"Vicdanlı insan prinsiplərini maddi maraqlara və ya qorxuya qurban vermir. Və bu inadkarlıq sistem üçün idarəolunmazdır. Onların əxlaqlı davranışı ətrafdakıların və idarəçilərin mənəvi eybəcərliyini üzə çıxarır..."
“Yəhudilərin müqəddəs Kitabı Tövratın ən mühüm mənəvi prinsiplərindən biri “ədalətin ardınca getmək” tələbidir...”
“Xristianlıq bu mənəvi xətti davam etdirərək insanın Allaha münasibətini digər insanlara münasibətindən ayırmır...”
“İslam dini baxımından öz tərəfinin, öz rəhbərinin, öz partiyasının, öz dövlətinin və ya öz dini-milli qrupunun haqsızlığını etiraf etmək daha çətindir. Vicdan isə məhz burada sınağa çəkilir...”
“İnsan öz vicdanından qaça bilərmi? Cəmiyyətdən, dövlətdən, qanundan, hətta tarixdən gizlənmək mümkündür. Amma insanın öz daxilindəki hakimdən qaçmaq nə qədər mümkündür?”
“ “Vicdanlı siyasətçi”, “vicdansız siyasətçi” anlayışları varmı?.. Siyasətçini vicdan baxımından qiymətləndirmək istəyiriksə, konkret davranışlara baxmaq lazımdır...”
"Vicdanın ən böyük düşməni bəzən vicdansızlıqdan çox qorxudur..."
*** *** **** ****
-FİKİR SAVAŞI...-
Tarix və fəlsəfə boyu vicdanlı, əxlaqlı və humanist insanların təzyiqlərə məruz qalması ən böyük paradokslardan biridir. Cəmiyyəti irəli aparmaq istəyən bu şəxslər çox vaxt mövcud sistemlər tərəfindən təhlükə kimi görülüb. Fəlsəfədə bu mövzu "ədalətli insanın qeyri-ədalətli dünyadakı taleyi" kimi araşdırılır...
Qədim Afinanın ən vicdanlı insanı hesab olunan Sokrat, gənclərin düşüncəsini zəhərləmək ittihamı ilə ölümə məhkum edildi. Onun tək günahı insanları sorğulamağa və dürüstlüyə səsləmək idi...
Platon qeyd edir ki, zülmətdən (cahillikdən) qurtulub işığı (həqiqəti) görən və geri qayıdıb digərlərini xilas etmək istəyən insanı mağaradakılar dəli hesab edər və öldürərlər...
İbrahim peyğəmbər əleyhissəlam bütləri inkar etdiyi üçün oda atıldı...
İmam Hüseyn əleyhissəlam ədalətsiz Yezid hakimiyyətinə qarşı çıxdığı üçün qətıə yetirildi...
Nikolo Makiavelli yazırdı ki, tamamilə mənəviyyatlı olmağa çalışan insan, mənəviyyatsızların çoxluq təşkil etdiyi dünyada mütləq məhvə məhkumdur...
Tarixən totalitar rejimlər, fanatik dini qruplar və avtoritar güclər ilk növbədə vicdanın səsini boğmağa çalışıblar....
Cordano Bruno fikirlərindən dönmədiyi üçün tonqalda yandırıldı. Qaliley fərqli həqiqəti müdafiə etdiyi üçün ömürlük ev dustaqlığına məhkum edildi...
Nəsimi Allah və insan haqqında bildiyi gerçəkləri dediyi, təbliğ etdiyi üçün dərisi soyuldu...
Totalitar rejimlər (məsələn, 1930-cu illərin Azərbaycanda da baş vermiş Stalin repressiyaları) ilk növbədə müstəqil düşünən, vicdanlı ziyalıları, yazıçıları və humanistləri hədəf alıb. Çünki vicdanlı insanı manipulyasiya etmək qeyri-mümkündür...
Çağdaş dünyada da hansısa ölkənin mövcud ədalətsiz sistemindən qidalanan güclər vicdanlı səslərin kütlələri oyatmasından qorxurlar. Çünki vicdanlı insan prinsiplərini maddi maraqlara və ya qorxuya qurban vermir. Və bu inadkarlıq sistem üçün idarəolunmazdır. Onların əxlaqlı davranışı ətrafdakıların və idarəçilərin mənəvi eybəcərliyini üzə çıxarır. Vicdansız məxluqlar isə öz pisliklərini xatırladan bu mənəvi güzgünü sındırmaq istəyirlər...
Vicdan nədir və niyə vicdanlı adam həmişə “narahat adam”dır?..
Vicdan nə deməkdir?..
Bilməyənlər, bu haqda düşünmək istəməyənlər, xüsusilə də vicdanın nə olduğunu bilməyən, çıxışlarının məntiqi ilə vicdansız olduqlarını isbatlayan din xadimləri, deputat və siyasətçilər üçün zəruri arayış:
Vicdan insanın daxilindəki görünməz tərəzidir. O tərəzinin nə polisi var, nə mühafizəçisi, nə də həbsxanası. Heç bir dövlət onu rəsmi fərmanla ləğv edə bilməz. Amma insanın vicdanını susdurmaq üçün bəzən dövlətlərdən də güclü mexanizmlər işə salınır: qorxu, pul, vəzifə, şöhrət, mənfəət, təhdid, təbliğat, kütlənin təzyiqi...
Vicdan sadəcə “yaxşı adam olmaq” deyil. Vicdan insanın öz əməlinə kənardan baxa bilməsidir. Özündən soruşmasıdır:
“Mənim qazandığım şey başqasının haqqının hesabınadırmı?”
“Mən susmaqla zülmə şərik olurammı?”
“Mənə toxunmadığı üçün başqasının ağrısını görməməzliyə vura bilərəmmi?”
“Sabah övladım mənim bugünkü davranışımı soruşanda ona nə cavab verəcəyəm?”
Bu baxımdan vicdan həm mənəvi, həm də ictimai məsuliyyət anlayışıdır.
Səmavi dinlərn dili ilə desək, insan yalnız insanlar qarşısında deyil, Yaradan qarşısında da məsuldur. Dünyəvi fəlsəfənin dili ilə desək, insan öz hərəkətlərinin nəticəsinə görə cavabdehdir. Bu iki yanaşmanın dili fərqli olsa da, ortaq sual çox vaxt eynidir: “Sən başqasının haqqına nə etdin?”
Bəs vicdanlı insan kimdir?..
Vicdanlı insan heç vaxt səhv etməyən mələk deyil. Əksinə, vicdanlı adam öz səhvini etiraf edə bilən insandır. O, “hamı belə edir” arqumentini bəraət hesab etmir. Çünki çoxluğun etdiyi hərəkət avtomatik olaraq doğruya çevrilmir...
Vicdanlı insanın ən mühüm xüsusiyyətlərindən biri budur: öz mənafeyi ilə həqiqət toqquşanda seçim qarşısında qalır. Əgər insan həqiqəti yalnız özünə sərf edəndə müdafiə edirsə, bu hələ vicdan deyil. Əgər o, öz dostunun, öz partiyasının, öz dövlətinin, öz dini və ya milli qrupunun səhvini də səhv adlandıra bilirsə, burada artıq vicdanın daha ciddi əlaməti görünür...
Vicdanın əsl sınağı düşmənə münasibətdə yox, öz tərəfinə münasibətdə başlayır...
Bəs vicdansız kimdir?..
Vicdansızlığı yalnız oğurluq, yalan və cinayətlə məhdudlaşdırmaq olmaz. Bəzən insan özü heç kimi öldürmür, heç nə oğurlamır, amma başqasının haqqı tapdanarkən susur. Çünki susmağın müqabilində rahatlığı, vəzifəsi, maaşı, biznesi, təhlükəsizliyi qorunur. Deməli, vicdansızlığın bir forması da mənfəət naminə mənəvi korluqdur...
