022 | 18:40

“Fövqəl dövlətlər daim çalışır ki, toqquşmaları hansısa üçüncü ölkənin ərazisində olsun...”

“Hərbi əməliyyatlar Rusiya ərazisinə keçsə, tam fərqli bir situasuya yaranacaq...”  
 
Ukraynaya təcavüzünün 101-ci günündə “adına layiq olmasa” da, 2014-cü ildə Krımın da işğalını nəzərə alsaq, bu ölkə ərazisinin 20 faizinin işğalına nail olmuş Rusiya bütün xarici təzyiqlərə və daxili çətinliklərə rəğmən “sürünən” müharibə taktikasını davam etdirməkdə israrlı görünür. ABŞ başda olmaqla Qərb ölkələri isə Ukrayna ordusuna 70-80 km mənzilli reaktiv yaylım atəş sistemləri, hətta 160-300 km mənzilli taktiki raketlər  vəd etsə də, Putinin nüvə, yanacaq və ərzaq şantajları altında tərəddüdlü görünür. Rusiyanın raket və artilleriya sistemlərindən üstün olduğu deyilən həmin müasir texnologiyalı silahlar olmadan isə Ukrayna ordusunun genişmiqyaslı və güclü əks-hücum şansları çox azalır ki, bu da qarşı tərəfin yeni işğal imkanlarını genişləndirir. Bəs belə bir durum, Qərbin mövcud mövqeyi Ukraynanın məğlub olmaq təhlükəsini yaratmır ki?..  
 
Mövzunu   Moderator.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov şərh edib.
 
“Birincisi, belə bir konvensiya mövcuddur ki, raket texnologiyalarına malik olan ölkələr həmin konvensiyanın üzvləridir. Onlar öhdəlik götürüblər ki, 300 km-dən  yuxarı mənzili olan raket texnologiyaları  üçüncü tərəfə verilməsin. İkincisi də, bu müharibəni başlayarkən Rusiya siyasi tələyə düşüb. Və indi Qərbin yetərincə imkanları var ki, onu təqib etsin. Amma bəllidir ki,  hərbi əməliyyatlar Rusiya ərazisinə keçsə, tam fərqli bir situasuya yaranacaq.  Və bu halda Kremldəki siyasi elitanın davranışı da fərqli olacaq. Artıq ayın 1-dən  Rusiya yeni nüvə təlimlərinə başlayıb ki, bu da bir siqnaldır... Bilirsiz, əslində burada yeni bir şey icad olunmur. Sovetlər dönəmindəki  “soyuq” müharibə dövründə də indikinə bənzər münaqişələr olurdu. Məsələn, Vyetnam, Koreya müharibələri kimi... Yəni fövqəl dövlətlər çalışırdılar ki, onların toqquşması hansısa üçüncü ölkələrin ərazisində olsun və eyni zamanda heç biri müəyyən olunmuş qırmızı xəttləri keçməsin. Təxminən belə bir qeyri-rəsmi razılıq vardı. Qırmızı xəttlər ondan ibarət idi ki, hansısa hadisədən, yaxud hansısa silahın istifadəsindən sonra  artıq daha güclü silahların tətbiqinə yol açılırdı ki, həmin həddlər keçilməməli idi. Bu baxımdan deyilən qeyri-rəsmi oyun qaydaları bu və ya digər formada hazırkı Ukrayna savaşına da şamil oluna bilər. Hazırda qırmızı xəttlər təxminən bəllidir və onların barəsində bəyanatlar da verilir.  Məsələn, ABŞ lideri Baydenin “Ukraynaya raket sistemlərini  veririk, amma raketlərin uzaqlıq mənzili 80 km-dən çox olmayacaq” deməsi... Və hətta Zelenski də məcbur olub deyir ki, bəli, biz Rusiya ərazisinə raket zərbələri endirməyəcəyik. Bu mənada görünür ki, indi də hansısa siyasi çərçivə və qeyri-rəsmi razılaşmalar mövcuddur və onları pozmağa heç kəsə imkan verilmir. 
 
Ukraynadan danışarkən Türkiyə lideri  Ərdoğanın da  bəyanatlarından birində həmin qarşıdurma ilə bağlı  işlətdiyi “gedişlər və oyunlar ifadəsi” yadıma düşür. Yəni hiss olunur ki, orada doğrudan da hansısa oyunlar gedir. Yenə də əfsuslar olsun ki, həmin oyunların qurbanı adi insanlar olur”- deyə sabiq baş diplomat təəssüflə qeyd edib.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər