Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
2483
02 Nov 2026 | 11:41

Peyğəmbərin(ə.s.) yəhudilərlə birgəyaşayış çağrısından “Böyük İsrail” iddialarınadək- Bu gün də sülhə çalışmalıyıq!..

III HİSSƏ — “Böyük İsrail” ideyası, Türkiyə-İsrail qarşıdurması və Azərbaycanın çətin geo-siyasi seçimi...
 
"Başqasının torpaqlarını işğal etmək uğrunda müharibə aparanlar bir gün torpağın altında qalırlar, amma sülh yaradanların adı nəsillərin yaddaşında yaşayır..."
 
"Yaxın Şərqin əsas problemi yəhudilərin, müsəlmanların və xristianların bir-birinin torpağında yaşaması deyil. Əsas problem bir xalqın hüququnun digər xalqın hüququ hesabına təmin edilməsinə çalışan siyasətdir..."
 
" “Böyük İsrail” vahid və hamı tərəfindən qəbul edilmiş rəsmi dövlət proqramı deyil. Bununla belə..."

"Qüdsdə məscidlərin minarələrindən azan səsi eşidilsin, sinaqoqlarda yəhudilər ibadətlərini təhlükəsiz yerinə yetirsinlər, Betlehemdə və Qüdsdə kilsələrin zəngləri azad səslənsin!.."

"Türkiyənin, Azərbaycanın, İsrailin, Fələstinin, İranın və bütün region dövlətlərinin uşaqları müharibə səsləri ilə deyil, məktəb zəngi ilə oyansınlar!.."

"Heç bir dövlət başqa dövlətin ərazisini zorla ələ keçirməyə çalışmasın. Heç bir xalq digər xalqı öz tarixi vətənindən qovmasın. Heç bir din nifrət və müharibə alətinə çevrilməsin!.."

-DÜŞÜNCƏ BOXŞASI...-
(II hissə burada: )
 
İlk iki hissədə Məhəmməd Peyğəmbərin (s.ə.s.) yəhudilərlə münasibətlərindən, Mədinə müqaviləsindən, müsəlman-yəhudi birgəyaşayışının tarixi nümunələrindən, siyasi sionizmin yaranmasından, Fələstin probleminin formalaşmasından və Qəzza faciəsindən bəhs etdik.
 
İndi isə məsələnin daha mürəkkəb geo-siyasi tərəfinə keçək.
 
Son illərdə Yaxın Şərqdə baş verən hadisələr, İsrailin Qəzza zolağında və İordan çayının qərb sahilindəki siyasəti, Livan və Suriyadakı hərbi fəaliyyəti, Türkiyə ilə münasibətlərinin kəskin pisləşməsi və Azərbaycanın həm Ankara, həm də Təl-Əvivlə strateji əməkdaşlığı mühüm bir sualı aktuallaşdırır:
 
“Böyük İsrail” ideyası nədir, onun real siyasi tərəfdarları kimlərdir və bu ideya Türkiyə ilə Azərbaycanın maraqlarına təsir göstərə bilərmi?..
 
“Vəd edilmiş torpaqlar” və “Böyük İsrail”: dini inanc, yoxsa siyasi proqram?..
 
Yəhudi dini ənənəsində Allahın İbrahimə və onun nəslinə torpaq vəd etməsi barədə təsvirlər mövcuddur. Tövratın “Yaradılış” kitabının 15:18–21-ci ayələrində Nil çayından Fərat çayına qədər uzanan əraziyə dair ifadə yer alır. Lakin bu dini mətnin müasir siyasi sərhədlər üçün konkret göstəriş olduğunu söyləmək düzgün deyil. Yəhudi dini və siyasi icmaları arasında bu məsələyə münasibət müxtəlifdir. Bir çox yəhudi dini xadimi və təşkilatı dini mətnlərin ərazi ekspansiyasına bəraət qazandırmaq üçün istifadəsinə qarşı çıxır...
 
“Böyük İsrail” və ya ivrit dilində “Eretz Yisrael HaShlema” – “Bütöv İsrail torpağı” anlayışının da müxtəlif siyasi şərhləri var.
 
