“Şəfiqə xanımın səhnəyə gəlməyi gözümün qabağındadır, gözəlliyi, boyu-buxunu ilə...” - FOTO+ÖZƏL
Ekskluziv
1893
03 Nov 2026 | 09:21

“Şəfiqə xanımın səhnəyə gəlməyi gözümün qabağındadır, gözəlliyi, boyu-buxunu ilə...” - FOTO+ÖZƏL

“Tamaşaçılar hələ də o illərdəki filmlərin həsrəti ilə yaşayırlar. Məni yolda görən tamaşaçı elə ancaq köhnə filmlərdən sual verir. Mən də çalışıram ki, pozitiv danışım və onları inandırım ki, Azərbaycanda bu gün də istedadlı rejissor və aktyor heyəti var. Sadəcə o gəncləri hansısa yollarla üzə çıxarmaq lazımdır. Biz də gənc olmuşuq, elə-belədən parlamamışıq ki.. Bizi də görüblər, dəvət ediblər, gedib çəkilmişik. Azərbaycanda film və serial sektoru günü-gündən inkişaf edir. Bugünlərdə təqdim olunan “44” filmi buna əyani sübutdur. Bu filmdə görün nə qədər istedadlı gənclər var idi.. Ümid edirəm və inanıram ki, bundan da güclü filmlər lentə alınacaq”.
 
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, aktyor Rafiq Əzimov bildirib.
O daha sonra Xalq artisti Şəfiqə Məmmədova ilə bugünlərdə bir tamaşada birlikdə iştirak edəcəyini bildirib:
 
“Deyilənə görə Şəfiqə xanım da həmin tamaşada olacaq. Şəfiqə xanım mənim üçün ən yüksək səviyyəli aktrisadır. Onun səhnəyə ilk gəlişi mənim gözümün qabağındadır. Onunla tamaşada ilk görüşüm Cəfər Cabbarlının “Aydın” əsərində olub. Şəfiqə xanım Gültəkin rolunu oynayırdı. Boyu-buxunu, gözəlliyi, əzəməti səhnəni əsarətinə almışdı. Biz ondan əvvəl Nəcibə Məlikova, Hökümə Qurbanova, Sofa Bəsirzadə kimi sənətkarları görmüşdük. Onu görəndən sonra başa düşdüm ki, Şəfiqə xanım da həmin sənətkarların davamçısıdır. Şəfiqə xanım az bir müddət ərzində istər teatrda, istər kinoda, istərsə də televizida öz hörmətini qazandı. Biz eşidəndə ki, Şəfiqə xanım kino ittifaqına sədrliyə namizədliyini verib çox sevindik. Vaxtilə bu ittifaqa Həsən Seyidbəyli, Lətif Səfərov, son illərdə isə Rasim Balayev sədrlik etmişdi. Şəfiqə xanım da onları görmüşdü. Ona görə də Şəfiqə xanım bu ittifaqın sədri oldu. Biz sonuncu dəfə də konfransda iştirak edəndə hamımız birlikdə onu müdafiə etdik. Çünki o hər bir qapını açmağa layiq aktrisadır. Onu eşidirlər. Şəfiqə xanımı dövlət səviyyəsində də eşidirlər”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər