3103
16 Apr 2022 | 10:57

""Neptun" raketləri Rusiyanın Qara dəniz donanmasının yeni qəniminə çevrilə bilər..."

Hissə 1
 
Müharibə uzandıqca hər gün Ukrayna-Rusiya cəbhəsində yeni silahlı mübarizə üsulları və onların tətbiqinə dair yeni faktlarla qarşılaşırıq. Bu faktlardan biri də dünən gecə baş verib. Əvvəlcə Qara dənizdə yerləşən “Moskva” raket kreyserinin göyərtəsində insidentlə bağlı məlumatlar gəldi. Az sonra Rusiya Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasının flaqmanının göyərtəsində yanğın olduğu və ekipajının təxliyəsi ilə bağlı məlumat verdi. bağlı məlumat verdi. Ən sonda isə döyüş gəmisinin Simferopola qoşqu vasitəsilə daşınması zamanı batdığı məlum oldu.
Rusiya Müdafiə Nazirliyinin xəsisliklə verdiyi məlumatlardan məlum olurdu ki, kreyserdə yanğın olub, sursatlar (raketlər) partlayıb və nəticədə gəmiyə ciddi ziyan dəyib. Sonradan isə məlum oldu ki, 110 il əvvəl bu gün dünyanın ən böyük gəmisi “Titanik” sulara qərq olduğu kimi, rusların Qara dənizdəki ən böyük “Moskva” raket kreyseri də batıb.
 