Bir istiqamət İsrailin 1967-ci ildə nəzarətinə keçmiş Fələstin ərazilərinin, Şərqi Qüdsün və Colan təpələrinin daimi olaraq İsrailin tərkibində saxlanmasını müdafiə edir. Digər, daha maksimalist dini-siyasi təsəvvürlərdə isə İordaniyanın müəyyən ərazilərini, hətta Nil-Fərat arasındakı geniş coğrafiyanı əhatə edən xəritələr təqdim olunur...
 
Ancaq mühüm məqam budur: bütün yəhudilər, bütün sionistlər və İsrail cəmiyyətinin hamısı bu ideyanı dəstəkləmir. “Böyük İsrail” vahid və hamı tərəfindən qəbul edilmiş rəsmi dövlət proqramı deyil. Bununla belə, həmin ideyanı açıq şəkildə müdafiə edən siyasi şəxslərin və məskunlaşma hərəkatlarının mövcudluğu danılmazdır...
 
Bu ideyanın tarixi müəllifləri və siyasi daşıyıcıları kimlərdir?..
Teodor Herzl...
 
Siyasi sionizmin əsas banilərindən olan Teodor Herzl 1896-cı ildə “Yəhudi dövləti” əsərini yazıb, 1897-ci ildə Birinci Sionist Konqresini təşkil edib. Lakin onu müasir dövrdə müzakirə edilən Nil-Fərat arasında “Böyük İsrail” layihəsinin birbaşa müəllifi adlandırmaq düzgün deyil. Herzl gələcək dövlətin sərhədlərini radikal dairələrin bugünkü maksimalist təsəvvürlərindəki kimi müəyyənləşdirməmişdi...
 
Vladimir Jabotinski...
 
Revizionist sionizmin banilərindən olan Jabotinski İordan çayının hər iki sahilində yəhudi milli dövlətçiliyini müdafiə edən mövqeyi ilə tanınır. Onun “İordan çayının iki sahili” ideyası sonradan revizionist sionizmin və “Likud” siyasi ənənəsinin ideoloji irsinə təsir göstərib. Lakin Jabotinskinin baxışlarını bütün sionistlərin və İsrail siyasi sisteminin dəyişməz proqramı kimi təqdim etmək olmaz...
 
Oded Yinon…
 
1982-ci ildə israilli müəllif Oded Yinon “A Strategy for Israel in the Nineteen Eighties” “1980-ci illərdə İsrail üçün strategiya” adlı məqalə dərc etdirib. Məqalədə İsrailin regional təhlükəsizliyi, ərəb dövlətlərinin daxili ziddiyyətləri və onların parçalanması ehtimalları müzakirə olunur.
 
Bu yazı Yaxın Şərqin parçalanması və İsrailin regional strategiyası barədə müzakirələrdə tez-tez xatırlanır. Lakin Yinonun məqaləsinin İsrail hökuməti tərəfindən təsdiqlənmiş rəsmi dövlət proqramı olduğunu sübut edən sənəd yoxdur. Onu müəyyən strateji baxışın ifadəsi kimi təhlil etmək daha doğrudur…
 
Müasir dövrdə “Böyük İsrail” ideyasını kimlər müdafiə edir?..
 
Bu məsələdə konkret siyasi şəxslərin bəyanatlarına və fəaliyyətinə nəzər salmaq lazımdır.
 
Bezalel Smotriç…
 
İsrailin maliyyə naziri Bezalel Smotriç dini-millətçi siyasi düşərgənin tanınmış nümayəndəsidir. O, işğal altındakı İordan çayının qərb sahilinin ilhaqını və yəhudi yaşayış məntəqələrinin genişləndirilməsini açıq şəkildə müdafiə edir.
 
2023-cü ilin martında Parisdə çıxış edərkən onun dayandığı tribunada İordaniyanın hər iki sahilini əhatə edən “Böyük İsrail” xəritəsinin təsvir olunması ciddi diplomatik narazılığa səbəb olmuşdu…
 
2025-ci ilin sentyabrında isə Smotriç İordan çayının qərb sahilinin böyük hissəsinin İsrail suverenliyinə keçirilməsini nəzərdə tutan xəritə və plan təqdim etmişdi. O, bu yanaşmanı “maksimum ərazi, minimum fələstinli əhali” prinsipi ilə izah edirdi...
 
