Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, “Şöhrət”, “Şərəf” ordenləri laureatı Firəngiz Əlizadə Moderator.az-ın suallarını cavablandırıb.
- Firəngiz xanım, bu gün sizin doğum gününüzdür. Dünən ölkə başçısı tərəfindən “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olundunuz. Biz də sizi ürəkdən təbrik edirik.
- Çox təşəkkür edirəm, qürurluyam, cənab prezidentə minnətdaram! Biz bu dəstəyi hər zaman hiss edirik. Təkcə mən yox, bütün Bəstəkarlar İttifaqı ölkə başçısının dəstəyini, diqqət və qayğısını hiss edir. Cənab prezident binamızı bizə qaytardı, açılışda da dedi ki, “haqq öz yerini tapdı, siz öz məkanınıza qayıtdınız”. Bizim üçün bu bina çox müqəddəsdir, çünki orada bizim görkəmli bəstəkarlarımız Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev işləyib. Mən də 1979-cu ildən onlarla birgə çalışmışam. Bəstəkarlar İttifaqı 30 nəfər yaşlı bəstəkar və musiqişünasa, 10 nəfər isə gənc üzvlərimizə təqaüd verir. Bu məbləğ də də pandemiya zamanı bizim üzvlərimizə böyük dəstək oldu.
- Doğum günlərinizi adətən necə qeyd edirsiniz?
- Bütün Azərbaycan mənim ad günümü qeyd edir, müstəqillik günündə anadan olmuşam. Habil Əliyev də bu gün doğulub. Biz hər il görüşürdük, ya o bizə gəlirdi, ya mən onlara gedirdim. Çox gözəl insan, dahi sənətkar idi. O ki, qaldı ad günlərimi necə qeyd edirəm sualına?.. Mən restoranları, dəbdəbəni heç sevmirəm. Bəlkə axşama qardaşımgilə bağa yığışdıq. Amma bizim önümüzdə çox məsuliyyətli, gözəl festival var. Bəstəkarlar İttifaqında may ayının 31-də çox böyük, elmi konfrans başlayacaq və 5 gün davam edəcək. Yazdığım əsərlər, musiqilər ölkənin tanınmış mədəniyyət saraylarında nümayiş olunacaq.
- Uzunmüddətli səmərəli fəaliyyətiniz var. Firəngiz Əlizadə fəaliyyətində hansı prinsipləri əsas tutur?
- Əlbəttə ki, vətənpərvərlik və Azərbaycançılıq ideyalarına əsaslanıram, arxalanıram. Vətən mövzusu öndə olmalıdır. Hər bir azərbaycanlının ürəyində bu hisslər olmaldır. Hamı öz doğma dilimizdə danışmalı, muğamımızı, aşıq musiqimizi, xalq mahnılarımızı sevməlidir. Təbliğatımız çox zəifdir. Zəfər bayramından sonra bir az təbliğat oldu, bir az sanki oyandıq. Bizim musiqi mədəniyyətimiz çox yüksək səviyyədədir. Belə xalqlar dünyada çox azdır. Mən də bütün dünyanı gəzmişəm, eşitmişəm, şahidi olmuşam, bizim musiqimizə çatan musiqi yoxdur. Sadəcə olaraq bu gün bizim ciddi musiqimiz sanki arxada qalıb. Niyə mənim əsərlərim daha çox xarici ölkələrdə ifa olunur? Olmazdı ki, ölkəmizdə daha çox yayılsın?
- Bir-iki mahnı yazıb, ittifaqınıza üzv olmaq istəyənlər var?
- Bizim əsasnaməmiz var. Əsasnamənin birinci səhifəsində yazılıb ki, sənin ya bəstəkarlıq, ya da musiqişünaslıq diplomun olmalıdır. Hər insanı, bəstəkarı ittifaqımıza üzv edə bilmərik. Bizim cəmi 167 üzvümüz var. Təbii ki, rəhmətə gedən sənətkarlarımız da oldu. Rəssamlar İttifaqı deyir ki, 2008, Yazıçılır Birliyi deyir ki, 1500, bizdə 167 üzv var. Əgər qurultayda bizim üzvlərimiz əsasnaməyə düzəliş etsələr, o zaman diplomu olmayanların da üzvlüyə götürülməsini müzakirə etmək olar. Hələ ki, belə bir şey yoxdur. Zəmanə dəyişir, hər şey baş verə bilər. Çünki indi elə şeylər görürük ki, biz onları dünyasında belə təsəvvür edə bilməzdik. Hətta diplomu olanları da bəzi hallarda qəbul etmirik. Konservatoriyanı bitirib, 10 il keçib, bir kitab, əsər yazmayıb, gəlib ki, Bəstəkarlar İttifaqına üzv olmaq istəyirəm! Deyirik ki, biz sizi tanımırıq, nə olsun ki, diplomunuz var? Siz özünüzü göstərməli, fəaliyyətdə olmalı idiniz.
- Bu il “İpək Yolu” Musiqi Festivalı keçiriləcək?
- Bəli, nəhayət ki, iki il pandemiyadan sonra bu festival keçiriləcək. Bilirsiniz ki, Şəki YUNESKO-nun “Yaradıcı şəhəri” elan olunub.