Rusiya Müdafiə Nazirliyi raket kreyserində baş verən yanğının səbəbləri müəyyənləşdirilməsi dair verdiyi məlumatlar isə səmimiyyətdən uzaqdır. Çünki kreyserin Ukrayna tərəfindən atılan “Neptun” raketi ilə vurulduğu məlum olsa da, rus rəsmiləri məlumatı gizlətməyə çalışırdılar. 
2022-ci il aprelin 13-də axşam saatlarında Odessa Vilayət Hərbi Administrasiyasının sədri, polkovnik Maksim Marçenko Ukrayna hərbçilərinin Rusiya kreyserini "Neptun" qanadlı raketləri ilə vurulduğunu və ona ciddi ziyan dəydiyini bildirməyənə qədər, Rusiya Federasiyasının Müdafiə Nazirliyi ümumiyyətlə heç bir məlumat vermirdi. 
Bir neçə saat sonra bu barədə rus rəsmiləri nala-mıxa vuran nağılabənzər məlumatlar paylaşmağa başladılar. Sonda isə “yanğın olan gəmi qoşquda təxliyyə edilərkən dalğa səbəbindən dayanıqlığını itirib” çümləsini oxuduq. Gəminin batmasını bu qədər əndərəbadi ifadəsinə ilk dəfə rusların ifasında rast gəldik.
“Moskva” raket kreyseri sıradan bir döyüş gəmisi deyil. Rusiyanın 1164 layihəli “Moskva” raket kreyserinin (ilk adı “Slava” (Şöhrət) olub) təməli 1976-cı ildə Nikolaev gəmiqayırma zavodunda qoyulub. Kreyser 1982-ci ilin dekabrında istifadəyə verilib, 30 yanvar 1983-cü ildə isə Qara Dəniz Donanmasının silahlanmasına daxil edilib. 
Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara Dəniz Donanmasının süüstü gəmilərinin 30-cu diviziyasının bir hissəsi olan bu kreyser, 1996-cı ildə “Moskva” sualtı qayıq əleyhinə kreyseri istismardan çıxarıldıqdan sonra onun adını miras olaraq əldə edərək Qara Dəniz Donanmasının flaqmanı təyin edildi. 17 il istismardan sonra flaqman 10 il, yəni 2000-ci ilə qədər təmirdə dayandı.
Kreyserin silahlanmasının əsasını 16 ədəd P-1000 “Vulkan” səsdən sürətli gəmi əleyhinə raketlərinin atıcı qurğuları təşkil edir. Kreyserdə sualtı qayıqlara qarşı mina-torpedo silahları, artilleriya topları və hava hücumundan müdafiə sistemləri də mövcuddur. Kreyserin ekipajı 510 nəfər, sututumu 11.49 min ton, korpusun uzunluğu 186.5 m, eni 20.8 m, maksimum sürəti isə 32 düyümdür (59 km / saat). “Moskva” kreyseinin dəyəri 750 milyon dollar olduğu məlumdur.
Kreyser düşmənin böyük suüstü gəmilərinə zərbələr endirmək üçün nəzərdə tutulurdu. İstehsalçının verdiyi məlumata görə, sualtı qrup gəmilərinin döyüş sabitliyini təmin edən “Moskva” həmçinin uzaqda yerləşən birləşmələrin hava hücumundan müdafiəsini və desant çıxarılmasının atəş dəstəyini həyata keçirmək imkanına malik idi. Lakin son özünü kütləvi olmayan hava hücumundan müdafiə edə bilməyən kreyserin, digərlərini və hətta uzaqda olanları qoyuya biləcəyi sual doğurur.
 “Moskva” kreyseri 2008-ci ildə Rusiyanın Gürcüstana hücumunda, 2014-cü ilin mart ayında Krımın Donuzlav körfəzində Ukrayna Hərbi Dəniz Qüvvələrinin mühasirəyə alınmasında iştirak edib. 2015-ci ilin sonunda bu kreyser Rusiya Hərbi Dəniz Qüvvələrinin Aralıq dənizində daimi əməliyyat qrupuna rəhbərlik edib, Rusiyanın Suriyadakı Xmeymim aviabazasını öz hava hücumundan müdafiə sistemlərinin köməyi ilə mühafizə edib. 2016-cı il iyulun 22-də gəmi “Naximov” ordeni ilə təltif edilib. Göründüyü kimi bu kreyser 40 illik fəaliyyəti dövründə bir dəfə də olsun güclü rəqibə qarşı real döyüşlərdə iştirak etməyib. Bundan sonra isə ictimaiyyətə flaqman kimi təqdim edilən “Moskva” raket kreyserinin döyüşlərdə iştirak imkanı artıq olmayacaq. 
1991-1996-cı illərdə “Moskva” kreyseri əvvəlcə Nikolayevdə, sonra daha 3 il Sevastopolda əsaslı təmir və modernləşdirmədən keçib. 7 sentyabr 2009-cu ildə kreyserin bölmələrindən birində dizel yanacağının sızması və elektrik naqillərinə düşməsi nəticəsində yanğın da baş vermişdi. 2016-2020-ci illər ərzində gəmi Sevastopolda dərin modernləşdirmə ilə yenidən təmirə dayandı: mühərrik əsaslı təmir edildi, dizel generatorları və radio texniki sistemlər isə dəyişdirildi. 4 illik təmir və dərin modernləşdirmə, böyük ehtimalla kreyseri Ukraynaya qarşı əməliyyatlara hazırlıq məqsədi daşıyırdı. Daimi yerləşmə məntəqəsi Sevastopolda olan “Moskva” raket kreyserinin komandiri vəzifəsini 2020-ci ildən gəmi batan günə qədər 1-ci dərəcəli kapitan Anton Valeryeviç Kuprin yerinə yetirirdi. Gəmi batandan 36 saat sonra məlum oldu ki, admiral vəzifəsi daşıyan 1-ci dərəcəli kapitan Anton Valeryeviç Kuprin qəzada həlak olub. Bəlkə də zəif HHM və yanğın təhlükəsizliyini təşkilinə görə A. Kuprin həbs ediləcəyini bildiyi üçün intihara üstünlük verib. 
Nəticə
Rus ordusunun imkanları barədə yazılanların bir çoxunun mif olduğunu dəfələrlə yazmışam. Normal noutbuk, planşet, televizor və ya mobil telefon hazırlaya bilməyən birisinin 10 min km məsafədə hədəflərə dəqiq zərbə endirəcək qitələrarası ballistik raket və ya nüvə silahı istehsal etməsi çox inandırıcı görünmür. Odur ki, mən nə indi, nə də əvvəl, xüsusilə də Ukraynada baş verənlərlə bağlı Rusiya tərəfinin rəsmi məlumatlarına çox da etibar edə bilmirəm.
Əvvəllər də həm “Moskva” raket kreyserində, həm də 1164 saylı layihənin digər gəmilərində yanğın təhlükəsizliyi sistemləri ilə bağlı problemlər olub. Layihənin üç raket kreyserindən yalnız “Marşal Ustinov”un göyərtəsində yanğın əleyhinə “Krab-M” sistemi quraşdırılıb. Lakin məlum olduğu kimi, hər 3 gəmidə yanğın təhlükəsizliyi sisteminin modernləşdirilməsi aparılmayıb. Niyəsi hamıya maraqlıdır.
Həyatının üçdə birini təmir və modernləşdirmədə keçirən, son 4 illik təmiri 2 il əvvəl başa çatan, Rusiyanın Qara Dəniz Donanmasının ən bahalı raket kreyseri normal yanğın əleyhinə avadanlıqla təmin olunmayacaqsa, o zaman Rusiyanın son 30 ildə kosmosda nə işlə məşğul olmasına dair mənim şübhələrim yaranır. “Moskva” kreyseri ciddi hava hücumundan müdafiə sisteminə malik olduğu iddia edildiyi halda, Ukrayna tərəfindən buraxılan qanadlı raketlə vurulması da çox sayda suallar yaradır. Hər atılan 2 raket bir rus döyüş gəmisinin batması ilə nəticələnsə, 1 aydan sonra Rusiya Hərbi Dəniz Qüvvələrininin komandanlığı Qara dənizdə sağlam suüstü gəmini çıraqla axtarmalı olacaq. Bunu isə komandanlığa siyasi rəhbərlik bağışlamaz. 
Hadisələrin bu istiqamətdə inkişafı Rusiya üçün yalnız iki çıxış yolu saxlayır: 
1. Rusiya gəmilərini Ukraynanın “Neptun” və “Harpoon” tipli gəmi əleyhinə qanadlı raketlərinin atəş zonasından cənuba doğru kənarlaşdırmaq;
2. Rusiya Hava Hücumundan Müdafiə qoşunlarının və Hərbi Dəniz Qüvvələrinin döyüş növbətçiliyinə cəlb edilən şəxsi heyətinin ayıq-sayıqlığını artırmaq.  
Aprelin 14-də NATO-nun 1-ci Daimi Dəniz Qrupuna (“SNMG1”) aid 5 gəminin Hollandiya Kral Donanmasının “De Zeven Provincien” freqatının rəhbərliyi altında Baltik dənizinə daxil olacağını, qonşu müttəfiq ölkələrlə birgə təlimlərdə iştirak edəcəyini və Kremlə qarşı mövcud münasibəti nəzərə alsaq, o zaman yuxarıdakı iki çıxış yolundan birincisi Rusiya üçün daha məntiqlidir. 
 
Ədalət Verdiyev, hərbi ekspert
Link kopyalandı!
Son xəbərlər