İtamar Ben-Qvir…
 
İsrailin milli təhlükəsizlik naziri olmuş İtamar Ben-Qvir də radikal dini-millətçi düşərgənin nümayəndəsidir. Onun Əl-Əqsa məscidinin yerləşdiyi Haram əl-Şərifə – yəhudilərin “Məbəd dağı” adlandırdığı əraziyə səfərləri və burada yəhudi ibadətinin genişləndirilməsini müdafiə etməsi regionda ciddi narahatlıq doğurub…
 
Benyamin Netanyahu…
 
Netanyahunun mövqeyi xüsusi diqqətə layiqdir.
 
2025-ci il avqustun 12-də İsrailin “i24NEWS” telekanalına müsahibəsində ona “Böyük İsrail” vizyonuna münasibəti barədə sual verilib. Netanyahu bu vizyona çox bağlı olduğunu bildirib. Bu açıqlama bir sıra ərəb və müsəlman ölkələrinin etirazına səbəb olub…
 
Bundan başqa, 2023-cü ilin sentyabrında BMT Baş Assambleyasındakı çıxışı zamanı Netanyahu təqdim etdiyi “Yeni Yaxın Şərq” xəritəsində Fələstin ərazilərini ayrıca dövlət kimi göstərməmiş, İsraili vahid ərazi kimi təqdim etmişdi…
 
Bu faktlar onun hökumətinin Fələstin dövlətçiliyinə və ərazi məsələlərinə münasibəti barədə müzakirələri daha da gücləndirib…
 
İsrailin Fələstin siyasəti və beynəlxalq hüquq…
 
BMT-nin 2025-ci il sentyabrın 16-da açıqladığı Müstəqil Araşdırma Komissiyasının hesabatı xüsusi diqqətə layiqdir. Komissiya İsrail hakimiyyətinin və təhlükəsizlik qüvvələrinin Qəzzada fələstinlilərə qarşı soyqırımı törətdiyi qənaətinə gəlib. Hesabatda 1948-ci il Soyqırımı Konvensiyasında nəzərdə tutulan beş əməldən dördünün törədildiyi və soyqırımı niyyətinin mövcud olduğu bildirilir…
 
Komissiya İsrail Prezidenti İsxak Hersoq, Baş nazir Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın bəzi bəyanatlarının soyqırımına təhrik xarakteri daşıdığı qənaətinə də gəlib.
 
Burada mühüm hüquqi fərq var: bu, BMT İnsan Hüquqları Şurasının yaratdığı müstəqil araşdırma komissiyasının nəticəsidir, Beynəlxalq Ədalət Məhkəməsinin yekun hökmü deyil. Bununla belə, hesabat İsrail hökumətinin Qəzzadakı siyasətinə dair beynəlxalq hüquqi müzakirələrin nə qədər ciddi olduğunu göstərir…
 
Əsas sual: Netanyahu hökumətinin siyasəti “Böyük İsrail” planına xidmət edirmi?..
 
Benyamin Netanyahunun müxtəlif dövrlərdə ümumilikdə təxminən 19 il İsrail hökumətinə rəhbərlik etməsi, 2025-ci ildə “Böyük İsrail” vizyonuna bağlılığını açıq bildirməsi, Fələstin dövlətinin yaradılmasını rədd etməsi, Smotriçin ilhaq planları və Ben-Qvirin radikal dini-millətçi mövqeyi ciddi narahatlıq doğurur.
 
Qəzzanın kütləvi bombardmanları, dinc əhali arasında çoxsaylı itkilər, yaşayış məntəqələrinin dağıdılması, İordan çayının qərb sahilində məskunlaşmanın genişləndirilməsi və fələstinli məhbuslarla bağlı sərt qərarlar İsrail hökumətinin siyasətinin beynəlxalq hüquq baxımından ciddi araşdırılmasını tələb edir. BMT-nin müstəqil komissiyası 2025-ci ildə Qəzzada soyqırımı törədildiyi qənaətinə gəlib…
 
Netanyahunun İranın nüvə proqramı ilə bağlı 1990-cı illərdən bəri səsləndirdiyi xəbərdarlıqlar da ayrıca qiymətləndirilməlidir. İranın nüvə fəaliyyəti ilə bağlı real beynəlxalq narahatlıqlar mövcuddur. Lakin bu, İsrailə başqa dövlətlərə qarşı istənilən hərbi addımı atmaq hüququ vermir…
 
Kürd məsələsinə gəlincə, Netanyahu 2017-ci ildə İraq Kürdüstanının müstəqillik təşəbbüsünü açıq şəkildə dəstəkləyib. Bununla belə, o, “PKK”-nı terror təşkilatı hesab etdiyini də bildirib. İsrailin bütün kürd silahlı təşkilatlarına, xüsusilə Türkiyəyə qarşı fəaliyyət göstərən qruplara vahid şəkildə dəstək verdiyini təsdiqləyən yetərli sübut yoxdur.
 
