Bizi sosial şəbəkələrdən izləyin:
“Alim Qasımov böyük ustad və sənətkardır. Üzeyir Mehdizadə də Azərbaycanda və ölkəmizdən kənarda ən çox dinlənilən və sevilən müğənnimizdir. Mərkəzi Asiya ölkələrində onu çox sevirlər, fanatları var. Onun növbəsinə dayanırlar ki, şəkil çəkdirsinlər. Üzeyirin özünəməxsus ifa tərzi var. Alim Qasımovun Üzeyir və onun kimi gənclərlə duet ifa etməsi onları bir az da formalaşdırır və milliləşdirir. Burada pis nə var ki? Cavan oğlana dəstək verir, camaat da bunu qəbul edir. Əksinə, Alim onlar üçün bir ölçü vahidi kimidir”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Əbdül Mahmudbəyov deyib.
O daha sonra Üzeyiri bayağı adlandıranlara cavab verib:
“Yarım saatı 10-15 minə toya gedən müğənnilər guya bayağı deyillər?! Təəssüflər olsun ki, sözügedən dueti görməmişəm, yəqin ki, Üzeyir Alimə görə özünə bir az da çəki düzən verib. Üzeyir milli ruhlu, vətənpərvər, abırlı, təvazökar oğlandır. Məncə Alimi tənqid yox, təqdir edib, ona təşəkkür etmək lazımdır. Boş-boşuna danışanlar isə hər zaman olub. Burada həm qısqanclıq, həm də paxıllıq var”.
Xalq artisti daha sonra Alim Qasımov və Fərqanə Qasımovanın ünvanına tənqid dolu ifadələr işlədən Əli Mirəliyevə məsləhət verib:
“Əli Mirəliyev vaxtilə çox məşhur olan “Dan ulduzu” ansamblında oxuyub. İndi oxuya bilmir, danışır. Qoy danışsın da. Nə ziyanı var? Təəssüflər olsun ki, onun Alim Qasımov və Fərqanə xanım haqda dediyi sözləri eşitməmişəm. Çünki son vaxtlar xəstəliyimlə bağlı saytlara baxa bilmirəm. Hərhalda Əli Mirəliyevin heç bir mənəvi haqqı yoxdur ki, Alim və Fərqanə haqda nəsə desin. Alim Qasımov dahi bir müğənnidir. Əli Mirəliyev də vaxtilə müğənni olanda 2-3 mahnı oxuyub. Yaşının da o vaxtı deyil ki, belə işlərlə məşğul olur, kimisə təhqir edir, kiməsə qara yaxır, ağıl öyrədir. Mən Əlini çoxdan tanıyıram, məhlə uşağı olmuşuq. Ona demək istəyirəm ki, bir az tormoza bas, çox zilə çıxma. Fərqanə və Alimin ünvanına dediyi sözlərlə xal qazanmır, əksinə xal itirir. Alim Qasımov elə bir ucalıqdır ki, o yüksəklik heç bir çirkab götürmür”.