“Biz Ceyhunla “Ögey ana” filminə çəkiləndən sonra uzun illər dostluq etmişik. Ailələrimiz də bir-birini tanıyırdı. Mən o vaxt 1 nömrəli musiqi məktəbində işləyirdim. Ceyhun ölümündən yarım ay əvvəl mənə zəng edib dedi ki, “mənim haqda veriliş çəkilir, məktəbdə gəlib səndən müsahibə alacaqlar”. Mən də sevə-sevə müsahibə verdim. Montaj da etdilər. Ceyhun həmin verilişi görmədən dünyasını dəyişdi. Ceyhun “Ögey ana” filminin ikinci hissəsini də çəkmək istəyirdi. Deyirdi ki, “sən öz ailənlə, yoldaşınla, övladlarınla, mən də öz ailəmlə çəkilərik”. Elə oldu ki, “Fəryad” filmi araya düşdü, “Ögey ana” ertələndi. Bu arzusu da yarımçıq qaldı”
Bunu Moderator.az-a açıqlamasında “Ögey ana” filminin Cəmiləsi Sevinc Axundova deyib. O daha sonra əlavə edib:

“Ceyhundan sonra bu filmi kim çəkə bilərdi ki?! Ceyhun hər şeyi daha yaxşı bilirdi. Bu gün inanmıram ki, kimsə onun qədər bu filmi maraqlı çəksin. Maraqlı olardısa çəksinlər. Mən bu filmdən sonra “Onun böyük ürəyi” filmində çəkildim. 5-ci sinifdə oxuyurdum. Rejissor Əjdər İbrahimbəyov idi. Məktəb formasında çəkildim, bir kadr idi. Tikintiyə gəlirəm, məktub verib gedirəm. Anamı da Tamilla Ağamirova oynayırdı. Onu ilk dəfə yaxından görürdüm. Sonra mənim Lalə rolumun böyük vaxtını Natavan Şeyxova oynadı. Bu filmdən sonra mənə çox təklif gəlirdi. Tofiq Tağızadə atamla dostluq edirdi. Deyirdi ki, Sevinci göndərək gedib Moskvada kino kursunda oxusun, aktrisa olsun. Amma mən istəmədim. Çünki artıq musiqi sənətini seçmişdim. Eldar Quliyev məni “Bir cənub şəhərində” filmində jurnalist roluna çəkmək istəyirdi. Artıq seçimini də etmişdi. Evdən qadağa yox idi, özüm getmədim. O vaxt istiqamətimi seçmişdim deyə Asəf Zeynallı adına musiqi məktəbinə hazırlaşırdım” deyə o bildirib.