Bəs İsraildən Türkiyə və İranın müəyyən hissələrini, hətta Bakını əhatə edən xəritələr nə deməkdir?..
 
İnternetdə yayılan belə xəritələrin hamısını İsrail hökumətinin rəsmi ərazi planı kimi təqdim etmək düzgün deyil. Bəziləri dini-tarixi təsəvvürləri, digərləri isə müxtəlif müəlliflərin geo-siyasi layihələrini əks etdirir. Bakının İsrailin rəsmi ərazi iddiasına daxil edildiyini təsdiqləyən etibarlı dövlət sənədi mövcud deyil…
 
Nəticə etibarilə, Netanyahu və onun siyasi müttəfiqlərinin bəyanatları, ilhaq təşəbbüsləri və Fələstin siyasəti “Böyük İsrail” ideologiyasının müəyyən elementlərinin dövlət siyasətinə təsir göstərdiyini deməyə əsas verir. Lakin bundan Azərbaycanın, Türkiyənin və İranın ərazilərini ələ keçirməyə yönəlmiş təsdiqlənmiş vahid dövlət planının mövcudluğu nəticəsini çıxarmaq olmaz. Təhlükələri nə şişirtmək, nə də kiçiltmək lazımdır…
 
Sionist lobbilər və ABŞ siyasəti…
 
İsrailin xarici siyasətinə təsir göstərən mühüm amillərdən biri də ABŞ-dakı siyasi lobbiçilik fəaliyyətidir. “AIPAC” – American Israel Public Affairs Committee (Amerika-İsrail İctimai Əlaqələr Komitəsi) ABŞ-da İsraillə münasibətlərin möhkəmləndirilməsini müdafiə edən ən tanınmış siyasi lobbi təşkilatlarından biridir.
 
Bu təşkilat ABŞ Konqresində İsrailə hərbi və siyasi dəstəyin qorunması istiqamətində fəallıq göstərir. “AIPAC”-ın siyasi fəaliyyəti ilə yanaşı, onunla əlaqəli seçki maliyyələşdirmə strukturları da mövcuddur.
 
Lakin burada da ciddi fərqləndirmə aparılmalıdır. “AIPAC” İsrail hökumətinin birbaşa idarə etdiyi təşkilat deyil. Təşkilat özünün ABŞ vətəndaşları tərəfindən maliyyələşdirildiyini və Amerika daxilində fəaliyyət göstərdiyini bildirir.
 
Bütün yəhudi təşkilatlarını sionist lobbi hesab etmək, bütün sionist təşkilatları vahid gizli mərkəzin idarə etdiyini söyləmək və dünya siyasətini hansısa etnik-dini qrupun nəzarətində göstərmək üçün əsas hələki yoxdur…
 
Yəhudi icmaları arasında İsrail hökumətinin siyasətini dəstəkləyənlər də, onu sərt tənqid edənlər də mövcuddur. Məsələni etnik və dini konspirasiya nəzəriyyələrinə çevirmək əvəzinə, konkret siyasi təsir mexanizmlərini, lobbiçiliyi və seçki maliyyələşməsini araşdırmaq daha doğrudur…
 
Türkiyə-İsrail münasibətləri: strateji əməkdaşlıqdan dərin siyasi böhrana…
 
Türkiyə İsraili 28 mart 1949-cu ildə tanıyan ilk müsəlman çoxluqlu dövlət olub. 1950-ci il yanvarın 7-də Türkiyənin İsraildəki ilk diplomatik nümayəndəliyi fəaliyyətə başlayıb.
 
1990-cı illərdə iki ölkə arasında hərbi, iqtisadi və təhlükəsizlik əməkdaşlığı genişlənib. Müdafiə sənayesi, hərbi təlimlər, ticarət və turizm əlaqələri inkişaf edib. Lakin Fələstin məsələsi münasibətlərdə daim həssas nöqtə olaraq qalıb.
 