Vicdansız adam üçün əsas sual “Bu doğrudurmu?” yox, “Bu mənə nə verəcək?” olur... Belə insanın həyat fəlsəfəsi tədricən dəyişir:
-əvvəl haqqı pula dəyişir;
-sonra həqiqəti vəzifəyə;
-daha sonra dostluğu mənfəətə;
-nəhayət, insanlığı təhlükəsizliyə...
Və bir gün belə insan hətta öz vicdanını itirdiyini də hiss etmir...
İslamda, yəhudilikdə və xristianlıqda vicdan anlayışı...
Vicdan məsələsi yalnız müasir fəlsəfənin mövzusu deyil. İnsanla onun mənəvi məsuliyyəti arasındakı münasibət minilliklər boyu səmavi dinlərin də əsas mövzularından biri olub... İslam, yəhudilik və xristianlıq müxtəlif tarixi və teoloji inkişaf yollarına malik olsalar da, onların müqəddəs mətnlərində ortaq bir mənəvi xətt aydın görünür:
İnsan yalnız öz qarşısında deyil, başqalarının haqqı qarşısında da məsuldur.
Yəhudilikdə vicdan: haqq, ədalət və məsuliyyət...
Yəhudi dini ənənəsində müasir dillə “vicdan” adlandırdığımız anlayış yalnız insanın daxilindəki hiss kimi deyil, Allah qarşısında mənəvi məsuliyyət, ədalət və doğru davranış öhdəliyi ilə birlikdə düşünülür.
Tövratın ən mühüm mənəvi prinsiplərindən biri “ədalətin ardınca getmək” tələbidir. Qanunun yalnız formal şəkildə tətbiqi deyil, ədalətin özünün qorunması əsas məqsədlərdən biri kimi təqdim olunur. Bu ənənədə xüsusilə zəiflərin — qəribin, yoxsulun, dulun, yetimin və cəmiyyət qarşısında müdafiəsiz olan insanların haqqına münasibət mühüm əxlaqi ölçüdür...
Tövratda yad və qəribə qarşı münasibət məsələsində də insanın öz keçmişini xatırlaması tələb olunur: “Siz də Misir torpağında qərib idiniz” məntiqi ilə başqasının vəziyyətini anlamaq və ona zülm etməmək arasında əlaqə qurulur. Bu, vicdan anlayışının çox mühüm bir tərəfini göstərir:
İnsan yalnız özünün başına gələn haqsızlığı hiss etməklə kifayətlənməməli, başqasının yaşadığı haqsızlığı da öz mənəvi problemi kimi görə bilməlidir. Yəhudi peyğəmbərlik ənənəsində bu fikir daha da kəskinləşir.
İşaya, Amos, Mika, Yeremya və digər peyğəmbərlərin mətnlərində dini mərasimlə sosial ədalət arasında ayrılmaz əlaqə qurulur. Yəni insanın ibadəti onun yoxsula, məzluma, yetimə, dul qadına və hüququ tapdanan insana münasibətindən ayrı düşünülmür. Məsələn, “Mika” kitabında insanın Allah qarşısındakı əsas öhdəlikləri arasında ədalətlə davranmaq, mərhəməti sevmək və təvazökarlıqla yaşamaq göstərilir.
Bu baxımdan yəhudi dini düşüncəsinin mühüm mesajlarından biri belə ifadə oluna bilər:
“Allah qarşısında doğru olmaq insan qarşısında ədalətli olmaqdan ayrı deyil. Burada vicdan sadəcə “içimdə narahatlıq hiss edirəm” səviyyəsində qalmır. O, insanın özünə verdiyi konkret suallara çevrilir:
-Mən başqasının haqqını tapdalayırammı?
-Mən zəifdən istifadə edirəmmi?
-Mən əcnəbiyə və ya yad olana ədalətsiz davranırammı?
-Mən yoxsulun və müdafiəsizin haqqını qoruyurammı?
