Bizi sosial şəbəkələrdən izləyin:
Rusiya paytaxtında kommunistlərin 1993-cü ildə Ağ Evdə baş vermiş qanlı hadisələrin ildönümü ilə əlaqədar təşkil etdiyi aksiya növbəti anti-hökumət nümayişinə çevrilib.
Moderator.az Rusiya və Qərb mediasına istinadla xəbər verir ki, Moskva polisi səsləndirilən siyasi şüarlardan sonra etirazçılara qarşı sərt güc tətbiq edərək mitinqi dağıdıb.
Rusiya Federasiyası Kommunist Partiyasının (RFKP- "KPRF") təşkil etdiyi anım tədbirinə fərqli qiymətləndirmələrə görə bir neçə yüz nəfərdən 2 minə qədər insan qatılıb. Aksiyanın gedişində iştirakçılar sosial və hüquqi tələblərlə yanaşı, Rusiya rəhbərliyinə qarşı sərt siyasi şüarlar da səsləndirməyə başlayıblar.
Meydandan "Siyasi repressiyalara son!", "Siyasi məhbuslara azadlıq!" və xüsusilə Vladimir Putin rejiminə ünvanlanan "Rədd olsun çar!" nidası ucalıb. Məhz bu şüardan dərhal sonra əraziyə cəlb olunmuş hüquq-mühafizə orqanlarının əməkdaşları kütləvi həbslərə başlayıblar.
Hadisə həm beynəlxalq, həm də Rusiyanın daxili media subyektləri tərəfindən geniş şəkildə işıqlandırılıb. Dünyanın ən böyük xəbər agentliklərindən olan "Associated Press" (AP News) və ABŞ-ın nəhəng media şəbəkəsi "ABC News" hadisə barədə xüsusi bülleten yayaraq nümayişçilərin çar əleyhinə şüarlar səsləndirdiyini beynəlxalq auditoriyaya çatdırıb. Almaniyanın dövlət yayım korporasiyası "Deutsche Welle" (DW) və müstəqil "Radio Svoboda" (rusca "Azadlıq") radiosu isə aksiyanın rəsmi icazəli başladığını, lakin siyasi çağırışlardan sonra kütləvi həbs dalğasının baş verdiyini təfərrüatları ilə yazıb. Eyni zamanda Rusiyanın rəsmi qeydiyyatlı nüfuzlu biznes-siyasi qəzeti olan "Kommersant" RFKP-in rəsmi bəyanatına istinadla 60-dan çox nəfərin saxlanıldığını təsdiqləyib.
Hazırda müstəqil "Astra" nəşri və Rusiyadakı siyasi həbsləri anbaan qeydə alan "OVD-Info" hüquq-müdafiə layihəsinin hesablamalarına görə, ən azı 60-65 nəfər saxlanılıb. Mənbələr bildirir ki, saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, digərləri polis məntəqələrində saxlanılır və məhkəmə qarşısına çıxarılacaqlar. Şahidlərin yaydığı kadrlardan görünür ki, polis bölmələrinə aparılan etirazçılardan təzyiq altında izahat alınır və onlara RFKP-in bu aksiyasının "razılaşdırılmamış" olduğunu qəbul edən sənədlərə məcburi şəkildə imza etdirilir.
S.Laçın