2009-cu il – Davos hadisəsi…
 
Dünya İqtisadi Forumunda Türkiyənin o zamankı baş naziri Rəcəb Tayyib Ərdoğan İsrail Prezidenti Şimon Pereslə Qəzza əməliyyatları barədə kəskin mübahisə edib. Ərdoğanın məşhur “One minute!”(“Bir dəqiqə!”) çıxışı Türkiyə-İsrail münasibətlərində siyasi dönüşün simvoluna çevrilib…
 
2010-cu il – “Mavi Mərmərə” faciəsi…
 
Qəzzaya humanitar yardım aparan beynəlxalq flotiliyaya İsrail hərbçilərinin müdaxiləsi zamanı “Mavi Mərmərə” gəmisində 10 Türkiyə vətəndaşı öldürülüb. Hadisə Türkiyədə böyük etirazlara səbəb olub. Ankara İsraildən üzr, kompensasiya və Qəzza blokadası ilə bağlı addımlar tələb edib…
 
2013-cü il – Üzr…
 
ABŞ Prezidenti Barak Obamanın vasitəçiliyi ilə Netanyahu Ərdoğana telefonla zəng edərək Mavi Mərmərə hadisəsinə görə üzr istəyib…
 
2016-cı il – Normallaşma…
 
Tərəflər kompensasiya və digər məsələlər üzrə razılığa gəliblər. Diplomatik münasibətlərin səfirlik səviyyəsində bərpası istiqamətində addımlar atılıb.
 
2018-ci il – Yeni gərginlik…
 
Qəzzada “Böyük Qayıdış yürüşü” etirazları zamanı İsrail qüvvələrinin fələstinlilərə qarşı güc tətbiqi və çoxsaylı ölümlər Türkiyənin sərt reaksiyasına səbəb olub. Diplomatik nümayəndəliklərin səviyyəsi aşağı salınıb…
 
Burada bir düzəliş vacibdir: iki dövlət arasında diplomatik münasibətlər tamamilə kəsilməyib. Türkiyə 2018-ci ilin mayından 2022-ci ilin dekabrınadək İsraildə müvəqqəti işlər vəkili səviyyəsində təmsil olunub…
 
2022-ci il – Yenidən normallaşma…
 
17 avqust 2022-ci ildə qarşılıqlı səfirlərin təyin olunması barədə qərar elan edilib. İsrail Prezidenti İsxak Hersoqun Türkiyəyə səfəri və Ərdoğanla görüşü normallaşma prosesinin mühüm mərhələsi olub.
 
2023-cü il – Qəzza müharibəsi…
 
7 oktyabr hücumundan və İsrailin Qəzzada hərbi əməliyyatlarından sonra iki ölkə arasında diplomatik böhran yenidən dərinləşib. Türkiyə İsrailin hərbi əməliyyatlarını sərt tənqid edib. Diplomatik nümayəndəliklərin fəaliyyəti ciddi şəkildə məhdudlaşıb.
 
2024-cü il – Ticarətin dayandırılması…
 
2 may 2024-cü ildə Türkiyə İsraillə bütün məhsullar üzrə ixrac-idxal əməliyyatlarını dayandırdığını açıqlayıb. Bu, diplomatik münasibətlərin kəsilməsi deyil, iqtisadi-ticarət sahəsində ciddi siyasi qərar idi…
 
Beləliklə, Türkiyə-İsrail münasibətlərinin tarixi göstərir ki, iki dövlət arasında həm yaxınlaşma, həm əməkdaşlıq, həm də kəskin siyasi qarşıdurma dövrləri yaşanıb. Bu münasibətlərin gələcəyini müəyyənləşdirən əsas amillərdən biri də Qəzza və Fələstin məsələsidir…
 
Azərbaycan-Türkiyə münasibətləri: qardaşlıqdan siyasi-hərbi müttəfiqliyə…
İndi məsələnin Azərbaycan üçün ən mühüm tərəfinə keçək…
 
Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır.
Burada 1915-ci ilin İstanbulun işğaldan xilasına xidmət etmiş Çanaqqala döyüşündə Azərbaycan türklərinin kütləvi iştirakını və 1918-ci ildə Osmanlı dövlətinin rəhbərliyi ilə Bakının azad edilməsi, əslindən bütövlükdə Azərbaycanın qurtuluşu ilə nəticələnmiş Qafqaz-İslam ordusunun ilk demokratik Azərbaycan Cümhuriyyətinin yenicə formalaşan ordu hissələri ilə birgə böyük Zəfər yürüşünü və s. kimi tarixi məqamları unutmaq olmaz… 
 
Türkiyə 9 noyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olub. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il yanvarın 14-də qurulub.
 
