Terror qruplaşmasının fəaliyyətində iştirak etməkdə təqsirləndirilən Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli, Dadaş Həşimov, Məhəmməd Hüseynli, Müşfiq Həşimov, Mir Cavad Hüseynli və Tural Ağayevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə
Vüqar Nəcəfli 9 il 6 ay, Camal Gözəlov, 9 il 6 ay, Tofiq Yusifli 8 il 6;ay, Dadaş Həşimov 8 il 6 ay, Məhəmməd Hüseynli 13 il, Müşfiq Həşimova 10 il, Mir Cavad Hüseynli 12 il 6 ay və Tural Ağayev 13 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, adıçəkilən şəxslər beynəlxalq terror təşkilatlarının tərkibində müxtəlif əməliyyatlarda və təlimlərdə iştirak etməkdə, habelə, digər cinayətlərdə təqsirli biliniblər.
Moderator.az-a açıqlamasında DTX-nın məlum əməliyyatına münasibət bildirən millət vəkili Məşhur Məmmədov, bu cür tədbirlərin milli və beynəlxalq təhlükəsizlik baxımından mühüm önəm kəsb etdiyini bildirib:
“Şübhəsiz, dövlət təhlükəsizliyimizin təminində, ölkəmizə qarşı təhdid və təhlükələrin zamanında dəf edilməsində DTX-nın üzərinə böyük məsuliyyət düşür. Müasir dünyamızda terror və zorkılıqların, qarşıdurma və münaqişələrin hədsiz dərəcədə çoxaldığını nəzərə alsaq, təhlükəsizliklə bağlı problemlərin əvvəlki dönəmlərlə müqayisədə ikiqat aktuallıq qazandığı birmənalıdır. Bu baxımdan, təhlükəsizliyimizin təmini bir sıra amillərlə yanaşı, həm də DTX-nın peşəkarlığından, onun mövcud təhdidlərə çevik, operativ reaksiyasından əhəmiyyətli dərəcədə asılıdır.
Qürurvericidir ki, DTX hər zamankı kimi bu gün də öz vəzifəsinin öhdəsindən yüksək peşəkarlıqla gəlməkdə, dövlətimizin və xalqımızın etimadını layiqincə doğrultmaqdadır. Sözügedən qurumun bir müddət bundan öncə xarici ölkələrdə müxtəlif terror qruplarında təmsil olunan bir qrup Azərbaycan vətəndaşını müəyyən edərək onların ölkəmizə gətirilməsini təmin etməsi və məhkəmə qarşısına çıxarması buna nümunədir. Bu, anti-terror tədbiri bir daha sübut etdi ki, Azərbaycan dövləti, onun əlaqədar qurumları kifayət qədər ayıq-sayıqdır və təhlükəsizliyimizin keşiyində qətiyyətlə dayanıb.
Onu da qeyd edək ki, DTX-nın həyata keçirdiyi bu tədbirlər milli təhlükəsizliklə yanaşı, həm də qlobal təhlükəsizlik baxımından mühüm rol oynayır. Çünki terror sərhəd tanımır və mahiyyət etibarilə bütün insanlığa qarşı yönəlib. Bu baxımdan DTX-nın həyata keçiridiyi hər bir anti-terror tədbiri milli və qlobal təhlükəsizliyə töhfədir və bütün bəşəriyyətin təhlükəsizliyi baxımından böyük rol oynayır”.
Seymur ƏLİYEV