Hər zaman musiqilərimizə göz dikən ermənilər davamlı olaraq xalq mahnılarımızı toylarında ifa edir, bu azmış kimi qol qaldırıb oynayırlar da. Ermənilər bu dəfə “Muleyli” mahnısını toylarında ifa ediblər. Sosial şəbəkələrdə davamlı olaraq paylaşılan bu faktlar bir çox azərbaycanlını, ələxsus da sənətçilərimizi hiddətləndirib.
Moderator.az-a açıqlama verən Xalq artisti Möhlət Müslümov deyir ki, ermənilər nəinki mahnılarımıza, milli musiqi alətlərimizə də göz dikiblər:

“Sovet dönəmində də belə hallar yaşanırdı. Ermənilərin toylarında, məclislərində, konsertlərində bizim mahnıları çalıb oxuyurdular. Biz buna adi baxırdıq. Çünki onlar burada yaşayırdılar, birlikdə dostluq edirdik. Mənim də tarımı erməni ustası düzəldib, o demək deyil ki, bu erməni tarıdır, erməni icad edib bunları. Bizim indiki musiqilərimiz kupçasız evə oxşayır. Heç birinin sənədi yoxdur. Lazımdır ki, biz onları müəllif hüququndan keçirək. Əlbəttə ki, baxımsız qoysam tarımı da kimsə gəlib götürüb gedəcək. Ermənilər deyir ki, “Sarı gəlin”-də bizimdir. Ermənilərin heç leksikomunda da “Sarı gəlin” sözü yoxdur. Bu mahnı “Şur” muğamı üstündə yazılıb” deyə sənətkar bildirib.
“Müəllif Hüquqları Uğrunda” ictimai birliyinin sədr müavini Zamiq Yunisov saytımıza açıqlamasında bildirib ki, bu mahnılar sosial platformalarda yayılarsa, qarşısını almaq olar. Amma toylarda istifadəyə görə qadağa qoymaq mümkün deyil:

“Bunun qarşısını almaq əlbəttə ki, mümkün deyil. Belə bir qanun yoxdur. Bizim toylarda da digər xarici mahnılar səsləndirilir. Buna heç cür qadağa qoymaq olmaz. Bu gün musiqini ərsəyə gətirəndən saniyələr sonra onu sosial platformalarda yerləşdirəndən sonra yayılır, dinlənilir. Əgər hansısa bir hüquq pozuntusu, mənimsəmə olarsa, dijital platformalarda-yutubda, metada, yaxud da digər rəqəmsal platformalarda yayılarsa bunun qarşısını almaq mümkündür. Təəssüflər olsun ki, bu günləri bizim müəlliflər, bəstəkarlarımız çox vaxt öz əsərlərini qeydiyyata aldırmırlar. Biz milli musiqi və mədəniyyətimizi hələ ki, dünya ölkələrində istədiyimiz kimi təbliğ edə bilmirik” deyə o bildirib.