2010-cu il avqustun 16-da Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında Müqavilə imzalanıb.
 
2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı Türkiyə Azərbaycana güclü siyasi, diplomatik  və yetərli  hərbi dəstək göstərib. Ankara Azərbaycanın ərazi bütövlüyünü müdafiə edib, beynəlxalq platformalarda onun mövqeyini dəstəkləyib. Türkiyə general və zabitləri düşmənə qarşı əməliyyatların hazırlanmasında fəal iştirak edib. Türkiyə istehsalı olan “Bayraktar TB2” pilotsuz uçuş aparatları isə Azərbaycan Ordusunun kəşfiyyat və dəqiq zərbə imkanlarının gücləndirilməsində mühüm rol oynayıb. “F-16” qırıcıları uzun müddət Azərbaycan ərazisində qalıb…
 
2021-ci il iyunun 15-də Şuşada imzalanmış Şuşa Bəyannaməsi münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldib.
 
Bəyannamədə tərəflərdən birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin təhlükəsizliyinə qarşı üçüncü dövlət tərəfindən təhdid və ya təcavüz baş verdiyi halda birgə məsləhətləşmələr və BMT Nizamnaməsinə uyğun zəruri yardım nəzərdə tutulur.
 
Bu sənədi avtomatik və şərtsiz hərbi müdaxilə öhdəliyi kimi təqdim etmək olmaz. Sənəd mümkün yardımın həcminin və formasının məsləhətləşmələrdən sonra müəyyənləşdirilməsini nəzərdə tutur.
 
Azərbaycan-Türkiyə müttəfiqliyi başqa xalqlara və dövlətlərə qarşı düşmənçilik ittifaqı deyil. Onun əsas məqsədi iki ölkənin suverenliyini, təhlükəsizliyini, ərazi bütövlüyünü və regional sabitliyi qorumaqdır…
 
Azərbaycan-İsrail münasibətləri: strateji tərəfdaşlıq və milli maraqlar..
 
Azərbaycanın İsraillə münasibətləri də müstəqilliyimizin ilk illərindən inkişaf edib.
 
İsrail Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb. Diplomatik münasibətlər 7 aprel 1992-ci ildə qurulub. İsrailin Azərbaycandakı səfirliyi 1993-cü ilin avqustunda fəaliyyətə başlayıb. Azərbaycanın Təl-Əvivdəki səfirliyi isə 2023-cü il martın 1-dən fəaliyyət göstərir. Rəsmi açılış mərasimi həmin ilin martın 29-da keçirilib.
 
İki ölkə arasında münasibətlərin əsas istiqamətləri enerji, ticarət, müdafiə sənayesi, kənd təsərrüfatı, su texnologiyaları, informasiya texnologiyaları və təhlükəsizlik sahələridir.
 
Azərbaycan nefti İsrailin enerji təminatında mühüm yer tutur. İsrail müdafiə sənayesi məhsulları isə Azərbaycanın hərbi-texniki imkanlarının gücləndirilməsində əhəmiyyətli rol oynayıb.
 
2020-ci ilin 44 günlük müharibəsində İsrailin Azərbaycana hərbi-texniki dəstəyi olubmu?..
 
Bəli, bu dəstək beynəlxalq araşdırmalarla təsdiqlənir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, 2011–2020-ci illərdə İsrail Azərbaycanın ikinci ən böyük silah təchizatçısı olub və ölkənin əsas silah idxalının təxminən 27 faizini təmin edib.
 
İsrail istehsalı olan “HAROP” kamikadze-dronları, kəşfiyyat PUA-ları, idarəolunan raketlər və digər silah sistemləri 2020-ci il müharibəsində istifadə olunub. Bu silahlar Azərbaycan Ordusunun kəşfiyyat və dəqiq zərbə imkanlarını artırıb.
 
Bu faktlar Azərbaycan-İsrail hərbi-texniki əməkdaşlığının əhəmiyyətini göstərir. Əlbəttə, Azərbaycan Türkiyəyə olduğu kimi, İsrailə də idxal edilmiş bütün silah və texnikaların parasını ödəyib... 
 
