Bu fakt sübut edir ki, Azərbaycan dünya siyasətinin inkişaf istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynayır
Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Newsmax” nəşrinə müsahibəsini paylaşıb.Tramp özünün “Truth Social” sosial şəbəkə hesabındakı paylaşımını “Azərbaycanın Hacıyevi Newsmax-a: Tramp sülh qurucusudur, İranla razılaşma mümkündür” başlığı ilə təqdim edib.
Şübhəsiz, Donald Trampın Hikmət Hacıyevlə bağlı məlum paylaşımı Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan dövlətinin, Azərbaycan diplomatiyasının uğuru, onun qüdrətinin təntənəsidir. Bu fakt bir daha sübut edir ki, Azərbaycanın mövqeyi nəinki dünyanın ən böyük dövlətləri tərəfindən nəzərə alınır, həm də bu mövqe həmin dövlətlərin siyasətində mütləq şəkildə öz əksini tapır, bəzi məqamlarda isə təbliğ olunur, nümunə çəkilir. Donald Trampın Hikmət Hacıyevlə bağlı məlum paylaşımı buna nümunədir.
ABŞ Prezidentinin sözügedən paylaşımı, həm də dövlətimizin sülh siyasətinin rəsmi Vaşinqton tərəfindən ciddi şəkildə dəstəkləndiyini, dünyanın böyük dövlətləri tərəfindən aktiv formada müdafiə olunduğunu göstərir.
Nəhayət, Donald Trampın Hikmət Hacıyevlə bağlı paylaşımı Azərbaycanın dünya siyasətinin ümumi inkişaf istiqamətinin müəyyən edilməsində mühüm rol oynadığını sübut edir. Bu fakt onu deməyə əsas verir ki, Azərbaycan beynəlxalq siyasətdə baş verənlərlə bağlı sadəcə mövqe ortaya qoymur, həm də oyun qaydalarının, fəaliyyət istiqamətlərinin müəyyən olunmasında fəal yer alır. Başqa sözlə desək, yeni dünya düzəni, təhlükəsizlik arxitekturası iri dövlətlərlə yanaşı, həm də Azərbaycanın bilavasitə iştirakı ilə həyata keçirilir. Bu isə Prezident İlham Əliyevin nəhəng siyasi dühasının, Azərbaycan diplomatiyasının yorulmaz fəaliyyətinin nəticəsidir.
Əminik ki, hərbi-iqtisadi baxımdan öz gücünü sürətlə artıran Azərbaycan, siyasi-diplomatik müstəvidə də liderliyini uğurla qoruyub saxlayacaq və bundan sonra da dünya dövlətləri üçün siyasi inkişaf yolunda mayak olacaq.
Seymur ƏLİYEV