Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində “AnewZ” telekanalının Qarabağ müharibəsinə həsr olunmuş yeni sənədli filmini paylaşıb. Beynəlxalq fotojurnalist Reza Deqatinin obyektivi vasitəsilə təqdim olunan ekran əsəri Şuşa, Ağdam və Xocalıdan başlayaraq Brüsselə qədər uzanan müharibənin acı fəsadlarını və itkin düşmüş şəxslərin ailələrinin həqiqət axtarışını əks etdirir. Film ağrılı və bir o qədər də önəmli bir sualı aktuallaşdırır:
“Müharibə həqiqətən nə vaxt bitir – ailələr hələ də cavab axtardığı bir vaxtda onun hekayəsi tamamlana bilərmi?”
İtkin problemi fərdi və ya milli problem deyil, bu, ümümbəşəri, ümuminsani problemdir
Film Azərbaycanın üzləşdiyi itkin problemini, bu problemin bütün mənəvi-psixoloji məhrumiyyətlərini üzə çıxardır, insanları bu barədə yenidən, daha dərindən düşünməyə vadar edir.
Dövlətlər, xalqlar üçün bitən, müqavilə və sazişlərlə nöqtələnən hər hansı müharibənin itkin ailələrin qəlbində, ruhunda, düşüncəsində bəzən illərlə, bəzən isə sonsuza qədər davam etməsi həqiqətən də böyük, sözlə izahiolunmaz bir faciədir. Bu, insan ruhunun müharibədən sonra da savaşın bir parçasına çevrilməsi, onun bütün ağırlığını hər gün, hər saat yenidən yaşaması deməkdir.

İstər “AnewZ” telekanalının nümayiş etdirdiyi film, istərsə də hörmətli Hikmət Hacıyevin bu barədə paylaşımı itkin probleminin ümuminsanı mahiyyətini ortaya qoyur.
Bəli, itkin problemi hər şeydən öncə bu ağrıyla üzləşən ailələrin faciəsidir və heç kim – hətta məlum faciəni bütün miqyası ilə anlayan insanlar belə bu ağrını həmin ailələr qədər dərindən yaşaya bilməz. Lakin itkin problemi həm də bütün insanlığın faciəsi, bütün insanlığın sınağıdır. Çünki itkin düşən hər bir şəxs bəşəriyyətin bir parçası, onun bir hissəsidir. İnsanlığın buna biganə qalması onun özünün-özünə qarşı laqeydliyi demək olar ki, bu da mənəvi intihardan başqa bir şey deyil.
“Xilas edilən” itkinlər, bitməyən axtarışlar, “sülh içindəki döyüşün” qəhrəmanları...
İtkinlərimizin aqibətinin müəyyən edilməsi, onların ailələrinin intizarına son qoyulması Azərbaycan dövlətinin fəaliyyətində mühüm yer tutan əsas istiqamətərdən biridir. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının bu yöndəki fəaliyyəti yeni status-kvoya uyğun şəkildə daha da güclənib, bir sıra mühüm nəticələrin əldə edilməsini səbəb olub. Təkcə bir faktı qeyd edək ki, 2026-cı il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanıb, Birinci Qarabağ müharibəsində itkin düşmüş 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Həmin şəxslərdən 273-nün qalıqları ailələrinə təhvil verilib və bu şəxslər xalqımızın milli-dini ənənələrinə uyğu şəkildə ehtiramla dəfn ediliblər.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlum istiqamətdəki fəaliyyəti bu gün də tam gücü ilə davam edir ki, bu da digər itkin vətəndaşlarımızın aqibətinə aydınlıq gətiriləcəyinə ümidləri artırır.
Bəli, Dövlət Komissiyasının əməkdaşları müharibə dövründə olduğu kimi, bu gün də eyni əzmlə çalışmaqda, sülh şəraitində belə öz mübarizələrini davam etdirməkdədirlər. Onlar dövlətimizin və xalqımızın itkinlərə verdiyi dəyərin, onların taleyinə aydınlıq gətirmək əzminin təmsilçiləridir. Və onların bu mübarizədə əldə etdiyi hər bir uğur sadəcə dövltimizin deyil, bütün insanlığın uğurudur.
İnanırıq ki, axtarışları davam edən itkinlərimizin hamısı gec və ya tez qeyri-müəyyənlik zülmətindən xilas ediləcək, onların hər birinin taleyi sonsuzacan aydınlanacaq, doğmalarının nigaranlığına əbədi son qoyulacaq.
Seymur ƏLİYEV