Lakin bu əlaqələrin mövcudluğu Azərbaycanın Fələstin məsələsindəki mövqeyini avtomatik dəyişdirmir. Azərbaycan Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququnu və müstəqil dövlət qurmaq istəyini müdafiə edir və etməlidir. Eyni zamanda İsraillə qarşılıqlı faydalı münasibətlərini davam etdirə bilər…
 
2026-cı il yanvarın 26-da İsrailin xarici işlər naziri Gideon Saar Bakıya səfər edib. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşdə iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional vəziyyət müzakirə olunub. Prezident İlham Əliyev də İsrail xarici işlər nazirini qəbul edib…
 
Rəsmi məlumatlarda enerji, ticarət, investisiya, turizm, kənd təsərrüfatı, su ehtiyatlarının idarə edilməsi, yüksək texnologiyalar və süni intellekt sahələrində əməkdaşlıq məsələlərinin müzakirə olunduğu bildirilib.
 
Bu faktlar Azərbaycanın İsraillə münasibətlərinin konkret dövlət maraqlarına söykəndiyini göstərir.
 
Bəs Türkiyə İsraillə qarşıdurmadadırsa, Azərbaycan nə etməlidir?..
 
Məhz burada Azərbaycanın xarici siyasətinin ən həssas məsələsi ortaya çıxır. Bir tərəfdə Şuşa Bəyannaməsi ilə rəsmiləşdirilmiş Türkiyə-Azərbaycan müttəfiqliyi, digər tərəfdə isə enerji, müdafiə və texnologiya sahələrində Azərbaycan-İsrail tərəfdaşlığı var.
 
Azərbaycan bu iki münasibəti bir-birinə qarşı qoymamalıdır.
 
Birincisi, Türkiyə ilə strateji və tarixdən və soykök, dil, din birliyindən irəli gələn təbii müttəfiqlik…
 
Şuşa Bəyannaməsindən irəli gələn öhdəliklər, siyasi həmrəylik və təhlükəsizlik əməkdaşlığı Azərbaycanın fundamental milli maraqlarındandır.
 
İkincisi, İsraillə qarşılıqlı faydalı əməkdaşlıq…
 
Enerji, texnologiya, kənd təsərrüfatı və müdafiə sahələrində əlaqələr Azərbaycanın milli maraqlarına xidmət etdiyi müddətdə davam etdirilə bilər. Lakin bu əməkdaşlıq beynəlxalq hüquqa zidd hərəkətlərin dəstəklənməsi kimi anlaşılmamalıdır.
 
Üçüncüsü, Fələstin məsələsində ədalətli mövqe...
 
Azərbaycan fələstinlilərin dövlətçilik hüququnu, mülki əhalinin müdafiəsini və Qüdsdə dini azadlıqların təmin olunmasını müdafiə etməlidir. Eyni zamanda İsrail mülki əhalisinin təhlükəsizliyini də tanımalıdır.
 
ABŞ-ın “Stimson” Mərkəzinin Türkiyə, İsrail və Azərbaycanın münasibətlərinə dair araşdırmaları da göstərir ki, Qəzza müharibəsi fonunda Ankara ilə Təl-Əviv arasındakı gərginlik Bakının xarici siyasətində əlavə həssaslıq yaradır.
 
Azərbaycanın müstəqil xarici siyasəti dostlarını bir-birinə düşmən etmədən, öz milli maraqlarını qorumaq bacarığında özünü göstərməlidir…
 
Son söz: Nə “Böyük İsrail”, nə “Böyük düşmənçilik” – Böyük Sülh lazımdır!..
 
Bütün bu tarixi və siyasi faktları bir araya gətirəndə belə nəticəyə gəlmək olar ki, Yaxın Şərqin əsas problemi yəhudilərin, müsəlmanların və xristianların bir-birinin torpağında yaşaması deyil. Əsas problem bir xalqın hüququnun digər xalqın hüququ hesabına təmin edilməsinə çalışan siyasətdir…
 
“Vəd edilmiş torpaqlar” dini anlayışı fələstinlilərin evlərindən qovulmasına, ərazilərin ilhaqına və onların siyasi hüquqlarının inkarına bəraət qazandıra bilməz. Eyni zamanda Fələstin azadlığı uğrunda mübarizə də İsrail mülki əhalisinə qarşı terrora haqq qazandırmır…
 
İsrail rəhbərliyi anlamalıdır ki, hərbi üstünlük əbədi sülh yaratmır. Türkiyə rəhbərliyi anlamalıdır ki, regional sabitlik üçün diplomatiya və dialoq da vacibdir. Fələstin rəhbərliyi isə dövlət quruculuğunun beynəlxalq hüquqa, mülki əhalinin təhlükəsizliyinə və siyasi məsuliyyətə söykənməli olduğunu unutmamalıdır…
 
Azərbaycan isə öz tarixi təcrübəsindən çıxış edərək həm Türkiyə ilə qardaşlığını, həm İsraillə qarşılıqlı faydalı əməkdaşlığını, həm də Fələstin xalqının ədalətli hüquqlarını müdafiə edən müstəqil siyasətini davam etdirməlidir…
 
Bir daha Məhəmməd Peyğəmbərin (s.ə.s.) Mədinədə müxtəlif dini icmalarla münasibətlərinə qayıdaq.
 
O, müxtəlif dini icmaların yaşadığı cəmiyyətdə müqavilə, qarşılıqlı məsuliyyət və birgəyaşayış əsasında ictimai nizam yaratmağa çalışmışdı. Bu tarixi təcrübənin bu gün də öyrəniləcək mühüm dərsi var: dini fərqlilik düşmənçilik üçün bəhanəyə çevrilməməlidir…
 
Qüdsdə məscidlərin minarələrindən azan səsi eşidilsin, sinaqoqlarda yəhudilər ibadətlərini təhlükəsiz yerinə yetirsinlər, Betlehemdə və Qüdsdə kilsələrin zəngləri azad səslənsin!..
 
Türkiyənin, Azərbaycanın, İsrailin, Fələstinin, İranın və bütün region dövlətlərinin uşaqları müharibə səsləri ilə deyil, məktəb zəngi ilə oyansınlar!..
 
Heç bir dövlət başqa dövlətin ərazisini zorla ələ keçirməyə çalışmasın. Heç bir xalq digər xalqı öz tarixi vətənindən qovmasın. Heç bir din nifrət və müharibə alətinə çevrilməsin!..
 
Müharibələrə son qoyaq! İşğala, terrora, dini ayrı-seçkiliyə və insanlığa qarşı cinayətlərə “yox” deyək! Bütün dinlər, xalqlar və dövlətlər arasında ədalətə əsaslanan sülhün bərqərar olması üçün birləşək!..
 
Çünki başqasının torpaqlarını işğal etmək uğrunda müharibə aparanlar bir gün torpağın altında qalırlar, amma sülh yaradanların adı nəsillərin yaddaşında yaşayır…
 
Sultan Laçın
 
Məqalənin əsas mənbələri və istinadlar:
 
BMT – Qəzzada soyqırımı ilə bağlı araşdırma: “Independent International Commission of Inquiry”, 16 sentyabr 2025 .
 
“Deutsche Welle” – “Böyük İsrail” ideologiyası: Inside Israel's expansionist ambitions .
 
“The Times of Israel” – Netanyahunun “Böyük İsrail” açıqlaması: 12 avqust 2025-ci il müsahibəsi .
 
“Reuters” – Smotriçin ilhaq xəritələri: 3 sentyabr 2025-ci il xəbəri .
 
“The Times of Israel” – Smotriçin İordaniyanı əhatə edən xəritəsi: 20 mart 2023-cü il xəbəri .
 
Türkiyə Xarici İşlər Nazirliyi: Türkiyə-İsrail siyasi münasibətləri .
 
Türkiyə Prezident Administrasiyası: 2 may 2024-cü ildə İsraillə ticarətin dayandırılması .
 
Azərbaycan Prezidentinin rəsmi saytı: Şuşa Bəyannaməsinin tam mətni .
 
"SIPRI": 2020-ci il müharibəsində Azərbaycana silah tədarükçüləri, 30 aprel 2021 .
 
Azərbaycan Prezidentinin rəsmi saytı: Gideon Saarın 26 yanvar 2026-cı il Bakı səfəri .
 
"AIPAC": Təşkilatın fəaliyyəti və maliyyələşməsi barədə rəsmi məlumat .
 
ABŞ Konqresinin Araşdırma Xidməti: İsraildə 2026-cı il seçkiləri və hökumətin formalaşdırılması .
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər