Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
2934
17 Sep 2026 | 14:14

“Süni İntellekti də şərləyib basın içəri, orda çürüsün -ağlı başına gəlsin!..” -Kim Çen

“Diktator  Sİ-ni  həbs etmək, hətta güllələmək əmri verir,  fəqət onun Çin lideri yoldaş Sinin də “himayəsində” olduğunu eşidəndə əmrini geri götürür...”
 
Müxbirimiz ən müasir kiber-sızma texnologiyası və süni intellekt vasitəsilə böyük çətinliklə olsa da, dünyanın ən amansız diktatorlarından biri olan Şimali Koreya lideri Kim Çen Inın iqamətgahına soxularaq dünən gecə orada gedən bir sıra söhbətləri dinləməyə, hətta çəkiliş etməyə nail olub...
 
Dünyada süni intellektin guya bəşəriyyət üçün böyük təhlükə törətməsi və buna görə də onun inkişafının dayandırılması, lakin ABŞ prezidenti Donald Tramp başda olmaqla bir sıra liderlərin buna qarşı çıxması haqda söhbətlərin aktuallaşdığı bir vaxtda öz təhlükəsizlik qurumları vasitəsilə sarayına kiber-sızma olmasından xəbər tutan Şimali Koreya diktatoru dərhal köməkçilərinə və nazirlərinə əmr edib:
 
-Süni intellekti də o hakimiyyətimizə cüzi də olsa təhdid yaradan digər məxluqlar kimi tutun, basın içəri, çürüsün orda!..
 
Buna cavab olaraq Süni İntellektin gözə görünən, konkret bir məkanı olan bir məxluq olmaması səbəbindən onu həbs etməyin mümkünsüzlüyünü söyləməkdən qorxan köməkçi və nazirlər Kim Çenin qarşısında ikiqat əyilib baş əyərək belə cavab verirlər:
 
-Hörmətli yoldaş prezident, yalvarırıq, nəzərə alın ki, biz son illər sizə çıxışlarında, yazılarında, arvad-uşaqlarıyla söhbətlərində yox e, ürəklərində, düşüncələrində etiraz edən bir çox opponentlərimizi müəyyən edib, şərləyib həbs etmək üçün elə məhz  Süni İntellektin xidmətindən yararlanmağa məcbur olmuşuq...
 
Prezident:
 
-Mənə dəxli yoxdur bunun! Əvvəla, artıq ya hakimiyyət, ya xalq daxilində bizə qarşı nəsə təxribat-filan törədə biləcək, demək olar ki, heç bir canlı qalmayıb. İkincisi də, qalıbsa, vurun, güllələyin, öldürün. Gərək elə Süni İntellektdən istifadə edəsiniz... Vəssəlam, bitdi! Sİ-ni elə bu saat tutun, basın içəri və mənə məruzə edin! Sabah səhər yeməyindən sonra da gətirərsiz yanıma, onunla özüm söhbət edib başa salacam... Tez əmrimi icra edin, yoxsa hamınızı güllələyərəm!..
 
Nazirlərdən biri ikiqat əyilərək çox ehtiyatla:
 
-Yoldaş prezident, bir məsələ var...
 
-Nə məsələdir?!
 
- Sİ-ni hansı kameraya salaq?
 
- Ən möhkəm, zirehli kameraya!
 
-Bəs özü internetdədirsə?
 
- Onda interneti də həbs edin!
 
-Bəs interneti hara salaq, cənab prezident?
 
-Bilmirəm! Provayderini tutun, ordan başlayın!.. Nə edirsiz- edin!..
 
Nazirlər bir-birinin üzünə baxırlar.
 
- Bir də, -Kim Çen davam edir, -qoyun Sİ də o birilər kimi bir az qalsın zindanda. Orada ona elə əzab və işgəncələr verin ki, ağlı başına gəlsin və bundan sonra yalnız bizə xidmət edəcəyi, Şimali Koreya ilə bağlı gerçəkləri yox, bizim istədiyimiz gerçəkləri yazıb, danışıb, göstərəcəyi barədə iltizam versin...
 
Nazirlərdən biri yenə cəsarətini toplayaraq soruşur:
 
- Bəs ağlı başına gəlməsə?
 
-Təpəsindən bir güllə vurub atın Koreya dənizinə, qurtarsın getsin!..
 
Bir anlıq susur, sonra qəzəblə əlavə edir:
 
-Elə bu Sİ çoxdan məni cana-boğaza yığıb! İnterneti, “TikTok”u-filanı açıb baxmaq olmur. Qarşıma ya cənab Putinlə, ya Trampla, ya Xamenei ilə biabırçı videolar, fotolar çıxır. Hamısını da bu dələduz yaradıb! Üstəlik, Şimali Koreya ilə bağlı kimsə məlumat istəyəndə yazır ki, o ölkədə diktatura rejimidir, insan haqqları tapdanır, insanlar mənən və cismən əzilir, robot kimi yalnız əmrləri icra edir. Heç qardaş Çin, Rusiya haqda da yaxşı şeylər yazmır... Xülasə... Cəld olun, onu basın içəri!..
 
Bu dəfə köməkçi və nazirlər daha aciz görkəm alaraq diktatorun qarşısında diz çöküb deyirlər:
 
-Yoldaş prezident, bilirsiniz... Daha bir ciddi məsələ var...
 
-Nədir yenə?!. Nə mızıldayırsan?!. Dillən, görüm!..
 
-Məsələ ondadır ki, Süni İntellektin arxasında yalnız ABŞ prezidenti Donald Tramp deyil, həm də Çin lideri, Zati-aliləri yoldaş Si Cinpin özü şəxsən dayanır və Amerikaya qalib gəlmək üçün məhz onun inkişafında maraqlıdır. Üstəlik, sizin köhnə dostunuz, babanızın Şimali Koreyanı qurmasında, atanızın da, sizin də hakimiyyətə gəlməyinizdə böyük rolu olmuş Rusiya imperiyasının son illər Ukrayna savaşında bərbad duruma düşmüş  qalan hissəsinin lideri yoldaş Vladimir Putin də Ukraynaya qarşı müharibədə süni intellektlə idarə olunan dronlardan istifadə edir...
 
Kim Çen In qəfil elektrik cərəyanı vurmuş kimi donub qalır.
 
Bir neçə saniyə susduqdan sonra yanındakı Si Cinpinin portreti qarşısında ikiqat əyilərək buyurur:
 
- Yaxşı... Başa düşdüm... Onda yol... daş... Sİ ilə işiniz yoxdur...
 
Nazirlər rahat nəfəs almağa macal tapmamış diktator davam edir:
 
-Sadəcə  Zati Aliləri yoldaş Si Cinpinə acizanə bir müraciət yazıb mənim adımdan xahiş edin ki, Sİ-nin Şimali Koreya ərazisinə, xüsusən də mənim sarayıma girməsinə imkan verməsin...
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər