Rusiya Laçın, Fərrux, Ağdərə və Qırmızı Bazar ətrafında postların sayını artırdı...-XƏRİTƏLƏR
6152
06 Apr 2022 | 10:22

Rusiya Laçın, Fərrux, Ağdərə və Qırmızı Bazar ətrafında postların sayını artırdı...-XƏRİTƏLƏR

Məntiqlə Ukraynaya təcavüzdən sonra Moskva Qarabağdakı hərbçilərinin sayını azaltmamış, əksinə, çoxaltmışdır...
 
Rusiyanın “sülhməramlı” hərbi kontingentinin komandanlığı müvəqqəti(!) məsuliyyət zonası olan Azərbaycan torpaqlarında müşahidə postlarının sayını artırıb.
Moderator.az xəbər verir ki, bu, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı “sülhməramlı”lara aid bölmədə dərc edilmiş xəritələrdən bəlli olur.
 
Belə ki, diqqətlə müşahidə etdikdə məlum olur ki, 10 noyabr 2020-ci ildən bəri ilk dəfə olaraq “sülhməramlı”ların xəritələrində qeyd edilən müşahidə post və məntəqələrinin sayı artırılıb.
Aprelin 4-ü və 5-i tarixlərindəki xəritələri aprelin 2,3, 1-i və daha öncəki tarixli xəritələrlə müqayisə edəndə son 2 gündə “sülhməramlı”ların məsuliyyət zonasındakı müşahidə postlarının sayının 27-dən 33-ə qaldırıldığı aydın görünür...
 
Çox güman ki, bu, martın son günlərində Ağdam yaxınlığındakı Fərrux dağı ətrafında baş verən gərginliklə bağlı baş verib. 10 noyabr 2020-ci ildən bəri daim 1-ci və sonuncu 27-ci postlar Laçın rayonun “dəhliz” sahəsindəki Zabux və Ağanus kəndlərində olub. Ancaq aprelin 4-ü və 5-dəki xəritələrdə 1-ci post yerində qalsa da, sonuncu post artıq 33 nömrəsi ilə Ağanus kəndində yox, Xocalı rayonunun Fərrux kəndi yaxınlığındakı Pirlər kəndi ərazisində yerləşib. Laçın rayonunun Ağanus kəndindəki 27-ci post da yerində qalıb. Ancaq 4 aprel tarixində həmin kənd yaxınlığına 28-ci post da salınıb. Ayın 5-də isə Ağanus kəndinin adı xəritədə iki dəfə qeyd edilib. Bu təsadüfi texniki səhv sayıla bilməz. Çünki Ağanus kəndi Qubadlı-Laçın yolu üzərindəki Turşsu  bulağı yaxınlığındakı aşağı(bəzi mənbələrdə həmin hissə Turşsu kəndi də adlanır) və Şuşa rayonunun Aşağı Qaladərəsinə yaxın olan yuxarı hissələrdən ibarətdir. Ağanus kəndinin şimal hissəsinin yaxınlığında isə 1782 metr hündürlüyündəki strateji Ağdaş yüksəkliyi yerləşir. Öncəki yazılarımızda qeyd etdiyimiz kimi, həmin yüksəklikdən Şuşa rayonunun hazırda ermənilərin məskunlaşdığı Aşağı və Yuxarı Qaladərəsi, eləcə də Salatınkənd(Sarıbaba), Göytala kəndlərinə, həmçinin Şuşa-Laçın və Qubadlı-Laçın yollarına nəzarət etmək mümkündür. 10 noyabr razılaşmasına əsasən həmin yüksəklikdə Azərbaycan ordusunun postu yerləşdirilib və orada “Azersel” rabitə qülləsi quraşdırılıb. Ötən bir il 4 ay ərzində erməni mediasında yayılmış məlumatlara görə, Aşağı Qaladərəsindəki haylar  dəfələrlə Rusiya hərbçilərinə guya sözügedən Ağdaş yüksəkliyindəki Azərbaycan hərbçiləri tərəfindən onlara qarşı təhlükə yaranması haqda müraciətlər ediblər. Yəni onların məqsədi həmin yüksəklikdə Rusiya hərbçilərinin yerləşdirilməsi olub. 44 günlük müharibə zamanı cəbhədən təxribat xarakterli məlumatlar yayan Rusiyanın “WarGonzo” layihəsinin jurnalisti Semyon Peqov da Aşağı Qaladərəsinə gələrək separatçı ermənilərin istəyinə uyğun eyni hədyanları təkrarlamışdı. Qeyd edək ki, Aşağı Qaladərəsi kəndində Rusiya hərbçilərinin yerləşməsi dəqiqdir. Oradan bir neçə dəfə bunu təsdiq edən görüntülər də yayılıb...
Bəs Rusiya ordusunun  digər əlavə 4 postu Azərbaycanın hansı məntəqələrində yerləşdirirlib? 
Xəritələr üzrə araşdırmalardan bəlli olur ki,  Şuşa rayonunun  təxminən Sarıbaba(Salatınkənd) kəndi ərazisindəki 3-cü postdan əlavə, ermənilərin istədiyi kimi “Lısaqor” olaraq qeyd edilmiş Turşsu qəsəbəsi yaxınlığındakı “eyniadlı” Keçəldağ yüksəkliyində(2214 m) 29-cu post qoyulmuş, aprelin 5-dəki xəritədə isə Kiçik Kirs zirvəsi(2346 m) istiqamətində daha bir məntəqə qeyd olunmuşdur...
 
Rusiya  ordusunun 30-cu postu Tərtər rayonunun Çardaqlı və Lüləsaz kəndləri istiqamətində, 31-ci post isə Göyarx kəndi yaxınlığında yerləşdirilib. Nəhayət, 32-ci postun Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində yerləşdiyi məlum olur.
 
Beləliklə,  aydın olur ki, Rusiya “sülhməramlı” kontingenti heç bir rəsmi açıqlama vermədən Azərbaycan ərazisindəki müşahidə postlarının sayını 27-dən 33-ə qaldırıb...
 
Halbuki, Rusiyanın Ukraynaya təcavüzü başlayan ilk günlərdən guya Qarabağdakı “sülhməramlı”ların xeyli hissəsinin Şuşa-Laçın yolu ilə Ermənistan istiqamətinə çıxması haqda görüntülər yayılmış və hamı, az qala, tezliklə onların hamısıının Azərbaycan torpaqlarını tərk edəcəyinə inanmışdı. Amma rəsmi xəritələrdən görünən odur ki, məntqiqlə Rusiya Qarabağdakı hərbçilərinin sayını azaltmamış, əksinə, artırmışdır...
 
Ümid edirik ki, Azərbaycan Müdafiə Nazirliyi Rusiya “sülhməramlı”ları komandanlığından bu haqda rəsmi izahat tələb edəcək...
 
Xatırladaq ki, Rusiya hərbi kontingenti 15 fevral 2022-ci il tarixindən başlayaraq  inzibati ərazi bölgüsü baxımından Şuşa və Laçın rayonu  ərazisində yerləşən Sarıbaba(2295 metr) yüksəkliyinə də patrul xidməti təşkil edir...
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər