Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura sonuncu səfəri Ermənistanda revanşist qüvvələrin ciddi aqressiyası ilə qarşılaşıb. Belə ki, revanşist qruplar, eləcə də onların Ermənistan hakimiyyətindəki təmsilçiləri məlum səfəri qınayan bəyanatlarla çıxış edib, öz çıxışlarında qondarma “Artsax” iddiasını yenidən gündəmə gətirməyə başlayıblar. Halbuki, Azərbaycanla Ermənistan arasında de-fakto sülhün təmin olunduğu, de-yure sülhün bərəqrar olması üçün əlverişli zəminin formalaşdığı indiki dönəmdə bu cür əsassız iddiaların ortaya atılması sülhə xəyanətdir. Bu cür yanaşma Ermənistanın gələcəyini, bir dövlət kimi mövcudluğunu da sual altında qoyur.
Revanşist və xəyalpərəstlərin 44+1 dərsindən nəticə çıxarması şərtdir, yoxsa...
Ermənistanda revanşizmin yeni dalğasının baş qaldırması və bu dalğanın hakimiyyətdə təmsil olunan bəzi qüvvələr tərəfindən dəstəklənməsi qarşı tərəfin “44+1” dərslərinin acı nəticəsini unutmağa başladığını, bu dərslərdən lazımi nəticə çıxarmadığını göstərir. Əgər belə olmasaydı, o zaman rəsmi İrəvan Ermənistanda baş qaldıran revanşist meyillərə qarşı sərt və effektiv addımlar atar, ən azından onların hakimiyyətdəki təmsilçilərini tutduqları vəzifədən uzaqlaşdırardı. Lakin bu gün müşahidə edilə reallıq revanşist meyillərin sürətlə yayılması, anti-Azərbaycan əhval-ruhiyyəsinin güclənməsidir. Bu isə Azərbaycanın səyləri nəticəsində regionda formalaşan sülh mühitinin zəiflədilməsinə, qarşıdurma meyillərinin güclənməsinə xidmət edən təhlükəli bir addımdır.
Ermənistanın hücum silahları ilə silahlanması nəyə xidmət edir?
Son bir ildə müşahidə edilən gerçəkliklərdən biri də Ermənistan müasir hərbi texnologiyaya hədsiz maraq göstərməsi, raket və dronlarla silahlanmasıdır. Vaxtiylə əsasən Rusiya hərbi sənayesinin nümunələri ilə silahlanan Ermənistan, 44 günlük Vətən müharibəsindən sonra Fransa, Hindistan və digər ölkələrdən də çoxlu miqdarda silah-sursat almağa başlayıb ki, məlum proses günümüzdə də davam etdirilir. Ermənistanın son günlər 500 km məafəyə qədər uça bilən müasir dronlara maraq göstərməsi də bu prosesin tərkib hissəsidir.
Bundan başqa, Ermənistan ABŞ, Yunanıstan, Fransa və digər dövlətlərin dəstəyi ilə ordusunu yenidən formalaşdırmağa çalışıb. Bu məqsədlə zaman-zaman Ermənistana xarici ölkələrdən çoxsaylı təlimçilər cəlb olunub, müasir ordu modelinə keçidlə bağlı aktiv müzakirələr aparılıb.
Ermənistanın sürətlə silahlanması isə bir sıra sualları aktuallaşdırır. Hər zaman sülhdən danışan və yeni bir qarşıdurma ehtimalını qətiyyətlə rədd edən Ermənistan bunca silah və texnika ehtiyatını nə üçün yaradır? Niyə Ermənistan onsuz da məhdud olan büdcə vəsaitlərini xalqın sosial durumunun yaxşılaşdırılması, iqtisadiyyatın inkişafına deyil, hərbi arsenalın genişləndirilməsinə sərf edir?
Bu və bu kimi ritorik sulların onsuz da məlum olan cavabı onu deməyə əsas verir ki, Ermənistan yeni bir avantüra ərəfəsindədir və əgər rəsmi İrəvan bu prosesin önünə keçməsə, o zaman Ermənistan 44 günlük Vətən müharibəsindən daha ağır, daha sarsıdıcı məğlubiyyətlə üzləşəcək.
“Şahramanyan oyunu”, yaxud heç vaxt doğulmayan birisinin nə vaxtsa ölməsi mümkündürmü?
Ermənistanda revanşist meyillərin güclənməsi “Artsax” nağıllarının artması ilə paralel müşahidə edilməkdədir. İşin həm maraqlı, həm də gülünc tərəfi ondan ibarətdir ki, bəzi erməni analitiklər vaxtiylə Azərbaycan torpaqlarında “Artsax” adı ilə yaradılan qondarma rejimi yenidən bərpa etmək üçün hansısa hüquqi-siyasi əsaslar tapmağa çalışır, bunun üçün qeyri-legitim üsul və vasitələrə müraciət edirlər. Son günlər Ermənistan cəmiyyətində müzakirəyə çıxarılan, vaxtiylə özünü qondarma “Artsax Respublikasının prezidenti” adlandıra Samvel Şahramanyanın 2023-cü ilin 28 sentyabr tarixində imzaladığı “sənəd” də bu qəbildən olan nümunələrdəndir.
Həmin “sənəddə” Şahramanyan “Artsax Respublikası”ndakı bütün “dövlət qurumlarının” 2024-cü il yanvarın 1-dək buraxılması və “Dağlıq Qarabağ Respublikası (Artsax)” adlandırılan qurumun mövcudluğuna son qoyması nəzərdə tutulur. Bu gün məlum “sənədə” istinad edən bəzi revanşistlər Şahramanyanın bu “sənədi” “təzyiq altında”, “məcburiyyət qarşsııdna” imzaladığını bildirir və bu səbəbdən də həmin sənədin etibarsız olduğunu vurğulayırlar. Halbuki, etibarsız olan yalnız “həmin” sənəd deyil. Etibarsız olan bütövlükdə “Artsax Respublikası” idi ki, onun respublika deyil, oyuncaq qurum olduğu hər kəsə məlum idi. Məhz bunun nəticəsidir ki, sözügedən “respublika” dünya dövlətləri, eləcə də Ermənistanın özü tərəfindən hüquqi baxımdan tanınmadı. Bu baxımdan, heç vaxt mövcud olmayan bir dövlətin kənar hərbi təzyiq nəticəsində devrildiyini iddia etmək məntiqi anormallıqdan başqa bir şey deyil. Bu, heç vaxt doğulmayan birisinin nə vaxtsa ölməsini iddia etmək qədər gülünc və mənasızdır.
Ermənistan Azərbaycanın regionda formalaşdırdığı yeni status-kvonu düzgün qiymətləndirməli, sülh və tərəqqi imkanlarını yeni qarşıdurma meyillərinə qurban verməməlidir. Əks təqdirdə Ermənistan Bakının ona uzatdığı xilas ipindən özü üçün intihar kəndiri hörmüş olacaq ki, bu da Ermənistan üçün növbəti fəlakət deməkdir.
Seymur ƏLİYEV