-Mən dini mərasimləri yerinə yetirməklə yanaşı, həyatımda ədaləti də qoruyurammı?..
Deməli, yəhudi ənənəsində vicdanı yalnız daxili hiss kimi deyil, ədalətə çevrilməli olan mənəvi məsuliyyət kimi də oxumaq mümkündür...
Xristianlıqda vicdan və “yaxınındakı insan”...
Xristianlıq bu mənəvi xətti davam etdirərək insanın Allaha münasibətini digər insanlara münasibətindən ayırmır. İsa Məsihin təlimində “Allahı sevmək”lə “yaxınındakı insanı sevmək” bir-birindən ayrılmaz mənəvi prinsiplər kimi təqdim olunur. Burada “yaxın” anlayışı yalnız ailə üzvü, dost və ya eyni dini mənsubiyyəti olan insan demək deyil. Xristian ənənəsində düşmənə belə münasibət məsələsinin ortaya qoyulması vicdanın ən çətin sınaqlarından birini yaradır... Çünki dostun haqqını qorumaq asandır. Əsl mənəvi sınaq isə sənin sevmədiyin, sənə qarşı olan insanın da insan hüququnu tanımaqdır...
İslamda vicdan, haqq və ədalət...
İslamda da vicdan anlayışı insanın Allah, öz nəfsi və digər insanlar qarşısındakı məsuliyyəti ilə əlaqələndirilir. Qurani baxışda ədalət insanın yalnız öz yaxınlarına münasibətdə deyil, hətta özünün, valideynlərinin və qohumlarının əleyhinə olsa belə, qorunmalı prinsip kimi təqdim olunur. Bu məqam xüsusilə siyasət üçün əhəmiyyətlidir. Çünki insanın ən böyük mənəvi sınaqlarından biri “öz adamının” səhvinə münasibətdir. Öz düşməninin haqsızlığını pisləmək asandır. Amma öz tərəfinin, öz rəhbərinin, öz partiyasının, öz dövlətinin və ya öz dini-milli qrupunun haqsızlığını etiraf etmək daha çətindir. Vicdan isə məhz burada sınağa çəkilir...
Vicdanı Şeytana qalib gəlmiş nəfs də adlandırmaq olar...
Üç səmavi ənənənin ortaq sualı...
Beləliklə, İslam, yəhudilik və xristianlığın çoxsaylı fərqli teoloji və hüquqi xüsusiyyətlərinə baxmayaraq, onların müqəddəs mətnlərində ortaq bir mənəvi sual görmək mümkündür:
-Sən güc əldə edəndə zəifə qarşı necə davranırsan?..
-Sən öz marağınla başqasının haqqı arasında seçim qarşısında qalanda nə edirsən?
-Sən öz tərəfinin səhvini də həqiqət naminə etiraf edə bilirsənmi?
-Sən dini yalnız mərasim kimi yaşayırsan, yoxsa onun ədalət tələbini də qəbul edirsən?..
Bu sualların cavabı insanın yalnız dindarlıq səviyyəsini deyil, vicdan qarşısındakı mövqeyini də ortaya qoyur. Çünki məscidə, sinaqoqa və ya kilsəyə getmək insanın yalnız dini kimliyini göstərə bilər. Amma başqasının haqqı qarşısında davranışı onun mənəvi kimliyini daha aydın göstərir. Buna görə səmavi dinlər baxımından vicdanın ən mühüm ölçülərindən biri belə səslənə bilər:
“İnsan Allah qarşısında necə görünürsə, zülmə məruz qalan insanın qarşısında da elə davranmalıdır... Əks halda dini sözlərlə həyat arasındakı uçurum böyüyür.
Və həmin uçurumda ən çox itən şey də insanın vicdanıdır...
İnsan həyatında və siyasətdə vicdan...
