Xəbər verdiyimiz kimi, Çin Xalq Respublikasının (ÇXR) İctimai Təhlükəsizlik Nazirliyinin dəvəti ilə Azərbaycan Respublikası (AR) Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ÇXR-in Ciansu əyalətinin Lianyunqan şəhərinə səfər edib. Səfər əsnasında DTX rəhbəri V Qlobal İctimai Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda iştirak edib, Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, ictimai təhlükəsizlik naziri Van Syaoxunla görüşüb.
Moderator.az-a açıqlamasında DTX rəisi Əli Nağıyevin Çinə səfərinə toxunan siyasi şərhçiTofiq Abbasov, bu səfərin iki dövlət arasında təhlükəsizliklə bağlı əlaqələrin inkişafı baxımındna mühüm önəm kəsb etdiyini bildirib:
"Bu bir reallıqdır ki, təhlükəsizlik məsələlərində bütün ölkələrin təhlükəsizlik qurumları bir-birləri ilə əlaqələr qurmağa, təmasları genişləndirməyə, məlumat mübadiləsini artırmağa çalışır. Çünki müasir dünyamızda buna çox böyük ehtiyac var.
Məsələ bundadır ki, təhlükəsizlikdə dəqiq sərhədlər yoxdur. Ona görə də məlumatlılığın yüksək olması mümkün təhdid və təhlükələrin qarşısının vaxtında alınması baxımından vacibdir. Hər hansı bir təhlükə ortaya çıxarsa tərəflər bir-bbirlərini operativ şəkildə məlumatlandırmalı, lazım gələrsə problemin qarşısını almaq üçün birgə tədbirlər görməlidirlər. Bu baxımdan Azərbaycan bölgə dövlətləri, beynəlxalq təşkilatlar, bir sıra dünya dövlətləri ilə uğurlu əməkdaşlıq ortaya qoyur. Narkotiklərin qanunsuz dövriyyəsi, kiber təhlükəsizlik və süni intellekt vasitəsilə həyata keçirilən cinayətlər bu sahədə əməkdaşlığı daha da zəruri edir. Bəzi dağıdıcı qüvvələr çalışır ki, onlar milli sərhədləri aşsınlar, insan alverindən tutmuş narkotik satışına qədər bir çox cinayətləri heç bir maneə olmadan həyata keçirsinlər. Bu isə bütün bəşəriyyət üçün ciddi təhlükə deməkdir.
ÇXR ilə ölkəmiz arasında çox gözəl əlaqələr mövcuddur. Çin Azərbaycanın gördüyü işlərin dəyərini düzgün verir. Eyni zamanda, Azərbaycanla münasibətlərin qorunmasına xüsusi diqqət yetirir. Azərbaycan-Çin münasibətləri qarşılıqlı etimad və hörmət üzərində qurulub. Hər iki tərəf gələcək təhdidlərə qarşı birgə mübarizə aparmaqda qərarlıdır. Bu mənada, DTX rəisi general-polkovnik Əli Nağıyevin Çinə səfərinin bu münasibələrin inkişafına, eləcə də, təhlükəsizlik məsələsində beynəlxalq həmrəyliyin təmininə töhfə verəcəyi şübhəsizdir”.
Seymur ƏLİYEV