Moderator.az xəbər verir ki, tanınmış aktyor, Əməkdar Mədəniyyət işçisi Aslan Fətullayevin səhhəti ağırlaşıb. Bu haqda aktyorun qızı sosial şəbəkə hesabında paylaşım edib. Hava limanından paylaşım edən sənətçinin qızı atasına şəfa diləyib və daha sonra həmin paylaşımı silib.
Moderator.az-a etibarlı mənbədən daxil olan məlumata görə aktyor Rusiyaya müayinəyə getdiyi zaman səhhətində ağırlaşma olub və təcili olaraq bağırsağından əməliyyat olunub. Mənbənin bildirdiyinə görə aktyorun vəziyyəti hazırda ağır olaraq qalır.
Sənətkarın səhhətinin hazırda necə olduğunu öyrənmək üçün özünə və yaxınlarına zəng etsək də telefonlarımıza cavab verən olmadı. Əməkdar artist, Dövlət Kukla Teatrının aktyoru Rəhman Rəhmanovdan sənətçinin səhhətini xəbər aldıq. O da sənət dostunun səhhəti haqda heç bir məlumat ala bilmədiyini bildirib:
“Baxmayaraq ki, Aslan mənimlə uzun illər teatrda tərəf müqabili olub, bir otaqda qrim etmişik, dostluq edirik amma ona zəng edib danışa bilmirəm. Bilirəm ki, Moskvada olduğu üçün telefonu söndürülüb. Deyilənə görə ağır əməliyyat keçirib, halı nisbətən yaxşılaşıb. Allah şəfasını versin və tezliklə ölkəyə qayıtsın” deyə aktyor bildirib.
Qeyd edək ki, aktyor Aslan Fətullayev uzun illər Dövlət Kukla Teatrında çalışıb. O teatrın səhnəsində bir-birindən maraqlı obrazlar oynayıb.