Burada məsələ daha da mürəkkəbləşir. Çünki adi insanın vicdansızlığının zərəri bəzən bir neçə nəfərlə məhdudlaşa bilər. Siyasətçinin, dövlət rəhbərinin, hərbi komandanın və ya böyük iqtisadi gücə sahib, transmilli bir korporasiyanın rəhbəri olan şəxsin qərarı isə milyonlarla insanın taleyinə təsir edə bilər.
Ona görə siyasətdə vicdanı şəxsi əxlaqın əlavəsi kimi deyil, hakimiyyətin məhdudlaşdırılması mexanizmi kimi də düşünmək lazımdır... Qanun “nə etmək olar?” sualına cavab verir. Vicdan isə “nə etmək düzgündür?” sualını verir.
Bunlar həmişə eyni şey deyil.
Qanunun boşluğundan istifadə etmək hüquqi baxımdan mümkün ola bilər, amma vicdan qarşısında yenə də qəbuledilməz qala bilər. Siyasətin ən təhlükəli mərhələsi də buradan başlayır: hakimiyyət sahibi qanunun ona imkan verdiyi hər şeyi mənəvi baxımdan da icazəli hesab etməyə başlayanda...
“Vicdanlı siyasətçi”, “vicdansız siyasətçi” anlayışları varmı?..
Əlbəttə, bunlar hüquqi terminlər deyil. Məhkəmə “vicdansız siyasətçi” hökmü çıxarmır. Bunlar əxlaqi-siyasi kateqoriyalardır. Siyasətçini vicdan baxımından qiymətləndirmək istəyiriksə, konkret davranışlara baxmaq lazımdır:
-verdiyi sözlə əməli arasında fərq varmı?
-hakimiyyət naminə yalanı sistemli vasitəyə çevirirmi?
-öz tərəfdarının səhvini də etiraf edə bilirmi?
-siyasi rəqibin fundamental hüquqlarını tanıyırmı?
-dövlət marağı adı altında fərdi hüquqları tamamilə yox sayırmı?
-xalqın sərvətini şəxsi və ya qrup marağına çevirirmi?
-müharibədə belə, mülki insanların həyatını qorumaq prinsipini qəbul edirmi?
-məğlubiyyəti qəbul etməyi bacarırmı?..
Deməli, “vicdanlı siyasətçi” sözünü şüar kimi deyil, davranışlar toplusu kimi anlamaq daha sağlamdır...
Bəs tarixdə vicdanlılar niyə çox vaxt gücsüz görünüblər?..
İnsanlıq tarixində çox qəribə paradoks var:
Ən böyük texniki nailiyyətləri yaradan insanla ən böyük dağıntıları törədən insan eyni bioloji varlıqdır. Bəşəriyyət həm xəstəxana qurub, həm həbs düşərgəsi... Həm kitabxana yaradıb, həm kitab yandırıb...Həm insan hüquqlarını elan edib, həm milyonlarla insanı hüquqsuz qoyub...
Amma burada bir düzəliş də vacibdir: tarixdəki bütün zorakılıqları “vicdansızlar vicdanlılara qarşı aparılan soyqırımı” kimi adlandırmaq elmi baxımdan həddindən artıq geniş ümumiləşdirmə olar...
Məsələn, beynəlxalq hüquqda soyqırımı konkret qrupları məhv etmək xüsusi niyyətini tələb edir; siyasi repressiya, diktatura, işgəncə, etnik təmizləmə, müharibə cinayətləri və insanlığa qarşı cinayətlər isə ayrıca hüquqi kateqoriyalardır...
Amma mənəvi sual yenə qalır:
Niyə zülm edən tərəf bəzən maddi və təşkilati baxımdan daha güclü olur?
Çünki vicdan insana həmişə dərhal üstünlük vermir.
Vicdanlı adamın əlində bəzən yalnız bir həqiqət olur.
Vicdansız sistemin əlində isə pul, media, silah, inzibati aparat, qorxu və informasiya üstünlüyü ola bilər.
Və məhz buna görə vicdanın ən böyük düşməni bəzən vicdansızlıqdan çox qorxudur...
(Davamı var)
Sultan Laçın